Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün tələb olunan beş prinsipial məqam |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-04-2016, 18:16 | Şərh sayı: (0) | Baxılıb: 246
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün tələb olunan beş prinsipial məqam
Ixlas.Az worldmedia.az-a istinadən müəllif İrina Xalturinanın Russia Direct (ABŞ) nəşrində dərc olunmuş "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün tələb olunan beş prinsipial məqam" adlı məqaləni təqdim edir.
Ermənistanla Azərbaycan arasında münaqişənin yaranmasına səbəb olmuş Dağlıq Qarabağda bu yaxınlarda baş vermiş dördgünlük toqquşmalar Bakı ilə Yerevan arasında atəşkəsin imzalandığı 1994-cü ildən bəri ən irimiqyaslı qarşıdurma idi. Toqquşmalar açıq-aydın göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş" hesab oluna bilməz.
Bölgədəki qanlı döyüşlərdən xeyli əvvəl Azərbaycan münaqişənin həlli üçün yaradılmış və ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət olan ATƏT-in Minsk qrupunun səmərəliliyini şübhə altına almışdı. Hərbi əməliyyatların bərpası isə dünya birliyi üçün soyuq duş effekti yaratdı və sülh danışıqlarının sürətləndirilməsinə təkan verdi.
Lakin Azərbaycanla gələcək dialoqun nəticə verməsi üçün Ermənistan beş prinsipial məqamı başa düşməlidir.
#1: Azərbaycan kompromis axtarışı ilə yanaşı, hərbi vasitələrdən istifadəyə də hazırdır
Aprelin 2-də qoşunların təmas xətti boyu yaşayış məntəqələri intensiv atəşə məruz qaldı. Yerevan bunda Bakını günahlandırdı. Vasitəçilər və üçüncü ölkələr isə münaqişə tərəflərinin gərginliyin artmasında bir birini ittiham etdiklərini vurğulayaraq, neytrallığı qorumağa çalışdı. Onlar çalışırdılar ki, ermənilərin Azərbaycan ərazilərini işğal etdiyini, demək Azərbaycanın hərbi əməliyyatları öz ərazisində keçirdiyini dilə gətirməsinlər.
Amma hətta aprelin 2-də ilk atəşin kimin tərəfindən açılmasından asılı olmayaraq, Azərbaycan həmişə göstərib ki, münaqişənin sülh yolu ilə həlli üçün kompromis qərarların axtarışına hazırdır. Lakin Bakı həm də səbrinin tükənməz olmadığını, işğal edilmiş torpaqlarını qaytarmaq üçün istənilən an güc tətbiq edə biləcəyini də gizlətməyib. İndi Azərbaycanda vətənpərvər ruhun dirçəlişi Bakının qətiyyətini bir qədər də artırıb.
#2: Ərazi bütövlüyü prinsipi öz müqəddəratını təyinetmə hüququndan üstündür
Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən biri qaçqınlardır: bir milyona yaxın qaçqın və məcburi köçkün öz evinə (etnik erməni qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlara - R.D.) qayıda bilmir. Bundan başqa Azərbaycanın bütün vətəndaşları ölkəsinin ərazi bütövlüyünün bərpasını istəyir. Əgər beynəlxalq hüquq bu problemi həll edə, onların istəyini nəzərə ala bilmirsə, bu, o demək deyil ki, vasitəçilər bu insanların taleyini və çəkdikləri əzabı unutmalıdır. Bu, diplomat və siyasətçilərin ciddi yanaşmalı olduğu böyük bir problemdir. Lakin bu problem Yerevanı qəribə bəyanatlar verməyə sövq edir.
Ermənistan "Dağlıq Qarabağ Respublikası" adlandırılan qurumun tanınmamış olduğunu qəbul etməli və onu danışıqlar prosesinə cəlb etməyə səbəb axtarmamalıdır. Hər halda, dünya Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Ermənistan arasında gedən münaqişə kimi qəbul edir. Yəni ermənilərin artıq öz milli dövlətləri mövcuddur. Bu səbəbdən, öz müqəddaratını təyinetmə hüququ ərazi bütövlüyü prinsipinə zidd olmamalı, onu arxa plana atmamalıdır. Ən azından, Qarabağ münaqişəsinin həllində bu, belə olmalıdır.
#3: Ermənistan Rusiya da daxil olmaqla, müttəfiqlərinin yalnız məhdud dəstəyinə ümid edə bilər
Dağlıq Qarabağda vəziyyətin gərginləşdiyi bu günlərdə Yerevan bir şeyi anlamağa başladı: onun müttəfiqləri Bakı ilə qarşıdurmada Ermənistanın ümid etdiyi qədər dərinə getməyə hazır deyillər. Xüsusən də ona görə ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində davranır. Azərbaycan Ermənistana hücum etməyib, əksinə, Ermənistan ordusu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə girib.
Maraqlıdır ki, Ermənistanın müttəfiqi olan Belarus da bu münaqişənin beynəlxalq norma və prinsiplər əsasında, ilk növbədə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri, həmçinin BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş Azərabycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri və ATƏT-in müvafiq qərarları əsasında həllini tapmalı olduğunu bəyan edib.
Belarusun bu mövqeyinə görə bu ölkənin Ermənistandakı səfiri İqor Nazaruk Ermənistan XİN-ə də çağırılıb. Görəsən, Yerevan məsələyə niyə bu cür reaksiya verir?
Bununla yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvü - Qazaxıstan da neytral mövqe nümayiş etdirib. Üstəlik, Astananın təşəbbüsü ilə Avrasiya İqtisadi İttifaqının aprelin 8-də Yerevanda keçirilməli olan toplantısının yeri Moskvaya dəyişdirilib. Nəticədə Rusiyanın baş naziri Dmitri Medvedev əvvəlcə Ermənistana, oradan isə aprelin 8-də Bakıya səfər edib. Onu bu səfərdə baş nazirin müavini Dmitri Roqozin müşayiət edib. Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda olmuşdu. Bu, onu göstərir ki, müttəfiqləri tərəfindən Yerevana göstərilən dəstək çox məhduddur.
Baş verənlərin fonunda Ermənistanın Rusiyadan Azərbaycana silah satışınını dayandırmasını tələb etməsi çox şübhəli görünür. Silah satışı bir biznes sahəsidir və Rusiya bir etibarlı tərəfdaş olaraq, imzaladığı müqavilələrə əməl etməlidir. Rusiyanın Azərbaycanla bağladığı dəyəri milyonlarla ölçülən müqavilələrdən imtina etməsinə heç bir səbəb yoxdur. Məhz buna görə həm Medvedev, həm də Roqozin açıq şəkildə bəyan etdilər ki, Rusiya Azərbaycana (elə Ermənistana da) müasir silahların təchizatını davam etdirəcək. Hər halda, Rusiya bunu dayandırsa, onun yerini ABŞ da tuta bilər.
#4: Moskva Bakını özünün bölgədəki strateji tərəfdaşı sayır
Moskva özünün müttəfiqi və strateji tərəfdaşı olan Azərbaycanla münasibətlərin pisləşməsində maraqlı deyil. Əksinə, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən dərhal sonra keçirilən Rusiya, İran və Azərbaycan xarici işlər nazirlərinin 7 aprel görüşü göstərib ki, Moskva Bakı ilə strateji əlaqələrini möhkəmləndirməyə çalışır. Nazirlər Sankt-Peterburqdan Mumbaiyə qədər uzanacaq beynəlxalq "Şimal-Cənub" nəqliyyat dəhlizini müzakirə ediblər. Azərbaycandan keçməklə Rusiya və İranı birləşdirəcək dəmir yolu bu layihənin vacib hissəsidir. Layihə Rusiyanın qarşısında bir sıra geosiyasi və iqtisadi perspektivlər açır.
Lakin Kremlin Bakı ilə münasibətlərin yaxşı olmasında marağı yalnız logistik və iqtisadi faydalardan irəli gəlmir. Bu, həm də milli təhlükəsizlik baxımından əlverişlidir. Axı Azərbaycan Avropa, Yaxın Şərq və Mərkəzi Aiyanın kəsişməsində yerləşir.
#5: Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinin arxasında Türkiyə dayanmır
Yerevanın nəzərə almalı olduğu beşinci məqam ondan ibarətdir ki, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinin arxasında Türkiyə dayanmır. Əlbəttə, Ermənistanın Suriya münaqişəsi üzündən pisləşmiş Rusiya-Türkiyə münasibətlərindən öz xeyrinə faydalanması üçün yaxşı fürsət yaranmışdı.
Fürsəti əldən verməyən bəzi ekspertlər Dağlıq Qarabağ məsələsində Azərbaycanı açıq şəkildə dəstəkləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təxribat törətməkdə ittiham ediblər. Lakin Türkiyənin Azərbaycanla həmrəylik nümayiş etdirməsi heç də onun bölgədə alovu körükləməsi demək deyil. Üstəlik, axı Ankara Bakının münaqişənin dinc yolla həlli axtarışını da dəstəkləyir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər