Maaş artımı - məcburiyyətdən doğan addım, yoxsa... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 17:54 | Şərh sayı: (0) | Baxılıb: 347
Maaş artımı - məcburiyyətdən doğan addım, yoxsa...
Ekspert: “2016-cı ilin büdcəsinin icrası suallar doğurur...”
Ölkənin faktiki, iqtisadi böhran içərisində olduğu dönəmdə büdcə təşkilatlarında çalışanların bir hissəsinin maaşının artırılması birmənalı qarşılanmır. Qeyd edək ki, fevralın 1-dən müəllimlərin, həkimlərin və polislərin maaşları 10 faiz artırılıb.
Əksər ekspertlərə görə, büdcənin indiki durumunda maaş artımına gedilməsi yalnız məcburiyyət səbəbindən baş verib. Çünki 2016-cı ilin büdcəsinin icrasının özü sual altındadır. Neft il ərzində bahalaşmasa, büdcə ilə bağlı ciddi problem yaşanacaq. Üstəlik, bildirilir ki, maaş və pensiya artımı büdcədə nəzərdə tutulmayıb.
Ekspert Samir Əliyev məsələ ilə bağlı musavat.com-a bildirib ki, 2016-cı ilin büdcəsi tərtib ediləndə maaşların artırılması nəzərdə tutulmayıb: “Maaşların artmasını göstərən xərc maddəsi yox idi. Hətta tələbələrin təqaüdlərinin artırılması üçün hansısa vəsait ayrılması nəzərdə tutulmurdu. Devalvasiya yeni bir situasiya yaratdı. Bu situasiya ondan ibarətdir ki, milli valyuta ucuzlaşdı, nəticədə büdcə daxilolmalarında artım gözlənilir. Söhbət ondan gedir ki, büdcə əsasən neft gəlirləri, dollarları hesabına formalaşır. Bu gün büdcəyə gələn hər yüz dollar şərti olaraq çevrilir və 105 yox, 160 manat edir. Göründüyü kimi, dövlət büdcəsi hər yüz dollara görə 55 manat qazandı. Bu baxımdan, devalvasiya büdcə daxilolmalarında əlavə mənbə yaratdı. Maaş və pensiyanın artması üçün imkan yarandı”.
Ekspertin sözlərinə görə, həm də bu maaş artımları qiymət artımları ilə adekvat deyil: “Xüsusən insanların ilkin tələbatını təmin edən ərzağın qiyməti ciddi şəkildə bahalaşıb. Burada artım daha çoxdur. Qiymət artımı inzibati yolla saxlanılır, amma qiymət artımı getdikcə ciddi şəkildə müşahidə ediləcək. On faiz artım azdır. Bu, insanların qiymət artımını kompensasiya edə bilməyəcək”.
S.Əliyev qeyd edib ki, 2016-cı ilin büdcəsində neft 50 dollardan nəzərdə tutulub. Amma bu gün neftin qiyməti 28 dollardır. “Təxminən 2 dəfəyə qədər fərq edir. Bu da hökumətin büdcəyə yenidən baxmasını şərtləndirir. Bir tərəfdən neftin qiyməti düşür, büdcə daxilolmaları azalır. Digər tərəfdən, hökumət devalvasiyaya getməklə bu itkini kompensasiya edir. Əgər neft bahalaşmasa, büdcənin icrası ilə bağlı problem yaranacaq. Hətta büdcənin icrasında hökumət çətinlik çəkəcək. İxtisarlar qaçılmazdır. Neft 50 dollara qədər bahalaşacaqsa, bu halda hökumət büdcənin icrasını yerinə yetirə biləcək. 2016-cı ilin büdcəsinin icrası suallar doğurur”, - deyə ekspert vurğulayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər