Apteklərdə niyə qrip vaksinləri satılmır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 21:13 | Şərh sayı: (0) | Baxılıb: 259
Apteklərdə niyə qrip vaksinləri satılmır?
Adil Qeybulla: “Bu cür vaksinlər bütün qrip virusu ilə bağlı məsələni həll etmək iqtidarında deyil”
Soyuq havalarda soyuqdəymə və qrip kimi xəstəliklər baş qaldırır. Qrip nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Bu xəstəliyə həm insanlar, həm də heyvanlar və quşlar yoluxur. Bir çox ölkələrdə havalar soyuyan kimi insanlar apteklərə üz tutub qrip əleyhinə peyvəndlər vurdurur, vaksinlər alır. Bu cür peyvəndlər və vaksinlər insanları qripə yoluxmaqdan maksimum qoruyur və bu xəstəliyə qarşı müqavimətini gücləndirir.
Qripə qarşı peyvənd inkişaf etmiş ölkələrdə daha geniş yayılıb. Bu peyvəndlər yalnız insanlara deyil, həm də mütəmadi olaraq təsərrüfat quşlarına da vurulur. Peyvənd nəticəsində əmələ gələn qrip insandan insana ötürülmür, həmçinin çox zəif gücə malik olur. Qrip virusu sürətlə təkamül etdiyinə görə müəyyən bir il üçün tətbiq edilən peyvənd növbəti il təsirini itirə bilər. Məsələn, Türkiyə və Rusiyada peyvənd olunmaq daha asan başa gəlir. Belə ki, Türkiyədə qrip əleyhinə peyvəndlər həm apteklərdə satılır, həm də onları tibb müəssisələrindən əldə etmək mümkündür. Yəni istənilən şəxs aptekdə pul ödəyib peyvəndi ala, elə oradaca peyvənd vurdura bilər, ya da hansısa xəstəxanaya üz tuta bilər. Onların qiymətləri növlərinə görə 13 türk lirəsi ilə 26 türk lirəsi arasında dəyişir.
Bəs Azərbaycanda necədir? Qrip əleyhinə peyvəndlər varmı?
Sualımıza cavab tapmaq üçün bir neçə aptekə üz tutduq. Baş çəkdiyimiz apteklərin heç birində qrip əleyhinə peyvənd olmadığını dedilər. Qrip adını eşidən əczaçıların demək olar ki, hamısı bizə onlarda ancaq “Qriphot”, “Antiqrippin” və bu tipdə digər toz dərmanların və ya “Rinza” preparatını olduğunu dedilər. Qripə qarşı müqaviməti gücləndirmək üçün “İmmunoqlobulin” vurdurmağı məsləhət gördülər. Peyvəndlərə gəlincə isə baş çəkdiyimiz apteklərdə “bizdə qripə qarşı peyvənd olmur, onu ancaq xəstəxanalarda vurdura bilərsiniz” cavabını aldıq.
Tibb elmləri doktoru, professor Adil Qeybulla qripə qarşı hansısa vaksin vurdurmağın mənasız olduğunu dedi: “Qrip virusunun müxtəlif növləri var. Hazırda mövcud olan ”donuz qripi" 2008-ci ildə də peyda olmuşdu. Hazırda Azərbaycanda onun vaksininin olub-olmaması barədə nəsə deyə bilmərəm. Qripin mövcud olan vaksini yalnız həmin dövr üçün olan ştamlara aiddir. Yəni o bütün qrip virusu ilə bağlı məsələni həll etmək iqtidarında deyil. Ona görə də bu cür vaksinlər alınarkən də həmin dövrdə o ştamların ona həssaslığı nəzərə alınmalıdır. Ola bilsin ki, Azərbaycanda mövcud olan qrip əleyhinə vaksinlərin bu gün yayılmış “donuz qripi”nə heç bir effektiv təsiri olmasın. Soyuqlama nəticəsində yaranan qrip virusuna qarşı vaksin vurdurmağın heç bir mənası yoxdur. Əgər bu vaksin donuz qripinə qarşı Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə paylanırsa, bu başqa məsələdir. Amma bu vaksinlər qrip əleyhinə nə vaxtsa, haradansa alınıb gətirilib və indi də aptek şəbəkələrində qalırsa, məncə, bunu vurdurmağın elə bir önəmi yoxdur".
A.Qeybulla “İmmunoqlobulin” kimi immun sistemini möhkəmləndirən və bədənin virusun yaratdığı problemlərdən qorunmasını təmin edən dərmanlardan istifadə etməyin daha məqsədəuyğun olduğunu bildirdi.
Ümumiyyətlə, qripin elmə 2000-dən çox növü məlumdur. Virus təsnifatına görə qrip virusu 3 tipə ayrılır. Bunlar A, B və C tipli qrip virusudur. A tipli qrip virusunun əsas daşıyıcıları su hövzələrində yaşayan vəhşi quş növləridir. A tipli qrip virusları ən təhlükəli viruslar sayılır və böyük epidemiyalara səbəb olan əsas viruslardır. Bunlara nümunə kimi 1918-ci ildə baş yayılan “ispan qripi”ni və 2009-cu ildə yayılan, hazırda da mövcud olan “donuz qripi”ni misal göstərmək olar. B tipli qrip virusuna isə yalnız insanlar yoluxur. B tipli qrip virusu A tipli virusa nisbətən 2-3 dəfə daha aşağı sürətlə mutasiya edir, genetik olaraq daha az müxtəlifliyə malikdir, bu səbəbdən B tipli virusa qarşı immunitet insanlarda aşağı yaşlardan etibarən formalaşır. Bu tip qripə yoluxan yeganə heyvan su itidir.
C tipli qrip virusuna isə insanlarda, donuzlarda və itlərdə rast gəlinir. Bu virus tipi daha az yayılıb, yalnız lokal səviyyədə epidemiyaya səbəb ola bilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər qış dünyada on milyonlarla insan qripə yoluxur. Yoluxan insanların çoxu bir həftə ərzində iş və ya təhsildən kənarda qalır. Yuxarı yaş qrupuna aid insanlar xəstəlik nəticəsində ölüm riski altında da qala bilərlər. Məlumdur ki, hər il dünyada yüz minlərlə insan bu xəstəlik nəticəsində dünyasını dəyişir. Lakin hətta inkişaf etmiş ölkələrdə belə ölən insanların qripdən, yoxsa qripə bənzər digər xəstəlikdən öldüyünə dair dəqiq statistika aparılmır".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər