Azərbaycanda inqilabi islahatları zəruri edən daha bir ilginc səbəb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 22:45 | Şərh sayı: (0) | Baxılıb: 248
Azərbaycanda inqilabi islahatları zəruri edən daha bir ilginc səbəb
Beynəlxalq agentlik ölkənin kredit reytinqini ən aşağı səviyyəyə salmağa hazırlaşır; islahatları ləngitməyin hər günü ölkəyə daha baha oturmaqdadır; nə qədər ki, problemin həlli problemi yaradanlara tapşırılıb...
Azərbaycan 25 illik müstəqillik dövründə ən qəliz mərhələlərdən birinə daxil olub. Bunu iqtisadi böhran ərəfəsi, yaxud böhranın özü adlandıranlar da az deyil. Neft strategiyasının, iqtisadiyyatı və büdcəni neft dollarlarına indeksləşdirmə siyasətinin acı sonucu kimi ortaya çıxan bu durum ən əvvəl hakimiyyətdən təcili və sürətli iqtisadi-siyasi islahatlar tələb edir.
Bəs bu istiqamətdə fəaliyyət varmı? Müşahidələr nikbinlik üçün əsas yaratmasa da, “yuxarılar”dan gələn məlumatlar, hər halda, ölkə rəhbərliyinin ciddi şəkildə vəziyyətin fərqində olduğu təəssüratını formalaşdırır. Ötən yazılarımızda vurğulandığı kimi, mövcud təhlükəli situasiyadan ən optimal çıxış yolu, ən məqbul iqtisadi inkişaf modelinin tapılması üçün hətta xaricdən savadlı mütəxəssislər qrupunun dəvət edilməsi haqda informasiyalar yayılıb.
Lakin iqtisadçılara görə, bütün variantlar və modellərdə islahatlar üçün Azərbaycanın start maliyyə göstəriciləri önəmli rol oynayacaq. Bu üzdən hakimiyyətin yeni qaynaqlar tapmaq axtarışında olduğu da gələn xəbərlər sırasındadır...
***
Maraqlıdır ki, iqtisadi çətinliklərin öhdəsindən gələ bilməsi üçün Azərbaycanın xarici maliyyə bazarlarından vəsait cəlb etmək ətrafında danışıldığı vaxtda “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi ölkəmizin kredit reytinqinin aşağı salına biləcəyini bildirib (virtualaz.org). Bunun səbəbi qismində isə neftin ucuzlaşması göstərilir.
Agentlikdən bildirilib ki, ilin əvvəlindən neftin dəyərini daha 20 faizə yaxın itirməsi neft ixrac edən ölkələrin, o sırada Azərbaycanın kredit reytinqinin aşağı salınmasını qaçılmaz edir. Bundan əvvəl agentlik ölkəmizin kredit reytinqini BBB səviyyəsində saxlayıb, ancaq uzunmüddətli borc öhdəlikləri üzrə proqnozu “stabil”dən “neqativ”ə endirib.
İndi isə gözlənilir ki, Azərbaycan, Bəhreyn, Qazaxıstan, Oman, Rusiya, Səudiyyə Ərəbistanı, Braziliya və Venesuelanın kredit reytinqlərinə yenidən baxılacaq. Analitiklərə görə, əgər agentlik Azərbaycanın reytinqini aşağı salsa, bu, o demək olacaq ki, ölkə xarici maliyyə bazarlarından kreditləri daha yüksək faizlə cəlb etməli olacaq.
***
Yada salaq ki, bugünlərdə prezident İlham Əliyev ölkədəki iqtisadi-sosial vəziyyət barədə hökumətin iqtisadi bloku ilə keçirdiyi müşavirədə mövcud valyuta qıtlığını aradan qaldıra bilmək üçün xarici bazarlardan vəsait cəlb edilməsinə göstəriş verib. Ölkə başçısı deyib ki, indiyədək Azərbaycan xarici borclar məsələsində çox ehtiyatlı davrandığı üçün xarici borcu ən az olan ölkələr arasındadır. Hazırda bu borc ÜDM-in 12-14 faizinə yaxındır.
İlham Əliyev bu mövzuda Davos forumunda danışıb və qeyd edib ki, Azərbaycanda islahatlar aparmaq üçün yaxşı vaxtdır. O, ölkənin maliyyə sektorunda fundamental islahatlara, iqtisadi islahatlar aparmağa, ixrac yönümlü qeyri-neft məhsullarının istehsalına başlandığını deyib və əmin olduğunu söyləyib ki, Azərbaycan böhranın öhdəsindən gələcək. Eyni zamanda o, pozitiv start göstəricilər qismində vurğulayıb ki, xarici borc ÜDM-in cəmi 12 faizini təşkil edir və ölkənin xarici valyutada böyük ehtiyatlar var.
***
Ölkənin valyuta gəlirlərinin kəskin azaldığı bir vaxtda bu aşağı borclanma səviyyəsi imkan verir ki, ən zəruri sahələrə kapital qoyuluşları üçün beynəlxalq maliyyə institutlarından kredit cəlb etsin. Aparıcı beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini “üç B” səviyyəsində saxlaması bu kreditləri aşağı faizlə cəlb etməyə imkan verirdi.
“Nezavisimaya qazeta” yazıb ki, Rusiya da kəskin valyuta çatışmazlığı şəraitində borc götürməyə hazırlaşır. Maliyyə Nazirliyi bildirib ki, xarici bazarlardan 3 milyard dolların cəlb edilməsi planlaşdırılır. Lakin indi Rusiya da bu borcu daha yüksək faizlə cəlb etməli olacaq. Rusiyanın xarici borcu isə Azərbaycanla müqayisədə yüksəkdir və ÜDM-in 42 faizinə yaxındır. Sonuncu dəfə Rusiya xarici bazarlardan 2012-ci ildə vəsait cəlb edib. 2 milyard dollar məbləğində 5 illik avrobondlara görə ildə 3.3 faiz, 10 illik avrobondlara görə (2 milyard dollar) ildə 4.6 faiz, 30 illik avrobondlara görə (3 milyard dollar) illik 5.8 faiz ödəmək öhdəliyi götürüb.
Ekspertlər isə hesab edir ki, hökumət kreditin daha da bahalaşdığı bir vaxtda borc götürməkdənsə ölkənin öz valyuta ehtiyatlarından istifadə etməlidir. Xüsusən də Azərbaycan böyük həcmli xarici kreditlərə girişməyə də bilər.
***
Ancaq bir şey həqiqətdir ki, əgər vəsaitlərdən təyinatı üzrə, yəni islahatları sürətləndirmək, böhranı aradan qaldırmaq üçün istifadə olunmayacaqsa, o zaman onun mənbəyi (xarici kredit, yoxsa milli valyuta ehtiyatı) heç bir önəm kəsb etməyəcək.
Əsas məsələ də elə Azərbaycan iqtidarının radikal islahatlara nə dərəcədə hazır olmasıdır. Ötən yazıda vurğulandığı kimi, bundan ötrü 3 mühüm şərtin təmin olunması vacibdir - siyasi iradə, islahat komandası və konkret zamana hesablanmış islahat proqramı. Onlardan hər hansı biri çatmasa, islahatlar yenə baş tutmayacaq və ya yarımçıq qalacaq.
Məsələn, islahat proqramı deyəndə ilk növbədə ölkədə legitim hakimiyyət qollarının, ələlxüsus da müstəqil parlament və məhkəmə hakimiyyətinin qurulması nəzərdə tutulur. Bundan ötrü isə erkən seçkilər qaçılmazdır. Üstəlik, bunu beynəlxalq maliyyə institutları da görməli, duymalıdır. Varmı?
Hələ ki sadalanan istiqamətlərdə nisbi sakitlik hökm sürür. Hələ ki Azərbaycanı ağır problemlərə salmış bir hökumət komandası bütün heyəti ilə iş başındadır. Problemin həllini isə problemi yaradanlara tapşırmırlar...
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər