26 il öncə “Azadlıq!”, indi isə “Çörək!” şüarı... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 19:03 | Şərh sayı: (0) | Baxılıb: 339
26 il öncə “Azadlıq!”, indi isə “Çörək!” şüarı...
20 Yanvar şəhidlərinin anım günlərini yaşayırıq. Dönüb 26 il geriyə baxanda rastlaşdığın ilk sərt sual bu olur ki, görəsən, şəhidlərin uğrunda qurban getdiyi amallar gerçəkləşdimi? Yəni ilk dəfə Bakıdakı Azadlıq meydanında qaldırılan üçrəngli Cümhuriyyət bayrağına layiq cümhuriyyət quruldumu, Cümhuriyyət dəyərləri necə, əxz edildimi, xalq sərvətlərinin və iradəsinin sahibinə çevrildimi?
Təəssüf ki, bu sualların heç birinə pozitiv cavab yoxdur. Ötən 26 ilin acı gerçəyi belədir ki, Azərbaycan xalqı həm də şəhid qanları hesabına öz müstəqilliyinə qovuşsa da, müstəqillikdən xalqa yalnız ad qaldı, dadı isə başqalarına, klan-oliqarxlara, müstəqillik əleyhdarlarına qismət oldu.
Necə deyərlər, “yağışdan” (sovet quruluşundan) çıxıb yağmura (neosovet idarəçiliyinə) düşdük - təbii ki, AXC-nin bir illik hakimiyyəti istisna olmaqla. Elə buna görə Azərbaycan toplumu müstəqil dövlətə sahib olsa da, problemləri hazırda SSRİ tərkibində olduğundan çoxdur. Üstəgəl, erməni işğalı.
Bütün bunların kökündə yenə xalqın öz iradəsinə sahib çıxa bilməməsi, sovet dönəmindəki kimi onun legitim hakimiyyət strukturları və qolları formalaşdırmaq kimi konstitusion hüququnun əlindən alınması, digər başqa haqlarının mənimsənilməsi dayanır.
Ona görədir ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi sayılan indiki Azərbaycan Respublikası demokratiya göstrəcisinə, o sırada təməl azadlıların səviyyəsinə görə 100 öncəki Cümhuriyyətdən belə geridədir.
20 Yanvar şəhidləri buna görə qurban getməmişdilər. O zaman milli-azadlıq hərəkatı iştirakçılarının hamısı səmimi şəkildə inanırdı ki, Azərbaycan xalqı nəhayət, müstəqillik əldə edəndən sonra qısa zamanda demokratik inkişaf və rifah yoluna çıxacaq, təkcə nefti hesabına yağ-bal içində yaşayacaq. Hətta məşhur bir deyim var idi ki, “neftin hesabına Azərbaycanın üstünü 10 sm-lik qızılla örtmək olar”...
Fəqət, neftdən 100 milyardlarla dollar gəlir gəlsə də, “neft bumu”, “Cənnət nağılları” arxada qalsa da, xalq indi 90-cı illərdəkindən də ağır durumda yaşayır, “Çörək!”, “İş!” şüarları ilə küçələrə, etiraz aksiyalarına çıxır, aclıq təhdidi ilə üz-üzədir.
Məsələ də ondadır ki, 26 il öncə azadlıq tələb edən neft səltənətinin azadlıqsevər xalqı bu gün çörək tələb edir, “Qarabağ!” şüarları hayqıran, Qarabağı bir an unutmayan cəsur və fədakar bir millət indi fiziki yaşam uğrunda mücadilə verir!
Amma axı, belə olmamalı idi. Axı, biz ölüsü, qonşu ölkələrlə müqayisədə qat-qat yaxşı yaşamalı idik. Manatımız bölgədə ən dönərli valyutaya çevrilməli, pulumuzu balta kəsməməli idi. Çünki Azərbaycan böyük neft-qaz ehtiyatlarına və güclü iqtisadiyyat qurmaq üçün hamıdan yaxşı və sanballı imkanlara sahib idi.
Baxın, bu gün Azərbaycan tutaq ki, nefti olmayan qonşu Gürcüstandan yaxşı mənada nə ilə fərqlənir ki? Bahaçılıq, fantastik qiymətlər - bizdə, inflyasiya, devalvasiya - bizdə, korrupsiya, monopoliya - yenə bizdə, saxta seçkilər - bizdə, siyasi dustaqlar və ən sərt idarəçilik sistemi - o da bizdə! Yerdə nə qaldı?..
Neft olmasaydı, sadalananların heç biri olmayacaqdı. Bu qənaətin altını indi artıq əminliklə cızmaq olar - qırmızı xətlə. Lakin acı gerçəklərlə qarın doymur. Odur ki, artıq başqa bir suala cavab üzərində hamılıqla baş sındırmaq vaxtıdır - “Holland sindromu” bizə daha hansı sürprizlər vəd edir və ondan yayınmaq mümkünmü, gec deyil ki?
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər