“XİN xaricdə diplomatik fəaliyyətlə yox, əyləncələrlə məşğuldur” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 12:46 | Şərh sayı: (0) | Baxılıb: 221
“XİN xaricdə diplomatik fəaliyyətlə yox, əyləncələrlə məşğuldur”
Fazil Mustafadan nazirliyə ağır suçlama: “Nazirlik yaxşı işləsəydi, bəsirətsiz səfirlər daha bacarıqlı diplomatlarla əvəz olunsaydı, daha yüksək uğur qazana bilərdik”
AŞ PA-nın qış sessiyası yekunlaşsa da, onun ətrafındakı müzakirələr davam edir. Qeyd edək ki, bu sessiyada Azərbaycanla bağlı iki hesabatın müzakirəsi olub. AŞ PA-nın Siyasi məsələlər komitəsi tərəfindən britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” sənədi qəbul edilməyib. Digəri isə Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabat olub və məhz bu sənəd, yuxarıda qeyd edildiyi kimi, qəbul edilib.
İlkin təəssürat isə Azərbaycanla bağlı taleyüklü məsələlərdə Azərbaycan nümayəndə heyətinin yarıtmaz fəaliyyət göstərməsi ilə bağlıdır. Azərbaycanla bağlı gözləntilərin öz əksini tapa bilməməsi nümayəndə heyətinin mobilizə oluna bilməməsi, parlamentarilərlə işi qurmamasının nəticəsi ola bilərmi? AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa hesab edir ki, Elxan Süleymanovun böyük zəhmət bahasına gündəmə gətirdiyi Ermənistanın Azərbaycan torpaqlarını işğal faktını sənədlərlə təsdiqləyən Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul olunması ciddi uğur sayıla bilər. Müsahibimizin fikrincə, budəfəki Azərbaycan nümayəndə heyəti indiyə qədər qazana bilmədiyi ən böyük uğuru qazanıb. Onun sözlərinə görə, sadəcə, bəzi qurumlar tərəfindən guya nümayəndə heyətinin öz qarşısına qoyulan vəzifələri yerinə yetirə bilməməsi ilə bağlı yanlış rəy yaradılmağa çalışılıb: “Bu da azərbaycanlı sayağı paxıllıqdan irəli gələn cəhdlər idi. Bunun cavabı Milli Məclisdə verildi. İlk dəfə idi ki, AŞ PA tarixində Qarabağ məsələsi ilə bağlı Ermənistanı işğalçı dövlət kimi önə çəkən qətnamə qəbul edildi. 6-7 ayrıca bənd göstərildi. Ermənistan işğalçı kimi tanındı. Buna qədər sənədlərdə ”Ermənistan silahlı birləşmələri" kimi qeyd olunurdu. İlk dəfədir Ermənistanı ittiham edən sənəd qəbul olundu. Təbii ki, hər iki sənəd qəbul olunsaydı, daha yaxşı olardı. Amma onun qəbul olunmaması da AŞ PA-nın üzünü açdı. Bu, debat səviyyəsində qaldı. Bundan böyük uğuru başqa cür izah etmək mümkün oldu. Bizə lazım idi ki, ikisindən biri keçsin. Biz maksimalist deyilik ki. Savadsız yanaşırlar ki, Azərbaycan AŞ PA-da uğursuzluğa düçar oldu".
Müsahibimiz eyni zamanda AŞ PA nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinə sədr seçilməsini də ciddi uğur adlandırdı. Bununla yanaşı, F.Mustafa nümayəndə heyətinin əlindən gələni etdiyi halda, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyətini qənaətbəxş saymadı: “Bütün səfirlər on illərlə orda oturub. Təsəvvür edin ki, Pribatikadan olan ölkələr bizim lehimizə səs verməyib. XİN xaricdə diplomatik fəaliyyətlə yox, əyləncələrlə məşğuldur. Biz 3 günə gedib o deputatlara nəyi inandıra bilərik? XİN yaxşı işləsəydi, bəsirətsiz səfirlər daha bacarıqlı səfirlərlə əvəz olunsaydı, daha yüksək uğur qazana bilərdik. Elxan Süleymanovun böyük səyləri nəticəsində başarı əldə olundu. Bunun effektini azaltmaq üçün yanlış müqayisələr aparılır”.
Müsahibimiz hesab edir ki, bu məqamda orda iştirak edən vətəndaş cəmiyyəti nümayəndələrini də qınamaq doğru deyil: “Bəzən adlar çəkirlər... Amma inanmıram ki, hətta Azərbaycan hakimiyyətinə qarşı olan QHT rəhbəri bu sənədin qəbulunu niyə istəməsin? Qarabağ hamını birləşdirir. Başqa məsələ olsaydı deyərdim ki, siyasi ambisiyalar var”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər