AMEA: "Ötən il elmə məlum olmayan abidələr aşkar edilib" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 22:02 | Şərh sayı: (0) | Baxılıb: 290
AMEA: "Ötən il elmə məlum olmayan abidələr aşkar edilib"
“2015-ci ildə çöl-tədqiqat işlərinin uzun illər aparılmadığı bir sıra ərazilərdəki abidələr tədqiqatlara cəlb edilib. Həmin ərazilərdə arxeoloji tədqiqat işləri yenidən canlanıb, əvvəllər elmə məlum olmayan bir sıra abidələr aşkar edilib, dəyərli etnoqrafik məlumatlar toplanıb”.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun illik hesabatında bildirilib.
Hesabatda bildirilib ki, 2015-ci ildə Qəbələ, Quba, Xaçmaz, Şabran, Qax, Şəki, Ağcabədi, Ağdam, Fizuli, Oğuz, Cəlilabad, Şamaxı, Ağsu, Gəncə, Goranboy, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Şərur, Babək, Ordubad, Bərdə, Gədəbəy, Daşkəsən, Lerik, Kəngərli, İsmayıllı, Qobustan, Tərtər və s. rayonlarında geniş və irimiqyaslı arxeoloji qazıntı işləri aparılıb: “Tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya 2015-ci ilin yay mövsümündə Qəbələ rayonu ərazisindəki e. ə. IV minilliyin birinci yarısına aid xalkolit dövrü Qalayeri yaşayış məskənində geniş miqyaslı arxeoloji qazıntı işləri aparmışdır. Qalayeri Yaxın Şərqin erkən sivilizasiyaları ilə sıx bağlı olan, əsasən Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinə aid abidələrdən biridir. Qalayerində aparılan araşdırmalar ilk növbədə Leylatəpə mədəniyyətinin daha geniş arealda yayıldığını sübut etdi. Eyni zamanda, bu abidədə aparılan qazıntılar Leylatəpə mədəniyyətinin köklərinin qədim Mesopotamiya ilə yanaşı, Şərqi Anadolunun həmdövr mədəniyyətləri ilə də sıx bağlı olduğunu təsdiq etdi. Qalayerində aşkar edilmiş memarlıq qalıqları, kütləvi istehsalın məhsulu olan keramika məmulatı, daşdan, sümükdən və metaldan hazırlanmış alətlər Şərqi Anadolunun son xalkolit dövrü abidələrinin, xüsusilə də Arslantəpə yaşayış yerinin tapıntıları ilə analogiya təşkil edir”.
Qeyd olunub ki, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov tərəfindən Qax rayonunun Ləkit-Kötüklü kəndi yaxınlığındakı Xorqaya paleolit mağara düşərgəsində arxeoloji qazıntı işləri aparılmış, qazıntılar nəticəsində hazırlanma üsulları ilə seçilən qədim insanların istifadə etdikləri daşdan və sümükdən ibarət alətlər aşkar edilib: “Bölgə üçün yeni olan bu paleolit abidəsində aparılmış tədqiqatlar nəticəsində aşkara çıxarılmış maddi-mədəniyyət nümunələrinin səciyyəvi xüsusiyyətləri kimi Azərbaycanda və Cənubi Qafqazda Aşel mədəniyyətinin lokal variantının kəşf edildiyi isbat edilib. Eyni zamanda, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov tərəfindən Daşkəsən rayonunun Zəylik kəndi ərazisində son tunc-erkən dəmir dövrünə (e.ə. II minilliyin sonu-I minilliyin əvvəli) aid maraqlı qəbir abidəsi aşkar edilib. Burada kurqan örtüyü altında aşkar edilmiş iri ölçülü qəbir kamerasının Azərbaycanda bu vaxtadək analoqu məlum deyil. Unikal struktura malik qəbir kamerasının divarlarını və üst örtüyünü iri sal qayalar təşkil edir. Bu qəbir abidəsi Xocalı-Gədəbəy mədəniyyətinin dəfn adətlərinin öyrənilməsi istiqamətində bir yenilikdir”.
Hesabatda o da qeyd olunub ki, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı tərəfindən İsmayıllı rayonu ərazisində arxeoloji kəşfiyyat işləri aparıblar: “Kəşfiyyat nəticəsində rayon ərazisində elmə məlum olmayan 30-dan artıq yeni arxeoloji abidə qeydə alınıb. Həmin abidələr kurqanlar, antik və orta əsrlər dövrünə aid yaşayış yerləri və qəbiristanlıqlardan ibarətdir. Yeni aşkar edilmiş bu abidələr Şirvan bölgəsinin qədim və orta əsrlər tarixinin öyrənilməsi üçün zəngin informasiya mənbəyidir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər