“Donuz qripi”, yoxsa soyuqdəymə? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 19:27 | Şərh sayı: (0) | Baxılıb: 373
“Donuz qripi”, yoxsa soyuqdəymə?
Adil Qeybulla: “Bu, yuxarı tənəffüs yollarında infeksiyaların fəallaşmasından baş verən bir situasiyadır”
Soyuq havalar son vaxtlar əhali arasında soyuqdəymə xəstəliklərinin sayını artırıb. Bu gün uşaqdan böyüyə demək olar ki, əksəriyyət insanlar soyuqdəymədən, qripdən əziyyət çəkir. Qrip mövsümü payızın ilk aylarında başlayıb, noyabr-dekabrda artır və aprel-may aylarına qədər davam edir.
Qripin qış aylarında daha çox yayılmasının səbəbi insanların daha çox qapalı və sıx məkanlarda toplu halda cəmləşməsidir. İçəridəki havanın quru olması virusların uzun müddət yaşamasına səbəb olması əsas təsiredici faktorlardan biridir. Bəzən isə insanlar soyuqdəymə ilə qripi səhv salır. Əslində soyuqdəymə - virusların səbəb olduğu burun iltihabı xəstəliyidir. Halsızlığa gətirib çıxarmadığı üçün yataq istirahəti tələb etməyən bir xəstəlikdir və qətiyyən, qriplə qarışdırılmamalıdır. Normal qrip ən çox bir həftə çəkdiyi halda indiki xəstəliklər bir həftədən uzun çəkir ki, bu da insanların narahatlığına səbəb olur. Həkimlər bu cür halların qriplə əlaqəsi olmadığını, bunun sadəcə respirator virus, yəni soyuqdəymə olduğunu bildirirlər. Qripin ilkin əlamətlərinə gəlincə isə bunlar baş, boğaz, sinə ağrıları, öskürək, asqırma və titrətmə sayılır. Qısa müddətdən sonra isə hərarət, burun axması, əzələ ağrıları, halsızlıq da bura əlavə olunur. Qrip müalicə edildikdə bir həftə, müalicə edilmədikdə isə yeddi gündən də artıq davam edə bilər. Qrip zamanı orqanizmdəki digər xəstəliklər də baş qaldıra bilər. Bəzən insanlar yayılan donuz qripinə görə özlərini təlaşa salır, qorxuya düşürlər. Ancaq donuz qripinin əlamətləri adi, mövsümi qripdən tamamilə fərqlənir. Belə ki, donuz qripi mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yoluxan donuz qripinin əlamətləri qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, təngnəfəsliklə müşahidə olunur. Bu virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən ağciyərlər zədələnir.
Tibb elmləri doktoru Adil Qeybulla yayılanın qrip yox, kəskin soyuqdəymə olduğunu dedi:
“İnsanlar arasında yayılan və uzun çəkən qrip deyil. Bu yuxarı tənəffüs yollarında infeksiyaların fəallaşmasından baş verən bir situasiyadır. Yəni yuxarı tənəffüs yollarının infeksiyası fəallaşır və yoluxucu olur. Həmin mikroblar hava damcı yolu ilə digər şəxsə keçir. Yuxarı tənəffüs yolları norması adi halda xəstəlik törətməyən xeyli mikroblar var. Bunların sayı 15-dən çoxdur. Bunlar soyuq dəymədə, immun sistemi düşdükdə, bədən zəiflədikdə baş qaldırır və hüceyrənin funksiyası pozulduğundan xəstəlik törədir. Həmin əlamətlər də qripə bənzər əlamətlərdir. Yüksək temperatur, hərarət, yuxarı tənəffüs yollarının katarı, öskürək, burun axması və sairə kimi əlamətlərlə getdiyindən el arasında camaat bunu qrip adlandırır. Sovet dövründə həkimlər bu cür xəstələrə kəskin respirator xəstəlikləri diaqnozu qoyurdular. Bu qrip deyil, soyuqdəymə xəstəlikləridir. Qripin bu gün yayılan forması H1N1 virusudur. Bu ilk dəfə 2008-ci ildə Meksikada aşkar olunub. Bu gün də bu qrip aşkar olunub. Təəssüf ki bu qrip bu gün Azərbaycanla həmsərhəd ölkələrdə, Türkiyədə, Ermənistandadır. Azərbaycanda da bunun olma ehtimalı kifayət qədər böyükdür. Hesab edirəm ki, dövlət təcili profilaktik tədbirləri, trans-sərhəd zonalarda nəzarətin gücləndirilməsini və əhalinin maarifləndirilməsini həyata keçirməlidir”.
Yayılan soyuqdəymədən özünü qoruma ilə bağlı məsləhətlərə gəlincə isə A.Qeybulla insanların bol vitaminlər qəbul etmələrinin lazımlığını vurğuladı: “Yayılmış soyuqdəymədən qorunmaq üçün insanlar düzgün geyinməli, vitaminlər qəbul etməli, meyvəni çox yeməlidir. Əslində immun sistemi möhkəm olmalıdır ki, həmin insan soyuqdəymədən qoruna bilsin. Bu cür əlamətləri, soyuqdəyməsi olan insanlardan maska ilə qorunmaq lazımdır. Bu tədbirlərə əməl etmək lazımdır. İnsanlar bu işlərə barmaq arası yanaşdıqları üçün xəstələnirlər”.
Qripdən qorunmaq üçün bol su içmək lazımdır. Çünki su maddələr mübadiləsini gücləndirir, orqanizmdəki hər cür toksinləri əridərək kənara çıxarır. Hətta isti çay və qəhvə istəyəndə, belə suyu unutmayın. Çünki kofeinli içkilər susuzluq yaradır. Ona görə də hər 100 qram çayın üstündən əlavə 150 qram su için. Həmçinin başınağacı, moruq, qarağat, limon, bal və zəncəfilli çaylar da qripi sağaldan içki sırasındadır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər