"Günəşli" faciəsi "Neft Daşları"nı yaddan çıxardı - 3 itkinimiz də orada var |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-12-2015, 22:49 | Şərh sayı: (0) | Baxılıb: 491
"Günəşli" faciəsi "Neft Daşları"nı yaddan çıxardı - 3 itkinimiz də orada var
Dekabrın 4-də saat 12:30 radələrində güclü tufan nəticəsində "Neft Daşları" NQÇİ-nin 501 saylı özülündə köşk qarışıq dənizə düşən və hələ də tapılmayan Rövşən Nadir oğlu Məmmədovun həyat yoldaşı Aynur Məmmədli virtualaz.org saytına müraciət edib.
A.Məmmədli bildirib ki, həyat yoldaşının axtarışları ilə bağlı məlumat ala bilmir: "İki gündür müxtəlif təşkilatlara müraciət edirik. Neft Daşlarında dənizə düşənlərin adı yalnız bu gün itkin düşənlərin siyahısına daxil edilib. Dekabrın 7-də Prezident Administrasiyasında qəbul şöbəsinə müraciət etdik. Orada dedilər ki, Neft Daşlarında baş verən qəzadan xəbərsizdilər.
Bundan sonra Dövlət Neft Şirkətinə göndərdilər. Şirkətdən isə yalnız axtarışların davam etdiyini söyləyirlər. Amma Neft Daşlarında çalışan tanışlarımız axtarışların dayandırıldığını söyləyirlər. Bütün qüvvələr "Günəşli" yatağında baş verən qəza nəticəsində itkin düşənlərin axtarışına yönəldilib. Amma nəzərə alsınlar ki, bu üç ailənin də gözü yoldadır".
A.Məmmədlinin sözlərinə görə, həyat yoldaşı sonuncu dəfə dekabrın 3-də zəng vuraraq qızının ad gününü təbrik edib: "Dedi ki, ayağımızın altında beton titrəyir, qəzalı vəziyyətdir. Bununla bağlı rəisinə də məlumat verib. Amma rəisi onlara hava şəraiti ilə bağlı xəbərdarlıq etməyib. Halbuki, BP şirkəti hava şəraiti ilə bağlı işçilərini qəzalı işlərdən uzaqlaşdırıb".
A.Məmmədli onu da deyir ki, bu gün qayınanası qərargahda şirkətin Ramiz adlı məsul əməkdaşı ilə görüşüb: "Ramiz müəllimdən gətirilən neftçilərin arasında Rövşənin adının olub-olmadığını soruşduq. Dedi ki, bilmədiyim işlərdən sual verməyin. Qaynanama dedi ki, mən sənin oğlunu haradan alım. Bundan sonra təkrar şirkətlə əlaqə saxladıq. Dedilər ki, qərargahın rəisi ilə görüşüb məlumat ala bilərsiz. Rəisin yerində olmadığını söylədilər, qapını açıb içəri girdik. Rəis kabinetində oturmuşdu. Gün ərzində morqları gəzirik. Tək istəyimiz Rövşənlə bağlı bir xəbər öyrənməkdir".
Şikayətçi söyləyir ki, itkinlərin ailəsi ilə kobud rəftar edənlər dərd-üstünə dərd gətirirlər: "Bizə məlumat vermirlər. Xəbərləri yalnız mətbuatdan ala bilirik. Şirkətdən dedilər ki, vertolyotla gedib neftçilərin dənizə düşdüyü ərazidəki axtarışlara baxa bilərsiniz. Bu gün vertolyotla əraziyə baxmalıydıq. Amma Artyomda sahə rəisi getməyə icazə vermədi. İki gündür şirkətlə qərargah arasında get-gəldəyik. Biz axtarışların getdiyinə əmin olmaq istəyirik".
Rövşən Məmmədovun dənizə düşdüyünü radioda eşidən qardaşının səhhəti pisləşib: "Qaynım taksi sürücüsüdür. Hadisə günorta saatlarında baş verib, amma o, xəbəri axşam radiodan eşidib. Həmin gündən vəziyyəti pisləşib. Övladlarım isə nə baş verdiyindən xəbərsizdilər".
Qeyd edək ki, Rövşən Məmmədovun 3 övladı var. Böyük övladı 8-ci sinifdə oxuyur, kiçik qızının isə 6 yaşı var.
Xatırladaq ki, hadisə ilə bağlı 3 nəfərə qarşı cinayət işi açılıb.
Qərargahdan virtualaz.org saytına deyiblər ki, itkin düşən neftçilərin axtarışları davam edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər