Nardaran yenidən qurulur |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-12-2015, 19:33 | Şərh sayı: (0) | Baxılıb: 307
Nardaran yenidən qurulur
Hazırda Bakının Nardaran qəsəbəsində yenidənqurma işləri aparılır.
APA-nın əməkdaşları bu gün Nardarana gedib, qəsəbədə aparılan işlərlə tanış olublar.
Bu il noyabrın 26-dan qəsəbə polis və Daxili Qoşunların nəzarətindədir. Qəsəbənin giriş və çıxışlarında qoyulmuş polis postları hələ də götürülməyib. Qəsəbənin mərkəzində yaradılmış qərargah da fəaliyyətini davam etdirir.
Təhlükəsizlik tədbirlərinə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov rəhbərlik edir. O, APA-nın əməkdaşı ilə söhbətində qəsəbədə əməliyyat şəraitinin tam nəzarəti altında olduğunu bildirib.
Hazırda qəsəbədə olan bütün dini ibadət yerləri də fəaliyyət göstərir. Kənd sakinlərinin qəsəbədəki məscidlərdə dini ibadətlə məşğul olmalarına heç bir məhdudiyyət qoyulmur.
Nardaranın mərkəzi küçələrindən şüarlar, plakatlar və qara bayraqlar sökülüb. Hazırda qəsəbədə quruculuq və abadlıq işləri davam etdirilir.
Nardaranın mərkəzi meydanında polis bölməsi üçün inzibati bina tikilir. Hazırda binada son tamamlama işləri aparılır. İş icraçılarının dediyinə görə, inzibati binanın inşası dekabrın 24-dək başa çatdırılacaq.
Bundan başqa, qəsəbədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti üçün Yanğından Mühafizə Deposunun inşasına start verilib. İş icraçılarının dediyinə görə, yeni deponun qısa müddətdə tikilərək istifadə verilməsi planlaşdırılır.
Qəsəbədə bütün küçələrinə yeni işıq dirəkləri quraşdırılır, telekommunikasiya və elektrik xətləri yenilənir. "Azəriqaz" İstehsalat Birliyi və "Azərişıq" ASC-nin briqadaları qəsəbədə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Mənzillərə yeni elektrik və qaz sayğacları quraşdırılır. Qəsəbənin xeyli hissəsinə artıq elektrik enerjisinin verilişi bərpa edilib.
Nardaran qəsəbəsində abadlıq və quruculuq işlərinin görülməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, qəsəbənin mərkəzi küçələrinin genişləndirilməsinə də start verilib.
Nəqliyyat Nazirliyinin "Azəryolsevis" ASC-nin mətbuat katibliyinin rəisi Anar Nəcəfli APA-ya açıqlamasında bildirib ki, Nardaran qəsəbəsində ilkin olaraq iki küçənin yenidən qurulması planlaşdırılır. Bu istiqamətdə işlərin davam etdirildiyini qeyd edən A. Nəcəfli yenidən qurulacaq bu iki küçənin ümumi uzunluğunun 3 kilometrə yaxın olduğunu bildirib: "Burada küçələrin biri 18, digəri isə 16 metr enində genişləndiriləcək. Hazırda genişləndirilən sahədə olan obyektlərin və yaşayış sahələrinin sökülməsi işləri aparılır. İşlər tam başa çatandan sonra genişləndirilmiş küçələr tam müasir görkəm alacaq. Küçələrdə hər iki istiqamət üzrə 1,75 metr enində səkilərin də çəkilməsi nəzərdə tutulub. Həmçinin, işıqlandırma sistemi və yeraltı kommunikasiya xətləri də yeniləri ilə əvəzlənəcək".
A. Nəcəfli genişləndirilən sahədə sökülən obyektlərin və yaşayış sahələrinin sahiblərinə kompensasiyaların ödəniləcəyini də bildirib.
Nardaran sakinləri isə kompensasiya ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, hələlik onlara kompensasiyanın məbləği və ödəniş forması ilə bağlı hər hansı məlumat verilməyib.
"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələrlə şöbəsinin rəisi İbrahim Kərbəlayev isə bildirib ki, "Azəriqaz"ın əməkdaşları tərəfindən Nardaran qəsəbəsində texniki baxış keçirilən, müqaviləsi yenilənən və sayğac quraşdırılan mənzillərə təbii qazın verilişi dekabrın 12-dən bərpa edilib: "Təxminən 500-dən çox abunəçi təbii qazla təmin olunub".
İ. Kərbəlayev qeyd edib ki, qəsəbənin digər küçələrinə də qaz verilişi mərhələli şəkildə həyata keçiriləcək.
Nardaran sakinləri APA-ya bildiriblər ki, qəsəbəyə qazla yanaşı, suyun da verilişi bərpa edilib, su sayğacları quraşdırılıb.
Xatırladaq ki, Nardaran əhalisinin təbii qaza görə dövlətə olan borcu 1,376 mln. manat təşkil edir. Bunun 387,33 min manatı 2013-cü il, 558,624 min manatı 2014-cü il, 450,363 min manat isə bu ilin 10 ayı üçün olub.
Yerli sakinlər də qəsəbə aparılan işləri yüksək qiymətləndiriblər. Qəsəbə sakini Sərvər Ağayev APA-ya açıqlamasında Nardaran qəsəbəsində sosial-mədəni infrastrukturun yeniləndiyi, əhalinin sosial problemlərinin həlli məqsədilə dövlət büdcəsindən vəsait ayırdığı üçün ölkə başçısına təşəkkürünü bildirib: "Kəndimizi abad edirlər, işıqlandırırlar. Bizim hamımız bu işlərə sevinirik. Prezidentimizdən, hökumətimizdən razıyıq. Əvvəl də razı olmuşuq, indi də razıyıq".
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması barədə sərəncam imzalayıb.
Həmçinin Azərbaycan hökuməti "Azərişıq", "Azərsu", "Azəriqaz" və "Azəryolservis" rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər