Onurğası sınan “Azəriqaz” işçisi döyülüb, yoxsa yıxılıb? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 19:32 | Şərh sayı: (0) | Baxılıb: 212
Onurğası sınan “Azəriqaz” işçisi döyülüb, yoxsa yıxılıb?
Xəzər rayonu Türkan qəsəbəsində yerli sakinlər tərəfindən döyülərək xəsarət aldığı deyilən “Azəriqaz” İstehsalat Birliyinin qaz qaynaqçısı, Məhərrəmov Məhərrəm Qamət oğlu haqqında maraqlı faktlar ortaya çıxıb.
ANSPress-in məlumatına görə, dünənədək döyülərək onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən idarə əməkdaşının bu gün döyülmədiyi deyilir. Bunu Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsindən bildiriblər:
“Məhərrəmov Məhərrəm Qamət oğlu heç kim tərəfindən döyülməyib. O, istixanaya sayğacdan kənar çəkilmiş qaz xətti aşkar edib və qeyri-qanuni qaz kəmərini ləğv etmək üçün pilləkənə çıxıb, bu zaman ayağı büdrəyərək, yığılıb”.
“Azəriqaz” işçisinin döyülməsi faktına Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də aydınlıq gətirdi. Onun sözlərinə görə, fakt Xəzər Rayonu Polis İdarəsinin 1-ci polis bölməsində araşdırılıb.
"Məlum olub ki, doğrudan da “Azəriqaz” əməkdaşlarının Türkan qəsəbəsində qanunsuz qaz xətlərinin aşkarlanması məqsədilə keçirdikləri tədbir zamanı orada qaynaqçı işləyən Bakı şəhər sakini Məhərrəm Məhərrəmov xəsarət alıb. Belə ki, qanunsuz qaz xəttinin ləğvi üçün o, hasarın üstünə çıxıb, müvazinətini itirərək yıxılıb. O, dərhal xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu qoyulub”, - deyə şöbə rəisi əlavə edib.
"Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev isə Məhərrəmov Məhərrəmin Xanlar küçəsində yaşayan Mayılov Məmmədağanın övladları Samir və Rəfael tərəfindən daşlandığını və bu zaman yıxıldığını deyib. İbrahim Kərbəlayev qeyd edib ki, onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu ilə Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilən idarə əməkdaşının səhhəti ilə bağlı hazırda həkimlər konsultasiya keçirirlər. O, sabah əməliyyata girməlidir.
Xatırladaq ki, daha öncə yayılan məlumata görə, yanvarın 25-də Xəzər rayonu Türkan qəsəbəsində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş növbəti yoxlamalar zamanı “Azəriqaz” İB-nin əməkdaşı döyülüb. Aparılan yoxlamalar zamanı Xanlar küçəsində yaşayan Mayılov Məmmədağanın həyətyanı sahəsində yerləşən istixanaya sayğacdan kənar çəkilmiş qaz xətti aşkar olunub və qeyri-qanuni qaz kəmərinin ləğvi zamanı Türkan qəsəbəsi, Xanlar küçəsində yaşayan Mayılov Məmmədağa, onun övladları Samir və Rəfael tərəfindən Birliyin Təmir-tikinti İdarəsinin 4 saylı Qəza-təmir bərpa xidmətinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu döyülüb, ona ağır bədən xəsarətləri yetirilib. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən "Azəriqaz" əməkdaşına ilkin olaraq onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu qoyulub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər