Cəbrayılın icra başçısı niyə cəzalandırılmadı? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 18:45 | Şərh sayı: (0) | Baxılıb: 271
Cəbrayılın icra başçısı niyə cəzalandırılmadı?
İqbal Ağazadə: “Hakimiyyət üçün köhnələrlə işləmək...”
Cəbrayılın icra başçısı Mahmud Quliyevlə bağlı sosial şəbəkələr və mətbuatda yayılan məlum video ətrafında yaranan söz-söhbətlər səngimək bilmir. Hər keçən gün məsələ daha da aktuallaşır. Artıq icra başçısının vəzifəsindən uzaqlaşdırılması, hətta həbs edilməsi ilə bağlı tələblər səslənməkdədir.
Hüquqşünaslar açıqlamalarında təhqir işlətdiyinə görə icra başçısı barəsində cinayət işinin açıla biləcəyini istisna etmirlər. Hüquqşünas Əliməmməd Nuriyev modern.az-a açıqlamasında bildirib ki, icra başçısının bu hərəkətinə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanuna uyğun olaraq baxıla bilər. O qeyd edib ki, nəzakətsiz davranışa görə intizam qaydasında ona xəbərdarlıq edilə bilər.
“Yuxarı orqan-Prezident Administrasiyası tərəfindən icra başçısına cəzalar tətbiq edilə bilər. Digər tərəfdən, onun konkret şəxsə söylədiyi fikir və etdiyi hərəkətlərə görə də həmin şəxs təhqir olunduğunu əsas gətirərək, hüquq-mühafizə orqanlarına cinayət işinin başlanması ilə bağlı müraciət edə bilər. Bu, artıq xüsusi ittihamda olan işdir”.
Ə.Nuriyev qeyd edib ki, dövlət qulluqçusu prezidentin müşavirələrində də dediyi kimi, nəzakətli olmalı, xalqın xidmətində durmalıdır: “Eyni zamanda məmur öz hərəkətlərində etik davranış kodekslərinə əməl etməlidir. Bu, bütün dövlət qulluçularına, eyni zamanda icra başçısına aid olan məsələdir. Yuxarı orqanın qərarına görə bu kimi hərəkətlərə görə icra başçısına xəbərdarlıq edilə və ya işdən çıxarıla bilər”.
Amma hakimiyyət hələ də bu məsələdə susqun mövqe sərgiləyir. 16 ildir icra başçısı olan M.Quliyevlə bağlı atılacaq addım müəmmalı olaraq qalmaqdadır. Onun timsalında iqtidarın bu tipli hadisələrdə sərgilədiyi mövqe yenidən gündəmə gəldi. Belə ki, hakimiyyət indiyə qədər başqa icra başçıları ilə bağlı yaranan belə vəziyyətlərdə onları postlarında saxlamağa daha çox üstünlük verib. 16 il öncə Şəmkirin icra başçısı Aslan Aslanovun törətdiyi əməlləri, eləcə də aylar öncə Salyanın icra başçısı Tahir Kərimovun “padşahlar”a məxsus mətbuatda yayılan məlum gül fotoları dediklərimizə əyani sübutdur. Sanki hakimiyyət yerli əhalinin etirazından daha çox, icra başçılarını vəzifələrindən uzaqlaşdırmağa çəkinir. Bu vəzifə sahiblərinin zülmündən isə əziyyət çəkən sadə vətəndaşlar olur. Üç il öncə İsmayıllı və ondan bir il öncə də Qubada baş verən məlum xalq üsyanları məhz belə yarıtmaz məmurların qanunsuz əməlləri ucbatından olmuşdu.
Bəzi ekspertlər hesab edirlər ki, iqtidarın bu şəxsləri postlarında saxlamalarına səbəb onlara olan inamdır. Çünki onlar nə qədər özbaşınalıq etsələr də hakimiyyətə daim sadiqlikləri ilə seçilirlər. Bölgələri nəzarətdə saxlamağın yeganə yolu isə bu tipli şəxslərin həmin ərazilərdə rəhbərlikdə olmalarıdır.
Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, iqtidar icra başçıları ilə bağlı siyasətini dəyişsə, vətəndaşların tələbləri çoxalar: “Hakimiyyət belə şəxsləri icra başçısı vəzifəsindən azad etsə, mahiyyətdə vətəndaşların icra başçısından etik normalara əməl etməyi üçün əllərində kifayət qədər əsaslar olacaq. Hər kəs bu məsələlərdə həm vətəndaş kimi haqqını, həm də mənəvi haqqını istəyəcək. Bu da vətəndaşın icra hakimiyyəti üzərində qələbəsi ilə nəticələnəcək. Amma bizdə fərqlidir, icra başçısı daha çox vətəndaş üzərində qələbə qazanmağı düşünür. Ona görə də hakimiyyət bu tipli məmurları vəzifələrdə saxlamağa daha çox önəm verir”.
İ.Ağazadə hakimiyyətin İsmayıllı və Quba olayları ilə üzləşə biləcəyi ehtimallarından da danışdı: “Bu gün İsmayıllı və Quba hadisələrinə oxşar hadisələr olmasa da, iqtisadi böhranın törətdiyi səbəblərə uyğun regionlarda aksiyalar keçirilir. Arzu edək ki, xaos olmasın. Amma düzgün siyasət yeridilməsə, münasibətlər sistemində yeni çalarlar ortaya çıxmasa, heç kim heç nədən sığortalanmayıb”.
Partiya sədri hakimiyyətin bu cür hallarda kadr qıtlığı ilə üzləşə biləcəyini də istisna etmir: “Hər bir daşı yerindən tərpətmək, onun əvəzinə yeni daş qoymaq özü-özlüyündə çətinliklər yaradır. Hakimiyyət üçün köhnələrlə işləmək daha uğurlu variant hesab olunur. Buna görə də iqtidar yoluna bu şəkildə davam edir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər