Qarabağ məsələsinin düyünə düşməsinin birinci SƏBƏBİ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-04-2016, 19:31 | Şərh sayı: (0) | Baxılıb: 253
Qarabağ məsələsinin düyünə düşməsinin birinci SƏBƏBİ
Dünyanın ən böyük beynəlxalq təşkilatı sayılan BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 qətnaməsi 20 ildən artıqdır ki, reallaşmamış qalır. Bu, əlbəttə ki, təşkilatın gücsüzlüyünü göstərməklə yanaşı, onun böhran içində olması, bir neçə superdövlətin iradəsindən asılı vəziyyətə düşməsindən xəbər verir.
Ixlas.Az musavat.com-a istinadən bildirir ki, ancaq illərdir Türkiyə, Almaniya, Yaponiya kimi böyük dövlətlər BMT-nin işini yenidən qurmaq, strukturunu dəyişib onu daha işlək hala gətirmək üçün konkret təkliflər versələr də, bu təkliflər havadan asılı qalır - çünki həmin o supergüclər status-kvonun dəyişməsinə maraq göstərmir.
Bu üzdən də dünyada münaqişə ocaqları azalmaq əvəzinə artmaqdadır. Onlardan biri də üçüncü on illikdir tüstülənən Dağlıq Qarabağ konfliktidir. Ümid eləmək olardı ki, iki gün sonra Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci qlobal forumunda baş katib Pan Gi Munun iştirakı, heç olmasa, Qarabağ məsələsinin həllinə stimul verəcək. Əfsus ki, son anda baş katibin Azərbaycan səfərinin təxirə düşdüyü bəlli olub. Bəs səbəb?
"BMT baş katibi Qarabağ münaqişəsinə dair suallardan çəkindiyi üçün Bakı və İrəvan səfərlərindən imtina edib". Bu barədə politoloq Elxan Şahinoğlu Pan Gi Munun aprelin sonunda Cənubi Qafqaz regionuna - Azərbaycana, Gürcüstana və Ermənistana planlaşdırılan səfəri təxirə salmasına münasibət bildirərkən qeyd edib.
"Səfərin təxirə salınmasını baş katibin hansısa "təcili səbəblər"lə əlaqələndiriblər. Məncə, bu bəhanədir. BMT baş katibinin Bakıda Sivilizasiyalar Alyansının 7-ci qlobal forumunda iştirakı ötən ildən planlaşdırılmışdı. Məncə, "təcili səbəb" cəbhə bölgəsində 2-6 aprel döyüşləri ilə bağlıdır. Görünür, BMT baş katibi Bakıda ona verilə biləcək suallara cavab verməyə hazır deyil. Məsələn, o, "BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 23 il əvvəl qəbul olunan 4 qətnaməsi niyə yerinə yetirilmir?" sualına cavabında nə deyə bilər ki? Ona görə də böyük ehtimalla BMT baş katibinin Bakıdakı forum iştirakçılarına videomüraciəti yayımlanacaq".
Politoloqa görə, Pan Gi Munun Bakıya səfərinin təxirə salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində bu təşkilatdan real addımlar gözləməyə dəyməz. "Ancaq elə BMT-nin 4 qətnaməsi işğala son qoymaq üçün bizə geniş fəaliyyət imkanı verir", - ekspert əlavə edib.
Xatırladaq ki, Pan Gi Mun ötən ilin noyabrında Antalyada keçirilən "Böyük 20-lər"in sammitindəki çıxışı zamanı da yaxın bölgədəki Qarabağ konflikti barədə heç bir söz söyləməmişdi. Aprelin 2-5-dəki mini-müharibə zamanı isə ümumi sözlərlə, münaqişə tərəflərinə şablon müraciətlə kifayətlənmiş, Qarabağa dair məlum qətnamələri yada belə salmamışdı. Qəribədir, "20-lər"in sammitinə qatılan baş katib rəhbərlik elədiyi təşkilatın ali tədbirinə laqeyd qalır.
Doğrudur, BMT baş katibinin dünyadakı münaqişələrin yoluna qoyulmasında imkan və potensialı böyük deyil. Ancaq o, ən azından, formalizm və dünya düzəninin qorunması naminə beynəlxalq hüququn müdafiəsinə yönəlik quru bəyanatlar verib ədalətli mövqe sərgiləyə bilərdi. Bunu da etmirsə, deməli, o da ikili standart siyasətinin əsirinə çevrilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər