Müəllim şagirdi niyə döyür? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 19:48 | Şərh sayı: (0) | Baxılıb: 357
Müəllim şagirdi niyə döyür?
Təhsil eksperti: “Müəllimlərin etik davranış qaydalarından xəbəri yoxdur”
Psixoloq: “Şiddət göstərən müəllimin psixi nevroz olmasına ehtimal çoxdur”
Son dövrlərdə məktəblərdə baş verən bir sıra neqativ hallar müəllim şagird münasibətlərinin heç də ürək açan vəziyyətdə olmadığını göstərir. Şagirdlərin müəllimlərə qoyduğu dırnaq arası hörmət, müəllimlərinsə uşaqlara tətbiq etdiyi şiddət təəssüflər olsun ki, təhsil sistemini iflic vəziyyətinə salıb.
Əvvəllər istifadə edilən küncə qoyma, tək ayaq üstə saxlama kimi cəza metodları indi daha kəskin üsullarla əvəzlənib. Son zamanlar məktəblərdə şagirdlərin müəllimlər tərəfindən döyülməsi haqda yayılan xəbərlərə, çəkilən videolara sosial şəbəkələr, internet saytları vasitələrində tez-tez rast gəlirik. Son olaraq da Sumqayıtda yerləşən 22 saylı orta məktəbdə İdris adlı tarix müəlliminin şagirdi amansızcasına döydüyünü əks etdirən video bizi müəllim şagird münasibətlərini yenidən gündəmə gətirməyə vadar etdi.
Bəzən müəllimlər şagirdlərin dərsi pozduğunu, heç bir sözə əhəmiyyət vermədiyini, buna görə də şiddət sərgiləməyə məcbur olduqlarını deyirlər. Amma bu şagirdə qarşı olan şiddətə haqq qazandırmır. Bir şagirdin uşaqlar içərisində döyülməsi onun gələcəkdəki yaşam tərzinə, psixologiyasına da təsir edir. Bir sıra ölkələr var ki, orada müəllimlərin şagirdə müəyyən çərçivədə şiddət göstərməsi qanunla tənzimlənir. Ancaq elə ölkələrdə var ki, bunun cəzası ağır olur. Məsələn İngiltərə Təhsil Nazirliyinin qərarına görə dövlət məktəblərində müəllim intizamı təmin etmək məqsədi ilə müvafiq ölçüdə şiddət göstərə bilər. İngiltərə Təhsil Nazirliyinin hazırladığı 200 səhifəlik qaydalar kitabçasının 52-ci səhifəsindəki qaydalar bu cürdür: Müəllim şagirdə məqbul ölçüdə şiddət tətbiq edə bilər. Həmçinin şagirdləri şikayət etmək üçün polis çağıra bilər. Müəllim şagirdin çantasında spirtli içkilərin, narkotik maddələrin olduğundan şübhələndiyində şagirdin çantasında axtarış apara bilər. Həmçinin İngiltərədə həddindən artıq şiddət tətbiq etdiyi iddia edilən müəllim dərhal vəzifəsindən azad edilməz.
Türkiyədə isə disiplin cəzası deyilən metod mövcuddur. Türkiyənin hər bir məktəbində disiplin qurumu fəaliyyət göstərir. Bu komitədə şagirdlər üçün 4 növ cəza metodu var: qınama, məktəbdən qısa müddətli uzaqlaşdırma, məktəbdən tamamilə çıxarılıb başqa məktəbə göndərilmə, formal olaraq təhsildən kənara çıxartmaq. Bu cəzalar verilərkən belə şagirdin yaşı, onun şəxsi xüsusiyyətləri və psixoloji vəziyyəti, əvvəllər cəza alıb almadığı, dərslərdəki müvəffəqiyyəti, məktəbə zidd davranışının hansı şərtlər altında etdiyi nəzərə alınır. Həmçinin cəza tətbiq edilmədən öncə şagirdin ailəsi və ətraf ilə bağlı məlumatlar toplanır, valideynləri və sinif rəhbəri ilə danışıq aparılır.
Maraqlıdır, Azərbaycanda müəllim nadinc uşaqla necə rəftar etməlidir? Ümumiyyətlə müəllimlərin şagirdlərə verdiyi “cəza” anlayışı nə dərəcədə doğrudur?
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bir sıra müəllimlərin etik davranış qaydalarından xəbərsiz olduğunu dedi : “2014-cü ildə müəllimlərin etik davranış qaydaları təsdiqlənib. Həmin qaydalara görə müəllim təhsil alana heç bir fiziki cəza verə bilməz. Eyni zamanda təhsil alanın şərəf və ləyaqətinin tapdalayan hərəkətlərə yol verə bilməz. Bununla yanaşı həmin etik qaydalarda göstərilir ki, müəllim davranışına, sözlərinə, fikirlərinə diqqət yetirməlidir. Müəllimlərin hazırkı etik davranış qaydaları göstərir ki, orta məktəblərdə bu qaydalar yaxşı təbliğ olunmur. Müşahidə aparsaq görərik ki, məktəblərin çoxunda müəllimlərin etik davranış qaydaları haqqında məlumatı yoxdur. Yaxud da həmin qaydalar məktəbin hansısa görünən yerində oxunmaq üçün asılıb. Bütün hallarda müəllim şagirdi o şəkildə döyməməlidir. Döyməklə uşağı oxutmaq mümkün deyil. Bu bir mənalı şəkildə belədir. Ən azından dəcəl uşaqları məktəb mühitində tərbiyə etmək lazımdır. Eyni zamanda keçilən fənlərin elementar əsaslarını öyrətmək lazımdır”.
Ekspert bu cür hadisələrin məktəbdə təlimlə tərbiyənin bir biri ilə uzlaşmadığını göstərdiyini dedi: “Tərbiyə prosesində çox ciddi qüsurlar var. Ona görə də bu gün tərbiyə məsələləri arxa plana çəkildiyi üçün bu cür neqativ hallara yol verilir. Müəllim sinifdə dərs mühitinin qorunub saxlanmasına maraqlı olmalıdır. Şagirdi döyən müəllimin uşaqlar arasında hansı hörməti ola bilər?! Ən təəssüfləndirici hal ondan ibarətdir ki, bu gün müəllimlər, valideynlər informasiya cəmiyyətinin fəlsəfəsini bilmirlər. Yəni istənilən hərəkətlə əl telefonları, kameralar vasitəsilə izlənə bilər və bu görüntülər yayılandan sonra o müəllim, valideyn üçün çox ağır nəticələr verir. Yəni informasiya cəmiyyətinin alətləri istənilən hərəkətləri qeyd edə bilir. Bunu çox saylı insanlar dərk edə bilmir. Ona görə də onlar öz hərəkətlərini korreksiya etməlidirlər. Ən əsası isə istər məktəb rəhbərliyi istərsə də valideynlər məktəbdə təhsil mühitinin normal halda olmasına maraqlı olmalıdır”.
Psixoloq Dəyanət Rzayev isə müəllimlərin əsəbilərinin pozulduğunu dedi: “Uşaq necə nadinc olursa olsun müəllimin uşağa şiddət göstərməyə, təhqir etməyə ixtiyarı yoxdur. Şagird əgər müəllimə bıçaq çıxararsa, müəllim özünü qoruyarsa, bu başqa məsələdir. Müəllim uşağa nəyə görə şiddət göstərir, onu tərbiyə etmək üçün?! Yox, bu ona görə baş verir ki, müəllimlərin də artıq əsəbiləri pozulub. Müəllim peşəsi elə bir peşədir ki, onların psixi nevroz olmasına ehtimal çoxdur. Müəllim təbii ki, öz əsəbilərini cilovlaya bilmir şiddət göstərir. Ola bilər ki, şiddət görən uşaq qorxsun və gələn dərsdə dəcəllik etməyib sözə baxsın. Amma bu qorxuya əsaslanacaq və həmin insan gələcəkdə qorxaq, özünə güvənməyən birisi olacaq. Bu kimi şiddət halları daha çox Azərbaycan bölməsində olur. Rus bölmələrində belə hallara az rast gəlinir. Şiddət göstərən müəllimi işdən çıxartmaqla kifayətlənmək lazım deyil, cəzalandırmaq lazımdır. Şiddət görən uşaq böyüyəndən sonra sabah eyni şeyi başqalarına edib qisas alacaq. Həmin uşağın beyni şüur altı informasiya kimi qəbul edir ki, belə etmək lazımdır və həmin davranış modeli o uşaqda yaranır. Ona görə də bu problemin həlli deyil. Sabah o uşaqlardan kimlərsə müəllim olanda eyni şiddəti göstərəcək”.
Psixoloq əvvəlcə şagirdin dərsdə niyə belə etdiyini öyrənmək lazım olduğunu dedi: “Uşaqlar var ki, istedadlıdırlar amma bir yerdə dayanmırlar. Uşağın bu cür davranışlarının bir neçə səbəbi ola bilər. Ola bilər ki, o doğuş zamanı başından travma alsın. Daha sonra ailədə valideynləri arasındakı konfliktlərdə uşağa təsir edə bilər. Ola bilər ki, məktəbdə uşağa olan münasibətlər normal deyil. Həmçinin buna səbəb şiddətli kompyuter oyunları da ola bilər. Əvvəlcə səbəbi tapmaq lazımdır. Səbəbi də peşəkar psixi terapevt tapmalıdır. Uşağın problemini müəyyən etdikdən sonra o istiqamətdə iş aparmaq lazımdır. İndiki təhsil, tərbiyə sistemi heç bir məntiqə sığmır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər