Kərbəla Ələmdarı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-10-2015, 21:25 | Şərh sayı: (0) | Baxılıb: 655
Kərbəla Ələmdarı
Bağışlayan və Mehriban Allahın adı ilə. "Qəməri Bəni-Haşim" ləqəbi ilə tanınmış Həzrət Əbülfəzl ibn Əli (ə) hicrətin 26-cı ili, şəban ayının 4-də dünyaya gəlmişdir. İslam aləmində Həzrət Əbülfəzl (ə) QəməriBəni-Haşim (yəni Haşim Nəslinin Ayı) ləqəbi ilə tanınmışdır. Atası, Allahın hüccəti Həzrət Əli (ə), anası isə öz şücaətləri ilə ad qazanmış "Kilab" qəbiləsindən olan Ümmül-bənidir. Xanım Fatimə (ə) dünyasını dəyişdikdən sonra Həzrət Əli (ə) qardaşı Əqilə demişdi ki, onun üçün qeyrətli və şücaətli övlad dünyaya gətirə biləcək bir həyat yoldaşı seçsin və buna görə bütün tayfalarla maraqlansın. Əqil bütün tayfaların əsl-nəcabətini yaxşı bildiyi üçün məhz Ümmül-bənini həzrət Əliyə (ə) tövsiyə etdi. Həzrət Əlidən (ə) tərbiyə alan Həzrət Əbülfəzl bütün insani dəyərləri və əxlaqi xüsusiyyətləri özündə təcəssüm etdirən bir şəxs olmuşdur. Öz şücaəti, qəhrəmanlığı ilə tarixə silinməz və əvəz olunmaz izlər salmışdır.İmam Cəfər Sadiq (ə) belə buyurur: "Bizim əmimiz Həzrət Əbülfəzlin (ə) dolğun təfəkkürü, geniş baxışı və güclü imanı var idi. O (ə), İmam Hüseynlə (ə) birgə zalım Yezidə qarşı sonadək mübarizə apardı. O Həzrətin (ə) yolunda canını fəda edərək şəhid oldu."İmam Səccad (ə) o həzrətin (ə) barəsində belə buyurur: "Həzrət Əbbas (ə) təlim görməmiş alimdir. Çünki o, İlahi elmin mənbəyi, Həzrət Peyğəmbərin (s) varisi və vəlisi Həzrət Əlinin (ə), həmçinin behişt cavanlarının ağaları olan Həsən (ə) və Hüseynin (ə) elmindən istifadə etmişdir." O Həzrətin (ə) şücaəti və qəhrəmanlığı barəsində tarixçi Xarəzmi belə nəql edir: "Siffeyn müharibəsində Əbbasın göstərdiyi misilsiz şücaəti və yüksək qılınc oynatmaq qabiliyyəti hamını valeh etmişdi. Müaviyə suyu Həzrət Əlinin (ə) ordusunun üzünə bağladıqdan sonra Əbülfəzl (ə) meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu zaman Müaviyə Əbu Şəsanı çağırıb dedi ki, sən Şamın ən cəngavərisən, başqalarına ibrət olsun deyə bunu öldür. Lakin o, özü getməyib oğlunu göndərdi. Əbülfəzl (ə) ardıcıl olaraq onun yeddi oğlunun hər birini öldürdü. Bunu görən əbu Şəsa qəzəbli şəkildə meydana daxil oldu. Həzrət Əbülfəzl (ə) onu da məğlub edərək cəsədini yerə sərdi. " Xarəzminin nəql etdiyinə əsasən bundan sonra Müaviyənin qoşunundakılardan onunla vuruşmağa heç kim cəsarət etmədi. Həzrət Əbülfəzin (ə) məqam və fəzilətini bilmək üçün sadəcə bir məsələni qeyd etmək kifayətdir. Belə ki, məsum şəxsə yalnız məsum olan bir şəxs qüsl verib namaz qıla bilər. Həzrət Muhəmmədə (s) Həzrət Əli (ə) qüsl verərkən ona Fəzl ibn Əbbas və ibn Əbdülmüttəlib su tökərək kömək edirdilər. Lakin onlar parça ilə gözlərini bağlayaraq bunu etmişlər ki, Peyğəmbərin (s) mübarək bədənini görməsinlər. Çünki qeyri-məsum şəxslər məsum şəxsin tam örtünməmiş bədəninə baxdıqları üçün kor olacaqları ehtimalı vardır. Amma İmam Hüseyn (ə) İmam Həsənə (ə) qüsl verərkən Həzrət Əbülfəzl (ə) gözü açıq iştirak etmişdir. Həzrət Əbülfəzl (ə) ömrünü qardaşı İmam Hüseynin (ə) yanında keçirmiş və daim ona sadiq qalaraq atasına verdiyi vədə əməl etmişdir. Kərbəla şəhidləri arasında öz yüksək məqamı ilə ad qazanan Həzrət Əbülfəzl (ə) ömrünün sonuna qədər zalımlara qarşı mübarizədən çəkinmədiyi halda Allahın hüccətini qəhrəmancasına müdafiə edərkən və Əhli Beyt (ə) xanədanına su gətirərkən Fərat sahilində şəhadətə yetişdi. Hələ Tasua gecəsi qarşı tərəfdən gələn "amannamə"yə yox cavabı verən Həzrət Əbbas (ə) bir daha öz vəfalılığını göstərmişdi. İmam Səccad (ə) Həzrət Əbülfəzlin məqamının şəhid məqamından üstün olduğu barədə belə buyurur: "Allah Təala əmim Əbbasa (ə) rəhmət eləsin. O, həqiqətən canından keçib özünü qardaşına fəda etdi, Allah-Təala ona kəsilmiş qollarının əvəzində cənnətə uçaraq daxil olsun deyə əmisi Cəfər Təyyar kimi iki qanad vermişdir. Onun Allah Təala yanında elə bir məqamı var ki, Qiyamət günü bütün şəhidlər ona qibtə edər və onun məqamına təmənna bəsləyərlər." İmam Sadiq (ə) Həzrət Əbülfəzl (ə) haqqında belə buyurur: "İlahi haramları sənin haqqında halal bilən və səni öldürməklə islamın hörmətini tapdalayanlara Allah lənət eləsin." Əbülfəzlin (ə) Kərbəladakı qəhrəmanlığı barəsində Təbəri belə yazır: "Məhərrəm ayının 7-də İmam Hüseyn (ə) ordusunu mühasirəyə alaraq suyu onların üzünə bağladılar. Əbülfəzl (ə) su gətirmək üçün İmam Hüseyndən (ə) icazə alaraq 30 atlı, 20 piyada və 20 su tuluğu ilə Fərat çayına tərəf yollandı. Çaya yetişdikdə suyun qarşısını kəsən düşmən qoşunu ilə rastlaşdılar. Bir dəstə onlarla vuruşduğu halda digər dəstə tuluqları su ilə doldurub oranı tərk etdilər. Döyüşçülər arasında öz şücaəti ilə Həzrət Əbbas (ə) düşmənin gözünü elə qorxutmuşdu ki, heç kim ona yaxınlaşıb döyüşmək istəmirdi." Aşura gecəsi İmam Hüseyn (ə) öz xeyməgahında ibadətlə məşğul olarkən Həzrət Əbülfəzl (ə) onu mühafizə etmiş və daim Əhli Beytin (ə) xidmətində durmuşdur. Həmin gecə Həzrət Əbülfəzl (ə) qardaşlarına xitab edərək buyurdu: "Bu gün elə bir gündür ki, gərək behişti satın alaq və canımızı İmam Hüseynə (ə) fəda edək. Bunu onun qardaşları olduğumuz üçün etmirik, yalnız və yalnız ona görə edirik ki, İmam Hüseyn (ə) Allahın yer üzündəki hüccətidir." Əbbasın(ə) sözlərini eşidən İmam Hüseyn (ə) buyurdu: "Ey qardaş, aləmlərin Pərvərdigarı sənə əcr versin. Aşura günü haqqın bayraqdarı olan Əbülfəzl (ə) İmamın göstərişi ilə meydana gedən son şəxs oldu. Bütün səhabələr meydana getmək üçün İmam Hüseyndən (ə) icazə alaraq növbə ilə meydana getdiyi halda Həzrət Əbülfəzl (ə) İmam Hüseynin (ə) əmrini gözləyirdi.Sonda o, İmam Hüseyndən (ə) izn alaraq su gətirmək üçün Fərata yollandı. Zalımlarla üzləşən Həzrət Əbülfəzl (ə) ilk növbədə onları haqqa tərəf səslədi, lakin onlar buna etina etməyərək öz zülmlərindən əl çəkmədilər. Həzrət Əbülfəzl (ə) tuluğu su ilə doldurub qayıdarkən Onun (ə) sağ əlini kəsdilər. Bir müddət sol əli ilə vuruşduqdan sonra Həzrətin (ə) sol əlini də kəsdilər. Ancaq Kərbəla ələmdarı bayrağın yerə düşməsinə imkan vermədi və onu sinəsinə sıxaraq saxladı. Hər tərəfdən o Həzrəti (ə) ox və nizə ilə yaraladılar. Həzrət (ə) fəryad edərək buyurdu: "Məndən sənə salam olsun ey əba Əbdullah." Bunu eşidən İmam Hüseyn (ə) onun yanına gəldi və Həzrətin (ə) mübarək başını qucaqlayaraq buyurdu: "İndi belim sındı, çarəm azaldı və düşmənin dili açıldı."
Həzrət Əbülfəzl (ə) Kərbəlada İmam Hüseynin (ə) hərəminin yaxınlığında dəfn olunub.
Əhli-beyt aşiqlərinin hər biri üçün gün kimi aydın həqiqətlərdən biri də budur ki, o Həzrəti vasitə bilib sidq ürəklə Allah Təaladan istənilən hacətlər tezliklə qəbul olur. Elə bu səbəbə görə o Həzrəti (ə) "Hacətlər qapısı" da adlandırırlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər