Hikmət Hacızadə Etibar Məmmədov haqqında sirri açdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 18:24 | Şərh sayı: (0) | Baxılıb: 870
Hikmət Hacızadə Etibar Məmmədov haqqında sirri açdı
“Mən demişdim ki, o, AXC adından orada danışa bilməz, danışırsa, qoy Vəzirovla və Nemət Pənahovla birgə üzv olduğu “Milli Müdafiə Komitəsi”nin adından danışsın”
Milli azadlıq hərəkatının liderlərindən biri, AMİP lideri Etibar Məmmədovun 24 il əvvəl dərc olunmuş müsahibəsinin yenidən ictimailəşməsi kəskin fikir toqquşmaları ilə müşayiət olunan müzakirələrə səbəb olub.
Xatırladaq ki, “Aydınlıq” qəzetinin 1992-ci il, 17 aprel tarixli buraxılışına verdiyi müsahibədə E.Məmmədov AXC İdarə Heyətinin üzvü olan Hikmət Hacızadəni onun həbsinə razılıq verməkdə ittiham edib. Sitat: “Mənim mətbuat konfransımdan sonra Hikmət Hacızadə Moskvaya zəng edib bildirib ki, Etibar Məmmədovun danışıqlar aparmağa heç bir səlahiyyəti yoxdur, onunla danışıqlar aparılmasın. Çox keçmədən müstəntiqin də etiraf etdiyi kimi, AXC İdarə Heyətinin belə münasibətindən sonra həbs olunmağım qərara alınıbmış. Beləliklə, mənim həbs edilməyim üçün ilk növbədə AXC İdarə Heyətindən, sonra isə Ayaz Mütəllibovdan razılıq alınıbmış. Bu da bəllidir ki, məni 9 ay yarım həbsdə saxlamaqda məqsəd milli hərəkatı zəiflətmək idi”.
AMİP liderinin eks-prezidentlə bağlı ittihamlarına A.Mütəllibovun reaksiyası ötən sayımızda dərc olunub. Keçmiş prezidentin kəskin cavabına E.Məmmədov və onun partiyadaşı Əli Orucovdan sərt reaksiya gəlib. Müsahibədə açı çəkilən Hikmət Hacızadədə isə “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi: “Etibar düz deyir. İdarə Heyəti onun Moskvada danışıqlar aparması üçün heç bir razılıq verməyib. Xüsusilə də ona görə ki, bütün bu faciənin bir hisssi məhz onun məsuliyyətsizliyindən yaranıb. Bundan sonra ona bizdə heç bir etibar qalmayıb”. “Şəxsən sizin Etibar Məmmədovla bağlı Moskvaya müraciətiniz olmuşdumu” sualına cavabında H.Hacızadə bunları bildirdi: “Şəxsən mən heç yerə müraciət etməmişəm. Etibar Məmmədov burada yanılır. Etibar Azərbaycan SSR-nin Moskvadakı nümayəndəliyinə gələndə və orada mətbuat konfransı keçirəndə oradan dərhal mənə hansısa jurnalist zəng etmişdi. Həmin jurnalist məndən soruşdu ki, Etibar Məmmədovun burada AXC adından danışmağa səlahiyyəti varmı? Mən də demişdim ki, o, AXC adından orada danışa bilməz, danışırsa, qoy Vəzirovla və Nemət Pənahovla birgə üzv olduğu ”Milli Müdafiə Komitəsi"nin adından danışsın. Vəssalam! Başqa söhbət olmayıb".
H.Hacızadə həbsində A.Mütəllibovun əlinin olması, yəni onun razılıq verməsi barədə E.Məmmədovun dedikləri barədə qısaca bunu bildirdi: “Mütəllibov məsələsindən xəbərim yoxdur”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər