İranla Türkiyə "donuz qripi"ni Azərbaycana “yollayıb”? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 07:20 | Şərh sayı: (0) | Baxılıb: 360
İranla Türkiyə "donuz qripi"ni Azərbaycana “yollayıb”?
Rəsmilər “yox” deyir, əhali arasında təlaş isə azalmır
İranda ötən il 33, bu il isə Türkiyədə 13 nəfər "donuz qripi" epidemiyasının qurbanı olub. Bu günlərdə isə ölkədə bu xəstəliklə bağlı təşviş başlanıb. Xüsusən də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun həyat yoldaşının bu xəstəlik şübhəsi ilə Türkiyəyə aparılması ölkədəki təlaşı daha da artırdı. Doğrudanmı qonşu ölkələrdən bizə də bu xəstəlik transfer olunubmu?
Amma rəsmi təkzib artıq verilib. Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansityasından bildirilib ki, indiyədək ölkədə bu xəstəliklə bağlı heç bir şübhəli hal qeydə alınmayıb. Amma qripin müalicəsi üçün lazımı dərman ehtiyatı yaradılıb. Bundan başqa, səhiyyə naziri Oqtay Şirəliyevin “donuz qripi” ilə bağlı imzaladığı əmrlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Bilməyənlər üçünsə bu xəstəlik və onun əlamətləri, tarixi barədə bir neçə məlumat. Donuz qripi ilk dəfə 1931-ci ildə aşkar edilmiş təhükəli tənəffüs yolu xəstəliyidir. İlk dəfə bu xəstəliyi Amerika alimi Riçard Şoup aşkar edib. Sinfinə görə donuz qripinin ən geniş yayılmış növü olan A tipli virusa aiddir. Virus hava-damcı yoluyla yayılır, simptomları yüksək hərarət, kəskin öskürək və yanğıdır. Donuz qripindən heyvanlar arasında ölüm faizi aşağıdır, hazırda aşkar olunan virus isə donuz qripi virusunun mutasiya olunmuş formasıdır.
Dünya Səhiyyə Təşkilatının baş katib müavini doktor Keyci Fukuda deyib ki, bu virusların virusologiyasına baxilarsa, bunlar donuz qripinin viruslarıdır, yəni heyvan viruslarıdır. Lakin bunlar Meksika və Birləşmiş Ştatlarında qeydə alınmış donuz qripi virusundan fərqlidirlər və deməli donuz virusunun yeni növüdür. Fukuda bildirib ki, vəziyyətə çox ciddi yanaşılır, amma virusun öz təbiəti və yayılma sürəti barədə kifayət qədər informasiya yoxdur: “Hazırkı məqamda biz vəziyyətə çox ciddi, yanaşırıq, bu qripin qeydə alındığı ölkələr, bütün ölkələr vəziyyəti ciddi qəbul edirlər. Lakin bu da bəllidir ki, biz hazırda ümumi mənzərənin aydınlaşmağa başladığı mərhələdəyik. Biz elə bir mərhələdəyik ki, mümkün olan ən zəruri informasiyaları toplamalıyıq”.
Donuz qripi donuzlarda müşahidə olunan nəfəs yolu infeksiyasıdır ki, onu da doğuran qrip virusudur. Bu virus insanlarda qrip yaradan virusdan fərqlənir. Donuzlarda olan bu virusa donuzla yaxın kontaktda olan insanlar da yoluxa bilər, amma bu, çox az hallarda baş verir. Əvvəllər də donuz qripi epidemiyası qeydə alınıb. Bunlardan ən geniş məlum olanı, 1976-cı ildə Amerika ordusunda baş verən epidemiyadır. Hazırda Meksikada aşkar edilən virus yeni tipli virusdur və əvvəllər nə insanlarda, nə də donuzlarda qeydə alınmayıb.
BMT, Dünya Səhiyyə Təşkilatı və əksər ölkələrin müvafiq qurumları AH1N1 virusuna qarşı mümkün tədbirlərin görülməsinə baxmayaraq, ona yoluxan insanların və ölənlərin sayı durmadan artır.
ABŞ-ın Epidemiyadan Müdafiə Bürosu (Centre for Disease Control (CDC) rəsmi olaraq təsdiq edib ki, bu virusun insandan insana yoluxma xüsusiyyəti mövcuddur. Lakin bu prosesin nə dərəcədə yüngül baş verməsini və buna görə də epidemiya təhlükəsinin nə qədər böyük olması hələ öyrənilir. Məlumatlar yeni yoluxma halları ilə tutuşdurulur və daim yenilənir.
Bu qrip yüksək patogenli virus ştamının törətdiyi kəskin infeksion xəstəlikdir. Virus çox asanlıqla insandan-insana hava-damcı yolu ilə keçir və bir neçə saatdan 7 günə qədər olan müddətdə özünü göstərir. Uşaqlar, xüsusən də azyaşlı uşaqlar daha uzun müddət ərzində potensial yoluxdurucu ola bilər.
Donuz qripinə yoluxma müxtəlif yollarla baş verir. Xəstəlik ilk növbədə artıq virusa tutulan xəstə adamla yaxın ünsiyyət vaxtı, öskürək və asqırma zamanı ağız seliyi zərrəciklərinin havadan digərinin nəfəs yoluna düşməsi nəticəsində yayılır. Xəstə donuzların olduğu fermalardakı insanlar da xəstəliyə yoluxmaq təhlükəsi ilə üzləşirlər.
Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürək, boğazda ağrı, zökəm, baş və əzələ ağrıları, bəzi hallarda qusma və diareyadır. A/H1N1 virus tipi ilə xəstələndiyi təsdiq olunmuş şəxslər xəstəxanaya yerləşdirilmədiyi hallarda və ya xəstələnmə şübhəsi olan şəxslər ev şəraitində, ən azı xəstəliyin başlandığı ilk 7 gün ərzində təcrid edilməlidir.
Bəzi xəstələrdə qarın işləməsi və qusma halları qeydə alınıb. Meksikadakı hallar isə ağır formalı sətəlcəm xəstəliyini xatırladır. Mövsümi qriplər kimi donuz qripinin də müxtəlif xroniki xəstəliklərə qədər inkişaf edən fəsadları ola bilir.
Həkimlər adi qrip epidemiyası zaman verdikləri məsləhətləri təkrar edirlər. Əlləri sabunla əsaslı şəkildə yumaq lazımdır, xəstə adamlarla yaxın kontaktdan çəkinmək və nəfəs yollarını tənziflə bağlamaq. Birdəfəlik burun dəsmallarından istifadə etmək və burunu siləndən sonra onu dərhal atmaq lazımdır. Tərkibində spirt olan məhlullar da yaxşı dezinfeksiya edir.
Xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə təcili evə həkim çağırmaq, çoxlu miqdarda maye qəbul etmək, maska və ya pambıq tənzifli maska taxmaq, əlləri tez-tez sabunla yumaq lazımdır. Ailədə xəstə şəxslə təmas zamanı gigiyena qaydalarına əməl edilməlidir. Profilaktiki tədbirlər kimi kəskin respirator xəstəlikləri (hərarət, öskürək, zökəm) və qripin digər əlamətləri olan şəxslərlə yaxın əlaqədən mütləq qorunmaq, əlləri tez-tez sabunla yumaq lazımdır. Mütləq evdə qalmaq, işə və ya təhsil müəssisəsinə getməkdən, kütlə ilə təmasdan çəkinmək, insanlarla təmasa girməmək üçün ailə üzvlərinə və yaxınlara xəstəliklə bağlı məlumat vermək lazımdır.
H1N1 virusundan qorunmaq üçün aşağıdakı profilaktik, gigiyenik-sanitar qaydalara riayət olunmalıdır: Yüksək hərarəti, öskürəyi, hərarəti olan şəxslərlə təmasdan çəkinmək; əlləri tez-tez sabunla yumaq; sabun və su olmadıqda əlləri spirtli tampunla silmək; asqırdıqda və ya öskürdükdə ağızı salfet və ya dəsmalla örtmək lazımdır; həmçinin gözlərə, buruna və ağıza toxunmamağa çalışmaq; sağlam həyat tərzi keçirmək, o cümlədən normal yuxuya riayət etmək; vitaminlərlə zəngin qida qəbul etmək, fiziki aktivliyi artırmaq; xəstələnərkən evdə qalmaq və tibbi xidmətə müraciət etmək vacibdir.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər