XİN-dən “LifeNews” jurnalistinin Qarabağ səfərinə sərt reaksiya... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 22:06 | Şərh sayı: (0) | Baxılıb: 286
XİN-dən “LifeNews” jurnalistinin Qarabağ səfərinə sərt reaksiya...
Xarici İşlər Nazirliyi Rusiyanın “LifeNews” telekanalının jurnalistinin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarına səfər etməsinə münasibət bildirib.
Virtualaz.org-un məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Rusiyanın “LifeNews” telekanalı tərəfindən təxribatçı məqsədlərlə Azərbaycana qarşı qərəz, yalan və böhtana əsaslanan davamlı redaksiya siyasəti yürüdülür: “8 yanvar 2016-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim haqqında efirə getmiş veriliş kanalın bu qəbildən olan növbəti təxribatçılıq cəhdidir.
Rusiya Xarici İşlər Nazirliyinin internet saytında yerləşdirilmiş müvafiq xəbərdarlığa da məhəl qoymayaraq, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər edən “LifeNews” telekanalının çəkiliş qrupu Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini, köklü səbəblərini, Ermənistanın Azərbaycana qarşı təcavüzünü və bir milyondan artıq azərbaycanlının kütləvi şəkildə etnik təmizləməyə məruz qalmasını məqsədyönlü şəkildə təhrif edir.
Rusiya Federasiyasının hüquq və informasiya məkanında fəaliyyət göstərən “LifeNews” separatizm və ekstremizmi təşviq etməklə və Ermənistan-Azərbaycan münaqişəsinə dini çalarlar verməklə, ilk növbədə Rusiyanın müvafiq qanunlarının müddəalarını ciddi şəkildə pozur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı bu cür təxribatçı fəaliyyəti ilə “LifeNews” ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd siyasət yürüdür.
Rusiya Federasiyası tərəfindən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi dəstəklənir və tanınır. “LifeNews” rəhbərliyində təmsil olunan erməni lobbi dairələrinin təsiri altında bu kimi təxribatçı və jurnalist etikasından kənar fəaliyyəti ilə Rusiya ictimaiyyətini aldatmaq, dost və qonşu dövlət kimi Azərbaycan və Rusiya əlaqələrinə xələl gətirmək məqsədi güdür.
Bu kanalın Azərbaycana qarşı sistematik xarakter daşıyan qərəzli fəaliyyəti barəsində Rusiya Federasiyasının müvafiq dövlət orqanlarına müraciət ediləcəkdir. Ümid edirik ki, Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən “LifeNews” bu cür təxribatçı və qanunazidd əməlləri barəsində lazımı tədbirlər görüləcəkdir”.
* * *16:25
Rusiyanın xüsusi xidmət orqanlarına bağlı olan Lifenews telekanalı bu gün Azəbaycanın işğal altındakı ərazilərindən geniş videoreportaj yayıb.
Virtualaz.org xəbər verir ki, “Mühasirədə yubiley: Dağlıq Qarabağ və müstəqillik uğrunda 25 illik mübarizə” adlı reportajda telekanalın əməkdaşı Ermənistanın işğalçı qüvvələrinin təmas xətti boyu yerləşən mövqelərində olub. Erməni əsgərlərini, xüsusi təyinatlılarını vəsf edib, onların “öz vətənlərini necə qoruduqları” haqda danışıb. Reportajda Şuşadan, Xankəndindən çəkilmiş kadrlar və qondarma “DQR”in iqtisadi həyatı barədə süjetlər də yer alır.
Bu, Lifenews telekanalının Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına qarşı ilk açıq təxribatı deyil. Telekanalın Qarabağa dair ermənilərin mövqelərini əks etdirən verilişləri bundan əvvəl də olub və rəsmi Bakının etrazı ilə qarşılaşıb.
Lifenews telekanalı Ukraynanın şərqində rusiyameylli separatçıları da eyni şövqlə təbliğ edib və etməkdədir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər