Zahid Orucun tənqid etdiyi məmurlar Alp dağlarında nə edib? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 20:20 | Şərh sayı: (0) | Baxılıb: 233
Zahid Orucun tənqid etdiyi məmurlar Alp dağlarında nə edib?
Fantastik istirahət qiymətləri, inanılmaz tariflər
Son günlər bir-birinin ardınca sərt açıqlamalar verən deputat Zahid Orucun rezonans doğuran tənqidlərindən biri də deputat həmkarlarına yönələnlərdir. Xatırladaq ki, Z.Oruc hazırda təmsil etdiyi regionda etirazlar olan, buna baxmayaraq xaricdə istirahətini davam etdirən həmkarlarına da səslənib:
“Hökumət bu gün ekranda, məmurlar bölgələrdə olmalıdır. O cümlədən, bilavasitə sahəvi nazirliklərin təmsilçiləri məsələni daim müzakirədə saxlamalıdır. İnsanlara o inamı vermək lazımdı ki, ortada şayiə şəbəkələrindən, böhrandan qazanmaq istəyənlərdən xilas ola bilək. Parlamentin üzərinə düşən vəzifə heç də hökumətdən az deyil. Parlament üzvü kimi həmkarlarımın fəaliyyətini təftiş etməkdən çox uzağam. Etiraz olan bölgələrdə, o rayonun təmsilçiləri haqda da mənfi fikir söyləmək istəmirəm.
Onların da hər birinin səlahiyyət çərçivələri var. Amma indi xalqın yanında olmalıdırlar. Bu gün başlıca vəzifə ölkə rəhbərinin kursuna uyğun olaraq prosesi insanlara izah etmək, problemin hansısa formada həllinə inandırmaqdır. Bu gün kimsə Alp dağlarının ətəyində istirahət edə bilər, amma oradan döndükdən sonra əhaliyə baş çəkməlidir".
Və bu açıqlamanın ən sərt qismi heç şübhəsiz ki, “Alp dağlarında istirahət edənlər”lə bağlıdır. Heç kəsə sirr deyil ki, qış turizmi öz məsrəfinə görə hər zaman yay turizmini geridə qoyub. Xüsusən də söhbət Alp dağlarında baş tutanlardan gedirsə. Çünki dünya milyonçularının ən çox tərcih etdiyi qış tətili xizək sürməklə, kamin başında şərab içməklə, kanata minməklə dağların ətəyində baş tutandır.
“Yeni Müsavat” Z.Orucun nəzərdə tutduğu deputatların hansı şərtlər və tariflərlə qış tətili keçirə biləcəyi ilə bağlı araşdırma aparıb. Ortaya ilginc qiymətlər çıxıb. Öncə ondan başlayaq ki, Alp dağları ümumiyyətlə 4 ölkə ərazisinə düşür. İsveçrə, Avstriya, Fransa, İtaliya. Sözsüz ki, bu ölkələrin dağətəyi zonalarında bir-birindən fərqli, komfortlu turizm obyektləri fəaliyyət göstərir.
Ən ucuz Alp tətili 4000 dollardır
Öncə İsveçrədəki tətil şərtlərinə diqqət yetirək. Xatırladaq ki, adını sadaladığımız ölkələr sırasında turizm şərtləri ən baha olan ölkə İsveçrə sayılır. Amma bunun da minimum və maksimum sayılacaq hədləri mövcuddur. Hesab edək ki, məmurlar tətil ən ucuz şərtlər daxilində tətil seçimini edirlər. Bu halda qiymətlər necə olacaq?
Ən ucuz tətil - Turist Ukrayna Hava Yollarından Bakı-Sürix - Bakı marşrutu üzrə gediş-dönüş biletini 450 dollar ətrafında əldə edə bilər. Sürixə çatan turist qatarla Davosa yetişə bilər. Bir nəfərin qatar bileti 60-100 dollar civarındadır. Orda 3 ulduzlu oteldə qalacaqsa, həmin otellərin bir günlük qiyməti 150-200 dollar arasındadır. Bu qiymətə səhər yeməyi daxil deyil. Səhər yeməyi üçün əlavə 25-30 frank ödəmək lazımdır. Nahar və şam xərclərinə gəlincə, bunun da hər biri 50 dollar məbləğində hesablanmalıdır.
Alp dağlarına gəlib, xizək sürməmək günahdır. Xizək sürmənin, funikulyora minmənin gündəlik tarifi 46 dollardır. Xizək və xizək sürmək üçün xüsusi geyimin kirayəsi isə (ən azı bir həftəlik olsa) 800 -1000 dollar dəyərindədir.
Beləcə, bir həftəlik və ən ucuz Alp dağları istirahəti 4000 dollar civarındadır. Təbii ki, məmurun bura tək yox, ailəsi ilə getdiyini nəzərə alanda, söhbətin minimum 8.000-16.000 dollardan getdiyini təxmin etmək olar.
Orta və lüks tariflər baş gicəlləndirir
Keçək orta tariflərə. Bu halda da İsveçrəyə getmək istəyən şəxs nisbətən komfortlu şərtlərlə, Türk Hava Yolları və ya Lüfhansla Sürixə uça bilər. Bu halda bilet qiyməti 700-1100 dollar arasında dəyişir. Ən azı dörd ulduzlu oteldə qalmaq istəyən turist günlük 250-350 dollar arasında məbləğ ödəməlidir. Orda gündəlik bir nəfərin yemək xərci minimum 100 dollardır. Xizək və geyim xərci də yuxarıda yazdığımız kimidir. Bu halda isə bir məmurun bir həftəlik-on günlük tətil 6500 dollara başa gəlir. Bunu da ailə boyu hesablayanda 13.000-26.000 dollardan söhbət getdiyini anlamaq çətin deyil.
Və gəldik lüks tətil tariflərinə. Heç kimə sirr deyil ki, məmur tətilə çıxıbsa, mütləq hər şeyin ən lüksündən istifadə etmək istəyəcək. Bu halda ilk növbədə ən rahat reys üzrə biznes klass biletini alacaq. Bakı-Sürix-Bakı reysi üzrə ya Türk Hava Yolları, ya da Lufthansa ilə biznes klassda uçmaq istəyənlərin bilet qiyməti tarifləri 4000-6000 dollar arasında dəyişir. Beşulduzlu otellərdə bir gecəlik otaq nömrəsi 650-1200 dollardır. Bura yüksək standartlı suit nömrə daxil deyil. Sonuncunun bir gecəlik qiyməti, məsələn, Sank Moris Badrud Palace otelində 12 min dollarla 250 min dollar arasında dəyişir. Lüks sevən şəxs təbii ki, dağlarda yerləşən otelə qatarla yox, taksi ilə gedəcək. Taksinin bir kilometri 5 frankdır. Aeroportdan Sank Morisə 220 kilometr yoldur. Bu da 1100 dollardır. Limuzinlə gedərlər üçünsə təkcə otelə varma tarifi 1500 dollardır.
Bir fincan qəhvə 9-12 dollardır
Günlük yemək xərclərindən əlavə əylənmək üçün axşam bara gedənlər də olacaq. Beşulduzlu oteldə bir fincan qəhvə 9-12 dollar arasında dəyişir. Spirtli içkilər daha bahadır.
Dincələnlər eyni zamanda oteldəki SPA xidmətindən də istifadə edirlər. Masajın 50 dəqiqəsi 150-220 frank arası dəyişir.
Bu halda isə biz əyləncənin növündən asılı olaraq lüks tətilin bir nəfər üçün qiymətinin 15 min dollardan başladığını görə bilərik.
Ən baha qiymətlər İsveçrədədir. Ondan bir az ucuz Avstriyadakı kurort məkanları olan Lech, Kitzenbühi sayılır. Rusların isə İsveçrədən sonra ən çox tərcih etdikləri yer Fransa Alplarında yerləşən Khurshavel turistik qəsəbəsidir.
Qış turizminin ürəyi burda döyünür
“Kitzbuhi Avstriyada yerləşən Kitzbuhel həm də Alp incisi adlanır. Bu düşərgənin 700 illik tarixi var. Dünyanın ən qədim turizm mərkəzlərindən olan Kitzbuhel həm də orijinallığı ilə seçilir.
Şamonix Mont-Blank" (Fransa) - 1924-cü il Qış Olimpiya Oyunları burada keçirilib. Alp dağlarının ikinci ən yüksək zirvəsi də turizm mərkəzinin ərazisindədir.
“Kortina” (İtaliya) - Dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşən bu kurort zonası Alp dağlarının ətəyindədir. 1956-cı ildə Qış Olimpiya oyunlarının səhnəsi olmuş Kortina həm də ən qədim qış düşərgələrindəndir.
Dünya üzrə çox məşhur olan qış turizm obyektlərinin ilk onluğu siyahısı isə aşağıdakı kimidir:
1. Vistler Blakkomp (Kanada) - Burada dünyada ən dik xizəksürmə yolları yerləşir. Mərkəzdə cürbəcür kafelər, buz içində restoran var. Burada Çin, Fransa. Yunanıstan, İtaliya, Meksika, Tailand və Aralıq dənizi mətbəxləri təklif olunur.
2. Kitzbuhel (Avstriya) - Həm də Alp incise adlanan bu düşərgənin 700 illik tarixi var. Dünyanın ən qədim turizm mərkəzlərindən olan Kitzbuhel həm də orijinallığı ilə seçilir.
3. Zermatt (İsveçrə) - burada dünyanın ən böyük dağ liftləri yerləşir.
4. Vail (ABŞ-Kolorado) - burada dünyanın ən böyük xizəksürmə meydançası yerləşir. Turizm mərkəzində həmçinin çoxlu sənət qalereyaları, hokkey meydançaları, muzeylər var.
5.Banff Alberta (Kanada) - bu turizm mərkəzinin əsas özəlliyi Luis gölü ətrafında dağlıq ərazidə yerləşməsidir.
6.Şamonix Mont-Blank (Fransa)-1924-cü il Qış Olimpiya Oyunları burada keçirilib. Alp dağlarının ikinci ən yüksək zirvəsi də turizm mərkəzinin ərazisindədir.
7. Styuve (ABŞ-Yeni İngiltərə ştatı) - burada 90 fərqli mağaza və 60 restoran fəaliyyət göstərir.
8. Tremblant (Kanada) - Bu düşərgəni Kanadanın ən böyük şəhəri olan Monrealdan 1 saatlıq yol ayırır.
9. Kortina (İtaliya) - 1956-cı ildə Qış Olimpiya oyunlarına səhnə olmuş Kortina həm də ən qədim qış düşərgələrindəndir.
10. Apsen (ABŞ-Kolorado) - Burda uca dağlarla dərin kanyonlar vəhdət təşkil edir.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər