Razi Nurullayevin partiyası anti-böhran təkliflərini açıqladı – Tam MƏTN |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 16:18 | Şərh sayı: (0) | Baxılıb: 255
Razi Nurullayevin partiyası anti-böhran təkliflərini açıqladı – Tam MƏTN
Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ölkədə dərinləşməkdə olan iqtisadi böhrandan çıxış yolları ilə bağlı təkliflər paketi hazırlayıb və ictimai müzakirəyə çıxarıb. Təkliflər paketinin birinci hissəsi ən gəlirli sahələrdən biri olan turizmlə bağlıdır.
Musavat.com həmin anti-böhran təkliflərini olduğu kimi diqqətinizə təqdim edir:
“Birinci hissə - Turizm
Qısa giriş:
Neft qiymətlərinin aşağı düşməsi, ölkənin iqtisadi gəlirlərinin azalması, dünyada böhranın davam etdiyi bir zamanda ölkənin böhrandadan çıxmasında, ümumi prosesin üzərimizdə daha az hiss olunması üçün turizm sektorunun inkişafı və istifadəsinin mövcud şəraitə, qiymətlərinin ölkə daxilində vətəndaşlara, o cümlədən xarici turistlərə əlçatan olması vacibdir. Əlverişli iqlim şəraiti, təbii resurslar (Xəzər dənizi, dağlıq-meşəlik ərazilər, müxtəlif qədim abidələr, istirahət kompleksləri, qış və yay turizm mərkəzləri və s.) bu gün ölkə iqtisadiyyatının dayanıqlı inkişafına doğru fokuslaşdırılmalıdır.
Dünyanın bir çox əlaqələrində, xüsusən Azərbaycanın yaxın qonşularnda turizm dövlətin əsas gəlir mənbələrindən biridir. Gediş-qayıdış bileti ilə birlikdə Türkiyədə bir həftəlik tam dincəlmə 400 ABŞ dollarından başlayır. Bu istirahətə bütün xidmətlər daxildir. Azərbaycanda isə bu qiymətə ulduzsuz hotellərdə maksimum dörd gün yaşamaq (digər xidmətlər buraya daxil deyil) olar.
Rəsmi statistikaya görə, Azərbaycandan Gürcüstana bir ildə 1 milyon insan gedir. Hər turistin bu ölkədə ən azı 400 dollar pul xərclədiyini nəzərə alsaq, onda deyə bilərik ki, hər il Azərbaycandan Gürcüstana 400 milyon pul axır. Azərbaycanlılar təkcə Gürcüstana deyil, Türkiyə və Rusiya kimi ölkələrə də turist kimi gedir və ölkə büdcəsinə yönəldilməsi mükün olan vəsait xarici ölkələrin büdcəsinin artırılmasına sərf edilir.
Azərbaycanda turizm xidmətləri də bərbad vəziyyətdədir və onilliklər ərzində daxili və xarici turistlərin rahatlığı üçün bu sahədə əsaslı dönüş yaradılmayıb.
TƏKLİFLƏR
Azərbaycanda kifayət qədər turizm mərkəzləri var. Lakin, onların çoxu yatmaq üçün yer və restoran xidmətləri təklif edir. Artıq azərbaycanlı təfəkkürünə oturuşub ki, istirahət yaxşı yeyib-içməkdən ibarətdir. Lakin turizm obyektlərini daha effektiv və rentabelli etmək, dövlətin gəlirlərinin formalaşmasında əsas pay sahiblərindən birinə çevirmək üçün konkret proqram, tövsiyə və nəzarət müxanizminin formalaşdırılması günmüzün əsas şərtlərindəndir.
İlkin olaraq, ölkə boyu turizm obyektlərinə 3 (üç) ay möhlət müddəti tanınır və onlar bu zaman ərzində qiymətləri yerli imkanlara, habelə xarici turistlərin cəlb olunmasına və o cümlədən xidmətləri dünyada qəbul olunmuş standartlara uyğunlaşdırır.
Birinci növbədə, istənilən turizm obyektində xidmətlərə üç dəfə qidalanma, yataq, müalicə-sağlamlıq, idman və buna bənzər digər xidmətlər daxil edilir, o cümlədən tarixi və görməli yerlərə səyahət təşkil edilir. Bunlara əlavə olaraq, hər bir turizm obyektinin ən azından Azərbaycan və rus dillərində internet səhifəsinin və qiymətlərlə barəbər bütün xidmətlərin də siyahısının verilməsi təlimatla tənzimlənir. Ölkəyə gələn yaxud ölkə vətəndaşı olan turist bu və ya digər istirahət məkanında istirahətini təşkil etmək üçün öncədən xərcini müqayisəli şəkildə hesablaya bilir.
Türkiyə, Gürcüstan, Rusiya, Belarus, Ukrayna, Polşa və Moldovada istirahət etmək Azərbaycanda dincəlməkdən çox daha ucuz başa gəlir. Bunun əyani sübutu həmin ölkələrin turizm mərkəzlərinin internet səhifəsinə daxil olub qiymətlərə baxmaq kifayətdir. Həmin ölkələrin turizm şirkətlərinin xidmətlərinə gündə üç dəfə qidalanma, müalicə-sağlamlıq və idman da daxildir. Hazırkı durumda xaricdə istirahət edən vətəndaşların manatın ucuzlaşması ucbatından sayı kəskin azalacaq. Kobud hesablama ilə bu 750-800 min turist deməkdir. Bu qədər insanın da ölkədə istirahət etməsi bölgələrin canlanmasına və turizmin inkişafına səbəb olacaqdır.
Nabran
Azərbaycanın əsas turizm məkanlarından biri sayılan Nabranın turizm infrastrukturu çox zəifdir. Halbuki, normal infrastrukturla bu məkana bir il ərzində ən azı əlavə 100 min xarici turist cəlb etmək olar. Növbəti illər ərzində bu rəqəmi yarım milyon turistə də çatdırmaq mümkündür. Bunun üçün Nabran abadlaşmalı və dəniz kənarı bataqlıqdan, qamışlıqdan və çirkab sulardan təmizlənməldir. Birinci növbədə çirkab su və kanalizasiya infrastrukturunun qurulması, dənizboyu ərazinin təmizlənməsi və normal çimərlik qumu ilə üzlənməsi ilkin şərtlərdir. Turizm infrastrukturunun modernləşdirilməsi və nəzarət dövlət tərəfindən həyata keçirilərsə, Nabran turizmin inkişafı ilə bərabər həm də on minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxararaq əsas g’lir nöqtələrindən biri olacaqdır.
Bununla bərabər, Nabranda turizm infrastrukturunun yaradılması sahibkarların üzərinə turizm obyektlərində müalicə-sağlamlıq və idman infrastrukturunun yaradılması şərtlərini də qoyur.
Nabranın təbiəti və dənizinin gözəlliyi bu istirahət məkanına yalnız Rusiyadan bir milyon turistin gəlməsini şərtləndirir.
SIYƏZƏN ƏRAZISINDƏ YENI BIR TURIZM KOMPLEKSININ YARADILMASI - AZƏRBAYCANIN ANTALIYASI
Sumqayıtdan başlayaraq Dəvəçiyə qədər Xəzərsahili ərazi turizmin inkişafı üçün çox əlverişlidir. Standartlara cavab verən turizm infrastrukturu yaratmaqla ildə iki milyon turistə xidmət göstərmək mümkündür. Bunun üçün sahilboyu ərazidə dövlət sərmayəsi ilə turizm infrastrukturu yaradılır və 10 il müddətinə həmin ərazidə olan bütün sahibkarlar bir sıra vergilərdən azad edilir. Bu sistemin qurulması üçün Türkiyənin 25 il bundan öncə Antaliya bölgəsində apardığı siyasət tətbiq edilir. Burada yaradılan turizm xidmətləri və obyektləri sayəsində ən azı 100 min iş yeri yaradılır və dövlət ciddi gəlirlər əldə edir.
Bu, eyni zamanda Siyəzəndə turizmin inkişafı bütöv olaraq şimal bölgəsində onlarla yeni istehsalat müəssisələrinin yaradılmasını, kənd təsərrüfatının və yüngül qida sənayesinin də inkişafını sürətəndirərək, əlavə iqtisadi və sosial sahələrin şaxələnməsinə şərait yaradacaq.
Bunun üçün, ilkin addım olaraq, prezident sərəncamı ilə Siyəzən Turizm Mərkəzinin Xəzər sahilboyu sərhədləri müəyyənləşdirilir, vergi güzəştləri tətbiq edilir və su, işıq, qaz və kanalizasiya sistemini özündə birləşdirən turizm infrastrukturu yaradılır.
Bu infrastrukturun yaradılması üçün dövlət büdcəsində əsalı vəsait yoxdursa, xarici banklardan kredit cəlb etmək zaman aparırsa, o zaman Neft Fondunun vəsaitlərini mütləq şəkildə bu sahəyə düşünmədən və gecikdirmədən yatırmaq gərəkir.
QEYRI-NEFT SEKTORUNUN INKIŞAFINA ƏSASLI TÖHVƏ - MÜALICƏVI SANATORIYALARIN BƏRPASI VƏ YENILƏRININ YARADILMASI
Qeyri-neft sektorunun inkişafı üçün bütün rayon və şəhərlərdə mövcud müalıcə-istirahət mərkəzlərinin bərpası və hər bir inzibati rayon ərazisində yenilərinin yaradılması vacibdir. Sanatoriyaların bərpası və yenilərinin yaradılması hər il iki milyondan çox vətəndaşımızın xarici sanatoriyalara getməsinin qarşısını alar, o cümlədən yaxın beş il ərzində yarım milyondan çox əcnəbinin də ölkəmizə gəlməsinə yardımçı olar.
Bunun üçün də təklifimiz regional sanatoriyaların bərpası və yenilərinin tikilməsidir.
BƏZI TƏXIRƏSALINMAZ NÜMUNƏLƏR
Qızılqum sanatoriyası
Bakının Pirşağı qəsəbəsindəki "Qızıl-qum" sanatoriyasında yerləşən məcburi köçkünlərin təcili köçürülməsi və sanatoriyanın bərpası.
Zamanı ilə bura nəinki Azərbaycanın hər yerindən, həm də keçmiş sovet respublikalarından müaliəc üçün gəlirdilər. Bu sanatoriyanın bərpası ilə milyonlarla vəsaitin ölkədə qalmasına nail olmaq olar. Bu strateji sanatoriyanın bu günə qədər bərpa edilməməsi və xarabazara çevrilməsi üçün konkret məsuliyyət də olmalıdır. Bu sanatoriyanı iş adamlarına verməklə orada məskunlaşan köçkünlərin də onların vəsaiti hesabına köçürülməsini təşkil etmək lazımdır.
Mollakənd Ulusu sanatoriyası
Kürdəmir rayonu Mollakənd kəndi ərazisində tərkibi mineral maddələrlə zəngin olan su var. çıxır. Yerin dərinliklərindən isti halda çıxan bu su bir sıra xəstəliklərin müalicəsində əvəzedilməzdir. Su o qədər isti olur ki, ərazidən bir neçə metr kənarda belə, 10 dəqiqədən artıq suda durmaq mümkün deyil. 1969-cu ildə Carlı Kəşfiyyat Qazma İdarəsinin işçiləri bu ərazilərə neft çıxarmaq üçün gəlirlər. Onlar bir neçə yerdə neft quyuları qazırlar. Bu quyunun dərinliyinin isə 7 min metr olması planlaşdırılır. Lakin quyu bir qədər qazıldıqdan sonra oradan termal su fontan vurur. Suyun yer səthində temperaturu 72-97°C-dir.
Müalicəvi suyun çıxdığı Kürdəmirin Mollakənd kəndində sanatoriya da tikilib. Müxtəlif yerlərdən gələn insanlar həmin sanatoriyaya gələrək müalicə alır, vanna qəbul edirlər.
Lakin, bu sanatoriyanın genişləndirilməsi və turizm informasiya mənbələrinə salınması zəruridir. Yaxşı şərait qurularsa və sanatoriyanın müalicəvi əhəmiyyəti geniş şəkildə izah olunarsa, hər il minlərlə yerli turistlər və əcnəbilər bura dincəlməyə və malicə olunmağa gələrlər. Kürdəmir rayonunun inkişafında əvəzolunmaz imkanlar yarada bilən bu imkanın hələ də istifadə olunmaması qeyri-neft sektoru üçün zərərlidir.
İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası
Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının ətəyində, Viləşçayın sahilində yerləşən İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası hazırda cəmi 200 nəfərə qədər insanın dincəlib müalicə alması üçün münasibdir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod olan bu şəfa ocağına düzgün reklam müqabilində bəlkə də yüzminlərlə əcnəbini də cəlb etmək olar.
Amma, bu gün o heç bir rayonun sakinlərinə belə əsaslı xidmət göstərmək iqtidarında deyil. Kifayət qədər MDB məkanında da tanınan bu şəfa ocağının yenidən qurularaq 10-15 min qonağa eyni zamanda xidmət göstərmək imkanına çatdırılması bütöv bir regionun inkişafına əsaslı töhvə vermiş olar.
Xaltan kənd İstisu
Qubanın son yaşayış məntəqəsi olan Xaltan kəndi yaxınlığındakı meşəlikdə, Çarxaçu çayı dərəsində, okean səviyyəsindən 780 metr yüksəklikdə otuzdan çox bulaq qaynayır. Yerdən 40-50 və 36-38 dərəcə hərarətlə çıxan istisu bir sıra xəstəliklərin müalicəsində faydalıdır. Hər il ora 3 minə qədər insan axışır. Heç bir şəraiti və avtomobil yolu olmayan, cəmi iki təbii vannaya malik bu yerə 3-4 mindən çox adam axışırsa, sanatoriya tikilərsə, 50 minə qədər insanın ora müalicəyə getmək həvəsi olacaq. Gözdən-könüldən uzaq bu yerə Rusiya, Orta Asiya və Ukraynadan gələn əcnəbilər də var. Bu yerə çatmaq üçün yolsuzluq şəraitində niva və ciplərlə ən azı 3 saat yol qət etməli olurlar.
Təklifimiz dövlət dəstəyi ilə burada müalicə sanatoriyasının yaradılmasıdır.
Vizanın sadələşdirilməsi
Turizmin inkişafı üçün Azərbaycan 28 Avropa Birliyi ölkələri, Türkiyə, ABŞ, Kanada, İslandiya, Yaponiya, Sinqapur, Cənubi Koreya, Çili, Braziliya, Argentina, Paraqvay, Uruqvay, Yeni Zelandiya, Avstraliya və Bruney sultanlığı üçün viza rejimini ləğv edir və onlara 30 gün müddətinə ölkədə qalmaq icazəsi verilir.
Reklam işinin təşkili
Azərbaycanın turizm potensialı beynəlxalq Qərb televiziyalarında yetərincə reklam olunur. Lakin, reklamların ölkəmizə çoxlu sayda turist axınına səbəb olduğu düşüncəsində deyilik. Potensial turistlər isə bizim çox yaxınlığımızda yerləşir. Ölkənin turizm potensialının keçmiş sovet respublikalarında, qonşu İran və Ərəb ölkələrində təbliği daha çox səmərəlidir.
Reklam çarxlarının isə beynəlxalq kanallarda yox, daha çox adı çəkilən ölkələrin ən çox baxılan yerli kanallarında verilməsi effektlidir. Bu məqsədlə hazırlanan layihələrdə iştiraka cəlb edilən minlərlə könüllü (dövlət xətti ilə xaricidə təhsil alan tələbələr, səfirliklər və diaspor təşkilatları) Turizm və Mədəniyyət Nazirliyinin və turizm şirkətlərinin koordinasiyası ilə bu işdə əvəzsiz xidmət göstərəcəkdir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər