Azərbaycana krediti ağır şərtlərlə verə bilərlər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 12:38 | Şərh sayı: (0) | Baxılıb: 243
Azərbaycana krediti ağır şərtlərlə verə bilərlər
Ölkənin reytinqi nə qədər aşağı düşürsə, onun aldığı kredit faizləri də bir o qədər artır
Ölkəyə neftdən gələn gəlirlərin azaldığı, valyuta daxilolmalarının minimuma endiyi bir vaxtda hazırkı iqtisadi böhranda çıxış yollarından biri də xaricdən kredit borclarının alınması idi. Lakin hazırda bu məsələ ilə bağlı da ciddi problem yaranmaqdadır.
Ölkənin gəlirlərinin azalması, manatın il ərzində iki dəfə kəskin devalvasiyaya getməsi nəticəsində bankların düşdüyü durum və digər neqativ hallar beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində Azərbaycanın kredit reytinqinin də düşəcəyindən xəbər verir.
Belə ki, son olaraq beynəlxalq reytinq agentliyi Standard & Poor’s ölkənin kredit reytinqinin aşağı salına biləcəyini elan edib. Bunun səbəbi isə neftin ucuzlaşmasıdır. Bu amil təkcə Azərbaycanın deyil, iqtisadiyyatı neftdən asılı olan əksər ölkələrin kredit reytinqində geriləməsinə səbəb olub.
Azərbaycanın uzunmüddətli borc öhdəlikləri üzrə proqnozu “stabil”dən “neqativ”ə enib. Manatın ikinci devalvasiyasından sonra beynəlxalq reytinq agentliklərinin yenidən qiymətləndirmə aparacağı və ölkəmizin reytinqinin yenidən düşəcəyi ehtimalı gündəmdədir.
Əgər beynəlxalq agentliklər Azərbaycanın reytinqini aşağı salsa, ölkə xarici banklardan kreditləri daha yüksək faizlə almalı olacaq.
İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkənin reytinqi nə qədər aşağı düşürsə, onun aldığı reytinq göstərici üzərindən hesablanmış kredit faizləri də bir o qədər artır: “Son dövrlərdə Azərbaycanda bütün yüksək səviyyəli məmurların dilində, eləcə də prezidentin açıqlamalarında borclanma ilə bağlı mühüm ipucları var. Yəni xaricdən borcların cəlb olunması istiqamətində müəyyən işlərin görüldüyü açıq-aşkar görünür. Hazırkı böhranlı vəziyyətdən çıxış yolu kimi xarici borclanma yolunun seçilməsi də variantlardan biri idi. Çünki hazırda Azərbaycana birbaşa kapital qoyuluşunun cəlb olunması çox çətindir. Ona görə də xaricdən kredit alınması gündəmdədir. Ancaq bu məsələdə də çox böyük çətinliklər var. Birinci çətinlik ondan ibarətdir ki, beynəlxalq institutların, o cümlədən ən böyük kredit təşkilatları olan Beynəlxalq Valyuta Fondu və Dünya Bankı müəyyən reytinqlər çərçivəsində verirlər və müəyyən islahatlar tələb edirlər.
Azərbaycan hökumətinin bu islahatlara gedəcəyi məlum deyil, bununla bağlı hər hansı məlumat yoxdur. İkinci önəmli məsələ Azərbaycanın gəlirlərinin azalması və kredit reytinqinin reytinq agentlikləri tərəfindən aşağı salınmasıdır. Ölkənin reytinqi nə qədər aşağı düşürsə, onun aldığı reytinq göstərici üzərindən hesablanmış kredit faizləri də bir o qədər çox artır. Yəni iki il öncə əgər Azərbaycana 4-5 faiz civarında illik kredit faizi hesablanırdısa, indi bu, az qala iki dəfəyə yaxın artacaq. Reytinq aşağı düşdükcə, faizlərin yüksəlməsi gündəmə gələcək. Bu da çox ciddi problemdir. Dünyada 3 böyük reytinq agentliyi var: Moody’s, Fitch, Standard & Poor’s”. Onların verdiyi reytinq göstəricisi əsasında kredit faizləri hesablanır və ölkə haqqında ümumi bir rəy formalaşır".
Natiq Cəfərlinin açıqlamasına görə, son dövrlərdə ölkənin gəlirlərinin azalması ilə və bank sistemində yaranan problemlərlə əlaqədar hər üç təşkilat Azərbaycanın reytinqini neytraldan neqativə doğru dəyişib və yenidən yoxlamalar aparır: “Çox yaxın günlərdə ayrı-ayrı banklar və dövlət şirkətlərinin reytinqinə də yenidən baxılması gözlənilir. Artıq Moody’s bununla bağlı açıqlamasını verib, yaxın günlərdə digərlərinin də açıqlamalarının mətbuata yayılacağı gözlənilir. Bu açıqlamalar çox güman ki, kredit reytinqinin mənfiyə doğru düşəcək. Bu da kredit alınmasını çətinləşdirəcək. Yüksək faizlə alınmış kreditlərin effektiv xərclənməsi və onların gəlir gətirməsi gündəmə gələcək”.
Ekspertin fikrincə, daha böyük problem Azərbaycanda alınan kreditlərin xərclənməsinin effektivliyi ilə bağlıdır: “Bu günə qədər Azərbaycana 125 milyard dollardan yuxarı neft pulu gəlib. Bunun böyük bir hissəsi investisiya şəklində yatırılıb. Onların xərclənmə effektivliyi çox aşağı olduğundan qeyri-neft sektorunun yaranmasında, ölkənin çoxşaxəli iqtisadi modelə keçməsi, biznesin fundamental problemlərinin həllində biz heç nəyə nail ola bilmədik. Bu isə onu göstərir ki, kapital qoyuluşu effektiv deyil. Korrupsiya səbəbindən investisiya qoyuluşları effektiv idarə olunmur”.
“Heç kim zəmanət verə bilməz ki, xaricdən kreditlər alındıqdan sonra idarəetmədəki boşluqlardan irəli gələn səbəblərə rəğmən effektiv xərclənəcək”- deyən iqtisadçı ekspert ölkə ciddi şəkildə borc bataqlığına sürüklənə biləcəyini istisna etmədi: “Xaricdən borc cəlb etmək iqtisadi alətlərdən biridir. Lakin effektiv idarə olunmadıqda ölkənin yükünü artırmağa gətirib çıxaracaq. Bu səbəbdən borclanmadan öncə ciddi struktur dəyişikliklərinə ehtiyac var. İdarəetmə yenilənməli, yeni qaydalar daha şəffaf və etibarlı olmalıdır ki, alınan vəsait daha effektiv xərclənsin və ölkə iqtisadiyyatına xeyir versin".
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər