Natiq Kərimovun həbsinin əsl səbəbi haqda yeni məlumat... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 21:42 | Şərh sayı: (0) | Baxılıb: 316
Natiq Kərimovun həbsinin əsl səbəbi haqda yeni məlumat...
Nardaranlı ixtiyarın Səudiyyə Ərəbistanı ilə İranın ixtilafının güdazına getdiyi deyilir
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov yanvarın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Bir gün DTX-da dindirildikdən sonra Səbayel Rayon Məhkəməsinə aparılan N.Kərimov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.
Musavat.com N.Kərimovun həbs edilməsinin əsas səbəbi haqda ilginc məlumat əldə edib. Məlumata görə, N.Kərimovun həbs edilməsinin əsas səbəbi bir neçə gün əvvəl Nardaran Ağsaqqallar Şurasının adından İran-Səudiyyə Ərəbistanı münasibətləri ilə bağlı yayılan bəyanatdır. N.Kərimovun imzası ilə yayılan bəyanatda iki ölkə arasında yaranan gərginlikdə S.Ərəbistanı hökuməti sərt şəkildə tənqid edilirdi.
Bəyanatda şiə alimi Ayətullah Nimr əl-Nimrinin edamı S.Ərəbistanı hökumətinin dövlət səviyyəsində törətdiyi bir terror kimi qiymətləndirilirdi. Nardaran ağsaqqalları bu bəyanatda hökuməti ərəblərlə əlaqələri kəsməyə dəvət etməklə yanaşı, Azərbaycanda bu edama haqq qazandıranları da sərt tənqid edirdi.
“Müsəlman dünyası həmin olayı İslama qarşı bəşəri cinayət kimi qiymətləndirməli, belə qaniçən rejimlərlə bütün əlaqə və münasibətləri birdəfəlik kəsməlidir.
Səudiyyə rejiminin bu addımı məhz Amerika və dünya sionizminin ideyası olaraq İslam aləmində təriqətlərarası düşmənçilik və qarşıdurmaya xidmət göstərir. Belə xidmətçilərdən biz də xali deyilik. İçərimizdə elə “müxalifət” təmsilçiləri vardır ki, bu cinayətə haqq qazandırmaq üçün əsl İslam dövlətinə qarşı saxta arqumentlərlə çıxış etməyi özlərinə rəva bilir, xarici, xüsusən də Qərb himayədarlarına sadiq olduqlarını sübuta yetirməyə çalışırlar” - deyə bəyanatda bildirilib.
Məlumata görə, N.Kərimovun bu addımı hökumətin ciddi qəzəbinə səbəb olub. Güman olunur ki, İran və Səudiyyə Ərəbistanı arasında baş verən gərginlikdən sonra ölkə rəsmilərinin heç bir bəyanat vermədiyi, tərəf tutmadıqları bir vaxtda Nardarandan belə bir bəyanatın verilməsi hökuməti qəzəbləndirib. Azərbaycan hökumətinin iki ölkə ilə də münasibətlərdə maraqlı olduğu bir vaxtda Nardarandan bu cür addımın atılması qəbul edilməz hesab edilib.
N.Kərimovun Nardaran sakinləri, ağsaqqalları adından mətbuata mütəmadi açıqlamalar verməsi onsuz da hüquq-mühafizə orqanları tərəfindən xoşagəlməz hadisə kimi qiymətləndirilirdi. Bu bəyanat isə stəkanı daşdıran son damla olub.
N.Kərimov “Nardaran hadisələri”ndən sonra ötən ilin dekabrında saxlanılmışdı. O, prokurorluqda dindirildikdən sonra sərbəst buraxılmışdı. N.Kərimov o zaman sırf “Nardaran hadisələri” ilə bağlı dindirilmişdi.
Sonuncu bəyanatdan bir gün sonra N.Kərimov bu dəfə MTN-nin balansında yaradılan DTX tərəfindən saxlanıldı. Bu dəfə isə o, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham olundu.
N.Kərimovun həbsi ilə bağlı DTX-nın yaydığı məlumatda bildirilir ki, N.Kərimovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub. Və buna görə də o, həbs olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər