Əzələsindən silah kimi istifadə edənlər... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 10:10 | Şərh sayı: (0) | Baxılıb: 217
Əzələsindən silah kimi istifadə edənlər...
Əsl idmançı başqa şeydir, gücü, qüvvəti öz yerində, gərək hövsələsi, təmkini, dünyagörüşü, adamlığı da olsun, cırtqoz olmasın, qolunun (ya da ayağının) gücündən yalnız son anda, bütün özünüqoruma vasitələri bitəndən, boşboğaz diplomatların təbirincə desək, münaqişənin dinc danışıqlar yoluyla həll edilməsi imkanları tükənəndən sonra istifadə eləsin.
Bizim kursda elə bir idmançı var idi. O, idmanla həvəskar şəkildə məşğul olmuşdu, rayon birinciliklərində-filanda çıxış etmişdi. Amma zalım balasında olan idmançı vücudu heç Silvester Stallonedə də yox idi. Adam rəsmən kulturist bədəni daşayırdı. Qolları o qədər güclüydü ki, “Jiquli” markalı avtomobilin arxasını qucağına alıb yerində fırladır, bayaq üzü o tərəfə dayanmış maşını üzü bəri qoyurdu. Boyu 1 metr 80 santimetr, çəkisi isə 80 kiloydu, amma çox güclüydü. Bununla belə, ulu təbiət buna o qədər hövsələ, səbr, təmkin vermişdi ki...
Elə olurdu, sözümüz çəpləşirdi. O vaxt mənim çəkim 50 kiloya çatmırdı, arıq uşaq idim, di gəl, nəyə görəsə əsəbiləşəndə beynim çönürdü. Bir dəfə avtobusla Şəkidən praktikadan qayıdarkən yolda bu beyləqanlı kulturistlə sözümüz çəpləşdi. Təqsir ondaydı. Üstünə bağırdım, qolaylandım, təkbətək davaya çağırdım, təmkinini pozmadı, yerindən qımzanmadı. Hərçənd o məni və mənim kimi daha üç nəfəri sərbəstcə çırpa bilərdi. Avtobusdan düşən kimi üzr istədi, hirsim soyumuşdu, barışdıq.
Bir neçə dəfə başqa situasiyalarda gördüm ki, bu boyda fiziki gücün yiyəsi heç vaxt ondan istifadə etmir, etmək istəmir. Özü də qorxaq-filan deyild. Güclüydü də, cəsarətliydi də. Bir dəfə yaz vaxtı ona sataşan və döymək istəyən üç nəfərə bir neçə dəfə “ayə, yeriyin gedin vayna” deyəndən sonra görmüşdü ki, başqa variant yoxdur, üçünü də ictimai yerdə şalmışdı şillə-şapalağın altına. Bu, onun qarışdığı ilk və son dava oldu, bir daha heç vaxt heç kimlə dalaşmadı. Əsl idmançıydı. İndi ağsaqqallaşmış olar.
Ona görə də eşidəndə, oxuyanda ki, bir idmançı özündən zəifləri döyüb, filan yerdə dava salıb, bilirəm ki, o adam əsl idmançı deyil. Əsl idmançı öz əzələsindən hücum üçün istifadə etməz. İnkişaf etmiş əzələlər yalnız müdafiə silahıdır.
Yoxsa idmançı gedib barda bir qıza intim əlaqə təklif edirsə, rədd cavabı aldığı təqdirdə, özündən iki dəfə xırda, beş dəfə zərif, on dəfə zəif qadını əzişdirirsə, o, sadəcə, əzələlərini şişirdərək silaha çevirmiş kriminal ünsürdür və o əzələsindən bıçaq, tapança kimi yararlanaraq insanlara problem yaradır, zülm edir.
Dünən idman yarışı zamanı çəkilib yayılmış videodan göründüyü kimi, bir idmançının rəqibini qaldırıb rinqdən kənara atmasının özü də idman hərəkəti deyil və əsl idmançıya yaraşmaz. Bir mübarizə rinqdən, tatamidən kənara çıxdısa, demək, o artıq yarışma deyil, adi davadır. Göründüyü kimi, az sonra həmin davaya başqaları da qarışır. Döyüş rinqdə olanda heç kəs qarışa bilməzdi, rinqdən kənara çıxıbsa, artıq ona qarışmağa hamının haqqı var.
Müxalifətin “20 Yanvar”-"Qələbə" meydanı arasında yürüş etdiyi, mitinq keçirdiyi illər idi. Bir dəfə zənd elədim ki, səkiylə bir dəstə, təxminən 70-80 nəfər gənc idmançı da hərəkət edir və mitinq keçirənlərə qanlı-qanlı baxırlar, sanki, bu saat hücum əmri verilsə, tökülüşüb camaatı döyəcəklər. Onları jurnalist həmkarlarıma göstərdim, bəzilərini tanıyanlar oldu, dedilər ki, bu uşaqlar əlbəyaxa döyüşlər üzrə federasiyaların uşaqlarıdır, bunları bura hökumət səfərbər edib ki, nə olar, nə olmaz.
Əlbəttə ki, onları lazım gələrsə, camaatı döyməyə gətirmişdilər. Gənclər də atıla-atıla, vacib missiya yerinə yetirəcəkmiş kimi qürur duya-duya gəlmişdilər və əyinlərindəki idman kostyumlarıyla, idmançı olduqlarını xalqa nümayiş etdirə-etdirə, gər-gər, təşər-təşər səkiylə addımlayırdılar. Yaxşı ki, lazım gəlmədi, yoxsa, vallahi, beynəlxalq yarışlarda məğlub olduqları rəqiblərinin, türkün sözü, hıncını qalstuklu müxalifətçilərdən çıxacaqdılar.
Bəs o idmançılar sonradan parladılarmı, uğur qazandılarmı? Yox. Parlamadılar. Hərçənd o gün birinə rast olmuşam, təmirxanada polirovkayla məşğuldur, avtomobil parıldadır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər