Yerə düşən siqaret... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 19:13 | Şərh sayı: (0) | Baxılıb: 284
Yerə düşən siqaret...
O gün “Memar Əcəmi” metro stansiyanın yaxınlığında bir epizod müşahidə etdim, xəyal məni ötən illərə qaytardı. Əhvalat belə oldu. Səkiylə yol gedən 35-40 yaşlı, qara dəri gödəkçəli bir kişi cibindən siqaret qutusu çıxardı, bir gilə siqaret götürdü, damağına qoymaq istəyəndə, külək vurdu, ya diqqətsizlik elədi, hər nəydisə, siqaret kişinin ağzından tozlu-torpaqlı asfalta düşdü. Gözlədim ki, indicə o, həmin alışıb yanmaqdan xilas olmuş siqaret giləsini təpiyinin altında əzəcək, qutudan başqa bir siqaret çıxarıb yandıracaq. Amma kişi belə etmədi, əyildi, siqaretin dənəsini yerdən qaldırdı, filtr hissəsini yüngülcə üfürüb damağına qoydu, yandırdı, sümürə-sümürə getdi.
Mikrob qaynağı olan asfaltın üstünə düşmüş siqareti götürüb damağa qoymaq həm estetik, həm də sırf gigiyenik baxımdan iyrənc idi. Sonuncu deyildi axı, qutu yarıdoluydu.
Bu epizod yadıma sovet vaxtı keçən tələbəliyimizdə şahidi olduğum başqa bir hadisəni saldı. O zamanlar bizim institutun həmkarlar ittifaqının sədri vardı - adı Bəşir idi, məşhur opera müğənnisi Mobil Əhmədovun qardaşıydı, sakit adamıydı, institutumuzun oliqarxlarından deyildi. Bir dəfə Bəşir müəllim düz gözümüzün qabağında cibindən o zamanlar tapılmayan, əl altından 5 manata satılan “Marlboro” markalı siqaret qutusu çıxardı, qutunu açıb bir dənə siqaret götürdü, onu ağzına, qutunu plaşının cibinə qoyanda qutu yerə düşdü. Bəşir müəllim əyilib siqaret qutusunu götürmədi, addımlayıb yolun o üzünə keçdi.
Bu hadisə institutumuzun şəhərciyində baş vermiş olsaydı, düşünmək olardı ki, müəllim tələbələrinin yanında arlanıb, ona görə əyilib bahalı siqaret qutusunu götürməyib. Amma hadisə şəhərin elə bir yerində baş verdi ki, orda bizdən, avtobus dayanacağında durub gendən baxan 2-3 tələbədən başqa, müəllimi tanıyan yox idi və o, əyilib öz halal “Marlboro”sunu götürə bilərdi, keç kim də pis baxmazdı. Üstəlik, asfaltdakı mikrobların bağlı qutunun içindəki siqaret dənələrinə sirayət etməsi mümkün deyildi. Ancaq müəllim yerə düşən qutuya gözucu baxdı və çıxıb getdi.
Əlbəttə, düşünmək olar ki, “Memar Əcəmi”də yerə düşən bir gilə siqareti mikrobların içindən qaldırıb damağına qoyan şəxslə uzun illər öncə bahalı siqaret markasını asfaltın üstündə buraxıb gedən müəllimin maddi imkanları eyni deyil. Bəlkə də elədir. Ancaq sovet dövründə də adi institut müəllimləri milyonçu deyildilər, bir az qəbula düşən, tələbə qəbul etdirən, çətin fənlərdən imtahan götürən müəllimlərin pulu artıq idi, qalanların hamısı maaşa baxan adamlar idi.
Sadəcə, o vaxt yetkin, işi-gücü olan insanlar bir gilə, bir qutu siqaretdən ötrü əyilməyi özlərinə sığışdırmırdılar. Bu, təkcə qürur, təkəbbür məsələsi deyildi, həm də o qədər qıtlığa, kasıbçılığa baxmayaraq, insanlar gözütox idi, xırdaçı deyildi.
İndi isə insanlar çox dəyişiblər, xırdaçı, fəndgir, ütük olublar, qürurlu olmaq, ləyaqətli davranmaq istəmirlər. Hər yanda bir həşir var, ölkə boyunca, qaphaqap, yolhayol, soyhasoy gedir. Bu qədər varidat talayıb, toplayıblar, amma gözləri doymur.
Adam çirkli-paslı yerə düşən bir gilə siqareti ona görə əyilib qaldırır ki, instinktiv olaraq özünü qıtlığa, kasıbçılığa hazırlayıb, artıq hər qəpiyin, hər bir gilə siqaretin qədrini bilir, anlayır ki, sabah daha pis ola bilər. Bir il əvvəl olsaydı, o, bunu etməzdi, yerə düşən siqareti dabanıyla əzib keçərdi.
Bəs Bəşir müəllim indi necə hərəkət edərdi, yerə düşən dolu siqaret qutusunu götürmədən yoluna davam edərdimi?
Bax, burasını bilmək çox çətindir. Son 25 ildə acı, amansız həyat çox qürurlu insanları sındırıb, tanınmaz edib.
İnsanlar var ki, acından öldüyü halda başqasından bir loxma çörək istəməz, amma tanımadığı adama yanaşıb siqaret istəyər. Burada nə sirr-xafiyə var, uzun illərdir anlaşılmır.
Dostlar danışır ki, son günlər yolda-rizdə adama yanaşıb siqaret istəyənlərin sayı artıb. İçində yetkin yaşlı adamlar da varmış. Yəni bir gilə siqaret bu qədər vazkeçilməz, bu qədər şirin və matah şeydirmi ki, ondan ötrü adam özünü yendirib başqasına ağız açsın?
Görün, hardan hara gəldik?
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər