Mənzil bazarında qiymətlər düşür - səbəblər və proqnoz |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-11-2015, 11:58 | Şərh sayı: (0) | Baxılıb: 374
Mənzil bazarında qiymətlər düşür - səbəblər və proqnoz
Birmənalı şəkildə demək olar ki, Azərbaycanın mənzil bazarında qiymət azalmaları müşahidə edilir.
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanın mənzil bazarındakı son vəziyyəti təhlil edərkən bildirib.
Ekspertin sözlərinə görə, aparılan qiymət monitorinqləri göstərir ki, son 1 ildə mənzil bazarında qiymətlər 14 faiz aşağı düşüb. Onun fikrincə, qiymətlərin düşməsinin əsas səbəbi, ilk növbədə, alıcıların sayının və tələbin azalması ilə bağlıdır: "Baxmayaraq ki, bəzi KİV-lərdə mənzillərin qiymətlərinin artması ilə bağlı məlumatlar yayılır, əminliklə deyə bilərəm ki, bu, süni tələb formalaşdırmağa hesablanıb. Çünki monitorinqlər göstərir ki, bu gün mənzil bazarında qiymət artımı müşahidə edilmir. Bazarda iki qiymət olur: təklif edilən qiymət və real qiymət. Məsələn, mənzil sahibi öz mənzilini 120 min manata satmağa çalışır və bunu son qiymət kimi təqdim edir və bu qiymətdən aşağı düşməyəcəyini bildirir. Amma təcrübə göstərir ki, real alıcı olduqda və mənzilə görə 100 min manat təklif edilirsə, həmin mənzil satılır. Yəni təklif edilən və real qiymətlər arasında kəskin fərq olur. Təklif edilən qiymət real qiymətdən daha yüksək olur".
Onun fikrincə, bazarda tələbin azalması dünyada mənzil bazarında baş verən dəyişikliklərlə də bağlıdır: "Çünki həm dünya, həm də region bazarında ucuzlaşma müşahidə edilir. Bu da Azərbaycan bazarına təsir edir. Yaınız neft ölkələrində də, qeyri-neft ölkələrində də bu tendensiya müşahidə edilir".
İqtisadçı qiymətlərin aşağı düşməsinin digər səbəblərini də açıqlayıb: "Bu, həm də Rusiyadakı böhrandan sonra oradan yaşayan azərbaycanlıların Azərbaycandakı mənzil bazarına tələbatının azalması və bu bazarın kommersiya baxımdan cəlbedici olmaması ilə bağlıdır. Artıq Azərbaycanın mənzil bazarı əvvəlki cəlbediciliyini itirib. Çünki əvvəllər burada mənzili alıb müəyyən müddətdən sonra gəlir əldə etmək mümkün idisə, indi artıq mənzillərin qiyməti aşağı düşdüyü üçün bu sahə gəlir gətirmir. Gəlir gətirmədiyi üçün də mənzillər kommersiya məqsədi daşımır. Eyni zamanda, vətəndaşların qənaətə, yığıma üstünlük verməsi də bazarda alıcıların sayının azalmasına və qiymətlərin aşağı düşməsinə təsir göstərir".Ekspertin sözlərinə görə, monitorinqlər göstərir ki, təmirsiz mənzillərdə qiymət azalmaları daha yüksəkdir: "Çünki təmirsiz mənzilləri alan vətəndaşları onları təmir etdirmək və buna əlavə vəsait xərcləmək məcburiyyətindədirlər. Ona görə də alıcı bunda maraqlı deyil. Digər tərəfdən təmirsiz mənzillərin böyük qisminin mənzil sertifikatı və ya "çıxarış"ı yoxdur. Bu da həmin mənzillərə olan tələbata təsir göstərir. Çünki "çıxarış"ı olmayan mənzillər ipoteka subyekti ola bilmir və vətəndaşların bir hissəsi də "çıxarış" olmayan mənzillərin alınmasında maraqlı deyil. Ona görə də təmirsiz mənzillərin qiymətlərindəki azalmalar daha çoxdur".
İqtisadçı mənzil bazarındakı qiymətlərlə əlaqədar proqnoz verməkdən də çəkinməyib: "İlin sonuna kimi qiymət azalmalarının davam edəcəyi proqnozlaşdırılır. Yalnız ipoteka proqramının genişləndirilməsi 2016-cı ildə qiymətlərin stabilləşməsinə gətirib çıxara bilər. Bir daha qeyd edirəm ki, gələn il ipoteka proqramı ilə ipoteka kreditlərinin şərtləri yüngülləşərsə və bu proqram çərçivəsində bazara daxil olan vəsaitlərin həcmi artarsa, o zaman qiymətlərdə ciddi artım yox, məhz stabilləşmə ola bilər. Amma hələlik yaxın vaxtlar üçün ciddi qiymət artımı gözlənilmir".
Qeyd edək ki, report-un xəbərinə görə,"MBA Consulting Group" şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabata əsasən, bu ilin sentyabr ayında Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan tam təmirsiz ("pod mayak") mənzillərin orta təklif qiyməti 3,09% azalıb.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər