Deputatdan “Freedom House”a ittiham: “Hesabat qüsurludur” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 15:12 | Şərh sayı: (0) | Baxılıb: 456
Deputatdan “Freedom House”a ittiham: “Hesabat qüsurludur”
“Freedom House” yenə də Azərbaycanı təməl azadlığın ən çox pozulduğu on ölkə siyahısına salıb. Vətəndaş və siyasi azadlıqlar üzrə nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından biri olan “Freedom House” 195 ölkədə təməl azadlıqların durumu ilə bağlı hazırladığı “2016-cı ildə dünyada azadlıqlar” adlı hesabatında Əfqanıstan, Azərbaycan, Belarus, İran, İraq, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan söz və ifadə azadlığının ən çox pozulduğu on ölkə siyahısına daxil edilib. Ölkəmizdən fərqli olaraq, Gürcüstan və Ermənistan qismən azad ölkə kimi qeyd olunub.
Sənəd müəlliflərinə görə, 2015-ci ildə dünyada azadlığın səviyyəsi aşağı olsa da, 195 ölkədən 86-sı, yəni 74 faizi hələlik azad ölkə olaraq qalır, 59 ölkə isə qismən azaddır. Yerdə qalan digər 50 ölkə isə qeyri-azad ölkələrdir.
Onu ad qeyd edək ki, “Freedom House” Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində də “siyasi və vətəndaş hüquqlarına” qiymət verib. Sənədə görə, Ermənistan kimi, “Dağlıq Qarabağ da qismən azad ərazidir”.
“Freedom House”un hesabatını dəyərləndirən YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, təşkilatın hesabatı kifayət qədər qüsurludur: “Bunu görmək üçün heç də mütəxəssis və ya “Freedom House”un tarixi haqqında məlumatlı olmağa ehtiyac yoxdur. Dünyada kifayət qədər problemli, insan hüquq və azadlıqlarının pozulduğu ölkələr bu təşkilatın siyahısında müsbət qiymət alıblar. Hətta Azərbaycanın işğal edilmiş ərazisinə belə, qiymət verilib və qismən azad ölkə kimi dəyərləndirilib. Hesab edirəm ki, beynəlxalq hüquq normalarına hörmət edən təşkilatın işğal edilmiş ərazini ayrıca bir dövlət kimi göstərməsi, “Freedom House”un siyasi mövqedən çıxış etdiyini göstərir. Həmçinin Azərbaycanı qeyri-azad ölkə hesab etdiyi halda, “Freedom House”un hesabatı Azərbaycanda azad şəkildə dərc olunur. Hansı ki, onların təqdim etdiyi azadlıq və hüquq anlayışına görə, Azərbaycanda bu haqda hər hansı bir məlumat olmalı deyildi”.
Aydın Mirzəzadə həmçinin iddia etdi ki, “Freedom House”un hesabatında bəzi ölkələr, həmin ölkələrdə aparılan islahatlardan, insan hüquq və azadlıqlarının qorunmasından asılı olmayaraq, mənfi qiymət alıblar: “Hesab edirəm ki, bu, ilk növbədə həmin təşkilatın arxasında müəyyən maraqlı qüvvələrin durmasından irəli gəlir. Azərbaycanın işğal olunmuş ərazisinin ayrıca dövlət kimi göstərilməsində maraqlı olan qüvvələr də bu gün “Freedom House”u Azərbaycan haqqında mənfi rəy verməyə sövq edirlər. O ölkələr ki, Qərbdə müəyyən dairələrin maraqlarına uyğun hərəkət edirlər, yaxud onları öz təsirləri altına almağa çalışırlar, həmin ölkələr haqqında beynəlxalq aləmdə rəy yaratmağa çalışırlar. Azərbaycan 1993-cü ildən bəri hüquqi-demokratik dövlətin quruculuğu istiqamətində inkişaf edib. Azərbaycanda azad mətbuata, azad sözə, insan hüquqlarına hörmət var. Ölkədə hakimiyyətə qarşı açıq tənqid var, müxalifət sərbəst şəkildə seçkilərdə iştirak edir”.
Deputatın fikrincə, artıq “Freedom House”un hesabatları nə ictimai rəy, nə də beynəlxalq reaksiya doğurmur: “Bu gün Azərbaycan beynəlxalq birliyin fəaliyyətində açıq iştirak edən, beynəlxalq hüquq normalarını özü üçün ali norma kimi qəbul edən ölkələrdən biridir. Bu gün Azərbaycan iqtidarı da, cəmiyyəti də öz inkişafının bundan sonra da davam edəcəyini qəbul edir. Yəni, biz özümüzün qüsursuz olduğumuzu iddia etmirik. Lakin bununla belə, problemlərimizi özümüzün həll etməyimizin marağındayıq. Hesab edirəm ki, “Freedom House” siyasi məqsədlər güdən siyasi təşkilata çevrilib. Halbuki, öz bəyanatına görə, qiymətləndirmələri maraq, rəyləri isə reaksiya doğuran bir təşkilat da ola bilərdi. Lakin “Freedom House” bu şansı çoxdan əldən çıxarıb”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər