Niyə avronun bahalaşması yada düşmür? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-12-2015, 19:27 | Şərh sayı: (0) | Baxılıb: 283
Niyə avronun bahalaşması yada düşmür?
Ekspertlər bildirirlər ki, bu, daha çox psixoloji məqamdır, ancaq...
Ölkədə baş verən ikinci devalvasiya nəticəsində manat dollara qarşı 48 faiz ucuzlaşıb. Mərkəzi Bankın İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Nəticədə dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63 faiz və ya 0,501 manat artaraq 1,5500 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88 faiz və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib. Manata nəzərən Rusiya rublunun məzənnəsi 47,3 faiz və ya 0,007 manat bahalaşaraq 0,0218 manat olub. Maraqlıdır ki, manatın ucuzlaşması fonunda daha çox dollarla bağlı məsələlər qabardılır.
Bəs avronun manata və Azərbaycan bazarına təsirindən nə səbəbdən danışılmır?
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, devalvasiya ilə bağlı avronun adının hallanmaması daha çox psixoloji məqamdır: “Çünki Azərbaycan əhalisinin müstəqillikdən bəri kökləndiyi valyuta dollardır. Yəni yığımını dollarla edirdi. Daşınmaz əmlak bazarında, avtomobil bazarında manatın başına bu fəlakətlər gəlməmişdən əvvəl dollarla qiymətlər müəyyənləşirdi. Yəni Azərbaycan əhalisi dolara öyrəşmişdi. Təbii ki, avronun da bahalaşması eyni dərəcədə Azərbaycan bazarında ciddi rol oynayacaq. Bu, əsasən Avropadan gətirilən məhsulların qiymətinə ciddi təsir göstərəcək. Çünki Avropa ölkələri bizim ticarət balansında önəmli yer tutur.
Avropadan gətirilən avtomobillərdə, avtomobillərin ehtiyat hissələrində, bəzi ərzaq məhsullarında, geyimdə, mebel aksessuarlarında, yəni bir çox sahələrdə avronun bahalığı öz təsirini göstərəcək. Çünki bu mallar avro ilə alınıb gətirilir. Və avronun dəyərinin qalxması, manatın avroya qarşı zəifləməsi təbii ki, Avrozonadan gələn məhsulların qiymətinə də ciddi təsir göstərəcək. Artım burada da təqribən 35-40 faiz civarında olacaq. Bu, təbii ki, psixoloji cəhətdən başadüşüləndir. Çünki Azərbaycanda dollar populyardır. Amma iqtisadi nöqteyi-nəzərindən avronun bahalaşması Azərbaycan iqtisadiyyatında, əsasən də qiymətlərin bahalaşmasında mühüm rol oynayacaq”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər