“Allah da, əsl centlemen kimi, sadəcə kənara çəkildi...” |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-01-2016, 23:38 | Şərh sayı: (0) | Baxılıb: 577
“Allah da, əsl centlemen kimi, sadəcə kənara çəkildi...”
11 sentyabr hadisələrinə həsr edilən verilişdə iştirak edən Billi Qremin qızı Ceyn Kleyson “Axı Allah bu faciənin meydana gəlməsinə nə üçün yol verdi?” sualına çox tutarlı və məzmunlu cavab verib.
İslam.az vinepoverite.ru-ya istinadla onun çıxışını təqdim edir:
“Əminəm ki, Allah da bizim kimi baş verənlərdən çox məyusdur. Lakin biz illər boyu Allahı məktəblərimizdən, hökumətimizdən, həyatımızdan xaric etmişik. Düşünürəm ki, Allah da, əsl centlemen kimi, sadəcə kənara çəkildi. Əgər Allahdan bizdən uzaq olmasını tələb ediriksə, o zaman Ondan mərhəmət, bizi hifz etməsini diləmək nə dərəcədə düzgündür?
Gəlin birlikdə xatırlayaq. Zənnimcə, hər şey Medlin Mürrey O'Haranın məktəbdə dua etməyin məqbul olmadığı haqqında bəyanatından başladı. Biz də razılaşdıq.
Sonra kimsə dedi ki, məktəbdə “Tövrat”ı oxumaq olmaz (Bu kitabda isə “Öldürmə!”, “Oğurluq etmə!” tələbləri var). Biz buna da razılıq verdik.
Ardından doktor Bencamin Spok dedi ki, uşaqlarımıza qarşı fiziki cəzaların tətbiqi yolverilməzdir, belə etməklə biz onların şəxsiyyətini alçaltmış olarıq (doktor Spokun oğlu özünə qəsd nəticəsində həlak olub). Biz bu dəfə də razılaşdıq.
Sonra kimsə təklif irəli sürdü: “Qızlarımıza istədikləri təqdirdə abort etdirmək icazəsini verməliyik. Onlar hətta bu barədə valideynlərinə məlumat da verməməlidirlər”. Biz isə “Olsun!” söylədik.
Daha sonra kimsə dedi ki, “gəlin çılpaq qadınların şəkillərini jurnallarda yerləşdirək və bunu da qadın bədəninin gözəlliyinin yüksək qiymətləndirilməsi kimi qəbul edək”. Biz yenə də etiraz etmədik.
Bundan sonra bəziləri bu ideyanı bir qədər də genişləndirdilər, çılpaq uşaq şəkilləri əvvəlcə jurnallarda, sonra da İnternetdə yerləşdirildi. Biz isə bunu söz azadlığıl kimi dəyərləndirdik.
Ardından əyləncə sənayesi təklif verdi: “Gəlin zorakılığı, küfrü və qadağan olunmuş cinsi əlaqələri təbliğ edən film və teleproqramlar yaradaq. Həm də narkotiklərdən istifadəyə, zorlamalara, qətllərə və satanizmə sövq edən musiqilər ərsəyə gətirək”. Bizim reaksiyamız isə belə oldu: “Bu ki, yalnız əyləncədir! Bunları heç kim ciddi qəbul etmir”.
Bütün bunlardan sonra indi özümüzə sual veririk: axı nə üçün bizim övladlarda vicdan yoxdur? Nə üçün pisi yaxşıdan fərqləndirə bilmirlər? Nə üçün tanımadıqları adamları, sinif yoldaşlarını, özlərini öldürürlər? Zənnimcə, cavabı aydındır: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.
Bir gənc belə yazıb: “Əziz Allah! Axı nə üçün Sən sinifdə qətlə yetirilmiş qızcığazı xilas etmədin? Səmimi qəlbdən Sənə inanan, narahat tələbə”. Cavabı isə, yəqin ki, belə olardı: “Əziz, narahatlıq keçirən tələbə! Məni məktəblərə buraxmırlar. Səmimi qəlbdən səni sevən Allah”.
Gülməlidir: insanlar Allahdan üz döndərir, sonra isə dünyanın Cəhənnəmə çevrilməsindən təəccüb hissi keçirirlər.
Gülməlidir: biz qəzetlərdə yazılan cəfəngiyyata inanırıq, amma Müqəddəs kitablara inanmırıq.
Gülməlidir: hamı Cənnətə düşmək istəyir, amma Müqəddəs kitablarda yazılanlara heç kim əməl etmək istəmir.
Gülməlidir: axmaq zarafatlar sürətlə yayılır, amma Allah haqqında söz açılan statuslarla dostlarımızla paylaşmağı özümüzə yaraşdırmırıq.
Gülməlidir: bütün murdar, şəhvətyönümlü, kobud, pozğun şeylər asanlıqla İnternet vasitəsi ilə yayılır, amma məktəbdə və iş yerində Allah haqqında açıq müzakirə aparmaq mümkünsüzdür".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər