Ermənistanda Türkiyə xofu güclənir – düşmənin qəfil təlaşlanmasının pərdəarxası |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 09:23 | Şərh sayı: (0) | Baxılıb: 233
Ermənistanda Türkiyə xofu güclənir – düşmənin qəfil təlaşlanmasının pərdəarxası
İşğalçı ölkə həm Kremlin himayəsini itirməkdən qorxur, həm də ayaq altda qalmaqdan; sərhədin bu tayında Rusiya, o tayında isə Türkiyənin hərbi təlimlərə başlaması mənfur qonşumuzun yuxusunu qaçırıb; təcavüzkar “iki od” arasında...
Rusiya faktiki, işğal elədiyi Ermənistanda hərbi-hava qüvvələrini və Gümrüdəki 102 saylı bazasını durmadan gücləndirir. Xəbər verildiyi kimi, Moskva forpost ölkədəki (Erebuni) aviabazaya son olaraq müasir hərbi vertolyotlar göndərib. Bu ilin ikinci yarısında isə Ermənistana yeni partiya döyüş təyyarələri və müasir sistemlərin yola salınması planlaşdırılır.
Sonuncular arasında “İsgəndər M” tipli raket komplekslərinin olacağı da deyilir. Bu sistemlərin əsas özəlliyi odur ki, onlar nüvə başlıqlı ballistik raketlər də daşıya bilər. Amerikalı hərbi ekspertlər o halda bölgədə geosiyasi və hərbi balansın xeyli dərəcədə Rusiyanın xeyrinə dəyişə biləcəyi barədə xəbərdarlıq ediblər.
İrəvanda isə artıq çoxdan Rusiyanın bu və digər addımlarının müttəfiq Ermənistanın təhlükəsizliyini gücləndirməkdən daha çox, Kremlin öz maraqlarını qorumaq niyyəti güddüyünü güman edirlər. Xüsusən də işğalçı ölkənin sürətlə hərbiləşdirilməsinin Moskva-Ankara münasibətlərinin soyuduğu dönəmə düşməsi erməni siyasi və ekspert dairələrində güclü əndişə yaradıb. Qonşu ölkənin mediasında da eyni təlaş müşahidə edilməkdədir.
Yerli şərhçilər bununla ölkənin olan-qalan suverenliyinin itiriləcəyi qənaətindədirlər. Belə hesab edilir ki, Rusiya Türkiyəyə qarşı birbaşa deyil, Ermənistan kimi üçüncü ölkə vasitəsilə dolayı müharibələrə, revanş xarakterli hərəkətlərə rəvac verə bilər. Bəzi erməni ekspertlər isə bu üzdən təklif edirlər ki, Türkiyəyə qarşı Ermənistan ərazisi vasitəsilə hər hansı hərbi xarakterli akt həyata keçirilərsə, o zaman buna Ermənistan rəhbərliyinin, yaxud parlamentin razılığı alınmalıdır. Hələ ki, Serj Sərkisyan hökuməti və ya parlament bu təkliflərə reaksiya verməyib.
Ancaq Krımı Ukraynadan zorla qoparan Rusiya çətin ki, buna razı olsun. Hər halda, ağa vassaldan icazə almır. Belə hallara nə praktikada, nə də tarixdə rast gəlinib. Moskva uzaqbaşı öz hərəkətləri barədə İrəvanı formal məlumatlandıra bilər.
***
Bu arada bəlli olub ki, Rusiya Ermənistan-Türkiyə sərhədlərinin cəmi 10-15 km-də hərbi hava qüvvələrinin manevrlərinə başlayıb. Yerli siyasi təhlilçilərdən biri bunu Türkiyəni təxribata çəkmək cəhdi kimi qiymətləndirib və Ermənistanın köklü maraqları baxımından bunun yolverilməz olmasına diqqət yönəldib.
“Əgər bu, Ermənistanın təhlükəsizliyi ilə bağlıdırsa, onda qoy rus təyyarələri Ermənistan-Türkiyə yox, Azərbaycan-Ermənistan sərhədi üzərində uçuşlar həyata keçirsin. Hər halda təxribatın "uğurlu" alınacağı təqdirdə Ermənistan Rusiya ilə bərabər məsuliyyət daşıyacaq", - deyə erməni analitik qeyd edib.
Bu, doğrudan da belədir: Türkiyə təxribata çəkilsə, ona Ermənistandan cavab verilsə, Ankaranın cavabı da müstəsna olaraq təxribat yuvasına - Ermənistana yönələcək. İşğalçını ən çox qorxudan da budur - böyük güclərin ayağı altında qalmaq, poliqona çevrilmək. Bu xüsusda Ermənistanda yəqin onun da fərqindədirlər ki, iqtisadiyyatı “can üstə olan” Rusiya bir qayda olaraq, böhranlı vəziyyətlərdən öz perimetri boyu müharibələrə, təxribatlara əl atmaqla çıxmağa çalışır.
Bundan başqa, Türkiyə NATO-nun üzvü olduğundan ona qarşı təxribat variantında İrəvan avtomatik şəkildə Qərbin də neqativ reaksiyası və cavabı ilə üzləşə bilər. Onsuz da işğalçı Ermənistan daima digər işğalçının -Rusiyanın yanında yer aldığı, öz ərazisində onun hərbi bazalarını yerləşdirdiyi, habelə Ukrayna məsələsində Kremli dəstəklədiyi və Krımın işğalını təqdir elədiyi, işğalçılıq siyasəti ilə Güney Qafqazın inkişafına böyük əngəl yaratdığı üçün Avropa və ABŞ-ən yanında xüsusi rəğbət yiyəsi deyil.
Bu yandan da, Kremlin avantürist planlarına yardımçı olmaq onun Qarabağ məsələsində maraqlarına da zərbə vurardı. O da qeyd edilir ki, Ermənistan Türkiyə ilə bəlli səbəblərdən nə qədər soyuq münasibətdə olsa da, Rusiyanın maraqları naminə bu soyuqluğun hərbi xarakter almasının girovuna da çevrilmək istəmir.
***
Söz yox ki, Türkiyə Rusiyanın həmsərhəd Ermənistandakı manevrlərini və hərbi kontingentini genişləndirmək planlarını diqqətlə izləyir və öz hərbi strategiyasına müvafiq düzəlişlər edir. Bunun təzahürüdür ki, qardaş ölkə Ermənistan sərhədinin 50 km-də hərbi təlimlərə başlamağı qərar verib. Onu Rusiya təlimlərinə preventiv cavab tədbiri, gücə güclə cavab kimi də qiymətləndirmək olar.
Erməni tərəfini ən çox təlaşlandıran da sərhədin bu tayında da, o tayında da keçirilən təlimlərdir. Ancaq necə deyərlər, “özü yıxılan ağlamaz”. Düşmən ölkə anlamalıdır ki, onun Azərbaycana qarşı Kremlin dəstəyi ilə həyata keçirdiyi təcavüzkarlıq nəticəsində öz təhlükəsizliyini təmin eləmək getdikcə daha bahalı, eyni zamanda təhlükəli bir problemə çevrilib. Söhbət həm də regionun təhlükəsizliyindən gedir.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər