Hərə öz qohumunu döysün |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 22:06 | Şərh sayı: (0) | Baxılıb: 261
Hərə öz qohumunu döysün
Xırdalanda balaca şagird qızı döyən müəllim haqda reportajda bir detal diqqətimi çəkdi: o məktəbin qabağındakı lövhədə “Misir-ərəb təmayüllü məktəb” yazılmışdı.
Çox rəmzi lövhədir. Bunu həm ərəb xürafatının qədim dövrlərindən qalma falaqqa üsulu ilə şagirdə cəza verilməsi ənənəsinin yaşadılması, həm də keçmiş təhsil nazirimiz həşəmətli Misir müəllimin əziz xatirəsinin yad edilməsi kimi yoza bilərik. Misir və ərəblər bir yerdə birləşibsə, yazıq o məktəbdə oxuyan uşaqların gününə.
Hərçənd bəlkə çoxunuz unutmusunuz, o məktəb nakam qalmış Misir-Azərbaycan dostluğunun yadigarıdır. Bir vaxtlar yapistlər Misir diktatoru Hüsni Mübarəklə qardaşlaşmışdılar, Xırdalanda bunun şərəfinə nəinki məktəb, hətta içində piramida və Mübarəkin heykəli olan park da qayırmışdılar. Əvəzində misirlilər də öz ərazilərindəki hansısa balaca şəhərdə yapistlərin liderinə heykəl qoyub, küçə adı vermişdilər. (Neft baha olanda biz xeyli belə “dövlətçilik və Azərbaycanı tanıtma” tədbirlərinə şahid olmuşduq, indi nəsə passivlikdir). Sonra misirlilər “ərəb baharına” qoşulub Mübarəki tutub qoduqluğa saldılar, heykəllərini uçurtdular. Karikatur vəziyyət yaranmışdı: Mübarəkin dünyada yeganə heykəli Xırdalanda qalmışdı. Dünya xalqları yapistlərin bu “müdrik siyasətinə” görə bir müddət azərbaycanlıları barmaqla göstərib lağ elədilər. Nəhayət, bir gün yapistlər də bezib Mübarəki uçurtdular, bir dövlətçilik problemimiz də yumurtanın qiyməti kimi həll edildi.
Uşağı döyən müəllim haqda məktəb direktorunun açıqlamasını oxudum. Deyirdi bu uşaq müəllimin öz qardaşı qızıdır. Demək istəyir, ərklə döyübdür. Əlbəttə. Bu bizim mentalitetdən, milli xüsusiyyətlərimizdən irəli gəlir. Avropanın yaxşısını götürüb pisini atmalıyıq. Bizim öz qədim adətlərimiz vardır. Qızını döyməyən dizinə döyər. Muğamda qaldır zəngulə, uşağı vur dingildə. Müəllim vuran yerdən qızılgül açılar. Məktəbli döyülə-döyülə, müxalifətçi söyülə-söyülə. Şagirdin qanı alimin mürəkkəbindən bahadır. Təpik Xırdalanda da dəysə get. Və sairə və ilaxır - belə müdrik, ağsaqqal məsləhətlərimiz çoxdur.
Yaxşı yadıma düşdü, Cəbrayılın icra başçısı, dövlət xadimindən çox nokauta düşmüş boksçuya bənzəyən o yekəpər tip də bir az qabaq şikayətçiyə “axmaq köpəyoğlu” deyib söyməsini elə Xırdalandakı müəllimin məntiqiylə izah etmişdi: “O mənim bacım oğludur, ona görə söydüm”.
Təbii. Hər kəs öz qohumlarını söyüb-döysə ölkəmiz düzələcək. İslahatı özümüzdən başlamalıyıq. Sadəcə, xaraba bir az balaca yerdir, kimə şıllaq atsan öz qohum-qardaşına dəyəcəkdir. Eybi yoxdur. Təki adamı elə öz qohumu vursun. Təki adamı elə öz əqrəbası, öz milləti soyub-talasın. Etibar Məmmədovun “Hyatt-Regencu” hotelinin hovuzunda boğulmazdan öncə dediyi dəhşətli müdrik fikir elə bu haqda olmuşdu: “Öz millətimin diktatoru, başqa millətin demokratından əzizdir”. Eynilə, milli müəllimin vurduğu şapalaq hansısa ermənipərəst senatorun hazırladığı sanksiya layihəsindən qiymətlidir, əzizdir, dəyərlidir, daimidir, dönməzdir, dəqiqdir, qərəzsizdir, vicdanlıdır!
Sözgəlişi, telekanalizasiya idarəsi ilə unitazlardan biri arasındakı əcaib davada bağırsaq qurdunun qalib gəlməsi daha bir möhtəşəm aksiyadır. İntəhası, maraqlıdır, idarə müdiri deyir qurd öz yanlışını anlayıb üzr istədi, qurd isə deyir idarə müdiri yaramazdır, pulları basıb yemişdir. Canları cəhənnəmə. Mən, sadəcə, ərazidəki qanunsuz durumdan narahatam. Qanun şah olmaq yerinə, şah qanuna çevrilmişdir. Görürsən hansısa prokuroru tuturlar, sabahısı buraxırlar, prokurorun atası prezidentə minnətdarlıq yazır. Taxıl kisəsi ucuzlaşır, yenə prezidentə təşəkkür məktubları uçur. Hətta veriliş bağlayıb açmaq da ölkənin birinci şəxsinə aiddirsə, bəlkə xahiş eləyək, uşaqları da elə o özü, şəxsən şapalaqlasın? Nə olar ki. Hətta minnətdar olarıq. Yeri gələndə o da bizim qohum çıxır - babamızın oğludur.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər