“Qan var” ayı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 17:57 | Şərh sayı: (0) | Baxılıb: 544
“Qan var” ayı
Birinci sinifdə oxuyan uşaq dünən mənə danışırdı: “Qabaqca yanvar qanlı olmayıb. Sonra ruslar bizə hücuma keçib, əsgərlərimizi öldürüblər. Çoxlu qərənfil gülü olub. 20 yanvar belə yaranıb”.
Doğrusu, bilmirəm yanvar ayını 6-7 yaşlı uşaqlar üçün qanlı ay elan eləməyin bizə millət olaraq nə xeyri var. Özü də bu, hələ orta məktəbdir. Uşaq bağçalarından belə təbliğat gedir. O yaşda insan üçün yanvar ayı qanlı elan edilməməlidir. “İlin birinci ayı, qışın ortası, qar yağan vaxtlar” kimi tanısa nə olacaq? Əgər patriotizmi təbliğ eləmək istəyirsinizsə onun yolu “qanlı yanvar”dan keçmir. Elə bizim həmin gün ölənlərimiz də bu məqsədlə ölməyiblər. Artıq bu haqda yazmaqdan yorulduq: 20 yanvarı azadlıq uğrunda qəhrəmancasına həlak olan və başqalarının yaxşı yaşaması uğrunda canından keçən igidlərin anılması günü kimi qeyd eləmək yaxşı olmazmı? Bu faciə, qan, yazıqlıq, qurbanlıq əhval-ruhiyyəsinin hansı etiqaddan gəldiyini mən bilirəm, ancaq burda yazmaq istəmirəm.
Bu yaxında rus saytları bir amerikalı hokkeyçinin haqqında çox yazdılar. Rayan Uitni adlı bu gənc Amerikada “NHL”-də (Milli Hokkey Liqası) oynayırmış. Bir gün zədələnib, daha NHL-də çıxış edə bilməyib, meneceri axtarıb, Rusiyada, Soçidə buna bir komanda tapıb. Uitni-nin macəraları da bundan sonra başlayıb. Hokkeyçi bir müddət Soçi komandasında oynadıqdan sonra Amerikaya qayıdıb və indi ordakı qəzetlərdə öz həyatının Rusiya dönəmini yazır. Çox populyar imiş.
Örnək üçün, yazır ki, qaldığım binada məndən başqa kimsə yox idi, zombilərin şəhərinə oxşayırdı. (Bunu Soçi Qış Olimpiadası üçün tikilən kənddə - bizim “Koroğlu” metrosu tərəfdəki, Avropa Oyunları vaxtı müvəqqəti istifadə edilən boş yaşayış massivinə bənzər - yerləşdiriblərmiş). Tibbi yoxlamadan keçməyə gələndə tibb bacısı bunun nəbzini siqaret çəkə-çəkə ölçüb. Yazır ki, qəbul otağında bir yaralı vardı, bir saat qanı axdı, amma heç kimin vecinə deyildi: “Onun yarasını elə kirli dəsmalla bağlamışdılar, bəlkə də Fetisov 80-ci illərdə bu dəsmalla tərini silmişdi”. Uitni-nin qaldığı evin balkonunda çəkdiyi bir video isə ümumiyyətlə şedevrdir. Təsəvvür edin, Soçi körfəzində iki qayıq üzür. Qəfil hardansa FHN-in meşə yanğını söndürən təyyarəsi gəlir, katerlərin üzərində tonlarla su buraxıb gedir. Amerikalı hokkeyçi yazır ki, mən bilmirəm onlar sağ qaldılarmı, bu hərəkətin mənası nə idi...
Mənə maraqlı və məzəli gələn isə təkcə amerikalının müşahidələri olmadı. Diqqət elədim, ruslar əslində onları biabır edən bu yazıları böyük fəxrlə yayırdılar! Eyni hal sanki ruslardan bizə keçib. Avtoritarizmin yoluxucu xarakteri deyil təkcə. Gör neçə il bir sistemdə əsir olmuşuq. Necə ola bilər ki, insan, millət öz geridə qalmışlığını, o cümlədən faciələrini qürur mənbəyi saysın? “Bir nəfər gəldi, çoxlu şor yedi, gedəndə dedi sizi bu ağ şey öldürəcək”. Yaxud, belə əhvalatı yəqin eşitmisiniz: “Rusiyada bir kişiyə dedim bərdəliyəm, dedi siz necə sağ qalmısınız, mən sovet vaxtı ordakı pambıq sahələrinə təyyarədən nə qədər zəhər tökmüşəm”. Almanlara əsir düşüb Osvensimdəki qaz kamerasında kayf tutan sumqayıtlının lətifəsi də bu sıradandır. Fikirləşsək çox olacaq. Bəsdir. İndi əksini düşünməyə çalışaq: müsbət cəhətlərimiz nə qədərdir? Qeyd ediləsi, qürurla danışılası hərəkətlərimiz, işlərimiz, qələbələrimiz faciələrimizin yanında neçə faizdir?
Bunun səbəblərindən biri də tarixə, keçmişimizə qeyri-obyektiv yanaşmağımızdır. 20 yanvar hadisələri haqda 25 ildə hansı ciddi elmi araşdırma var? Yoxdur. Kino çəkilibmi? Yox. Ədəbiyyat varmı? Yox. “Ağla, qərənfil, ağla” - ortaya çıxartdığımız budur. Yazıq qərənfil... Elə bu cür bisavad, fizioloji yanaşma üzündən hər il 20 yanvar günü aktivlik edənlər məhz o gün Azərbaycanın azadlığına düşmən kəsilənlər, kommunist ideolojisinin daşıyıcılarıdır. Balaca Larisaya, gənc Ülviyə güllə atan, professor Mursaqulovu tankda əzib öldürən rejimin nümayəndələri, keçmiş AKP MK və “VLKSM” aktivləri, keçmiş raykom katibləri indi onların qəbrini ziyarət edir, timsah göz yaşları axıdır. Nə qədər insafsız absurddur.
Azad olmayan xalqın “20 yanvar”ı qeyd eləməyə, o xiyabanda uyuyanları yad eləməyə haqqı yoxdur. İstəyirsən lap yanvarı rəsmi qərarla dəyişib qanvar adlandır - bu prosedurun tarix qarşısında bir qərənfil ləçəyi qədər önəmi yoxdur.
Musavat
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər