"Qızıl şəhər"imizi azərbaycanlıların əliylə talan edirlər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-10-2015, 12:28 | Şərh sayı: (0) | Baxılıb: 445
"Qızıl şəhər"imizi azərbaycanlıların əliylə talan edirlər
Söyüdlü - Zod qızıl yatağı - Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Söyüdlü-Zod qızıl yatağı sahəsində 1970-80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı 4-5 min il əvvəl bu ərazidə qızıl istehsal edildiyi sübut edilib. Zar kəndi isə tarixdə "Şəhrizər", yəni qızıl şəhəri adı ilə məşhur olub.
Zod yatağı - Azərbaycanın Kəlbəcər və Ermənistanın Basarkeçər (Vardenis) rayonlarının sərhədində yerləşir. Yataq 1951-ci ildə "Qafqazqızılkəşfiyyat" İdarəsi tərəfindən aşkar olunub. Yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılıb. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistanda yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilib, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilib. Yatağın istismarına isə 1976-cı ildən başlanılıb.
"Ağduzdağ" yataqlarında da qızıl ehtiyatları var. Böyük ehtiyatları olan qızıl yataqlarından - "Zod", "Qızılbulaq" və "Vejnəli" ermənilərin işğal etdikləri ərazilərdə yerləşir. İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. Ermənilər bu ehtiyatlardan daha çox qızılı talan etməyə başlayıblar. Kəlbəcərin Ermənistanla sərhəd bölgələrindəki zəngin qızıl yataqlarında qanunsuz istismar başlayıb və bu proses indi də davam edir. Sonradan Ağdərə və Zəngilanda da qızıl yataqlarının talan edilməsi başlayıb. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 - Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı qalıb.
Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir. Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurlar yayılıb.
1988-ci ildə aparılmış son meşə quruluşu işlərinə əsasən, Kəlbəcər meşə təsərrüfatının ərazisi 32774 hektar təşkil edib. Meşələrdə bitən ağac və kolların bir neçəsi Azərbaycanın "Qırmızı kitab"ına daxil edilib. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitən Ayıfındığı və ya ağacvarı fındıq bunlardan biridir. Bəzi Ayıfındığı ağacının hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə çatırdı. Bu ağacın oduncağı qiymətli mebel materialı kimi ermənilər tərəfindən qırılaraq Ermənistana aparılır. Kəlbəcər rayonu ərazisində 4 mindən artıq müxtəlif növ bitkilərdən 200-ə qədəri dərman bitkiləridir. Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Dağ keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal və s. bu yerlər üçün xarakterik fauna növləridir.
İşğal altında qalmış Kəlbəcərin zəngin qızıl yataqları, təbii sərvətləri 22 ildir ermənilər tərəfindən talan edilir. Məsələnin ürək ağrıdan bir tərəfi də odur ki, ermənilər hazırda işğal etdikləri Kəlbəcərdəki qızıl yataqları və mədən işlərində Qarabağ müharibəsi zamanı əsir düşən azərbaycanlıları işlətməklə yanaşı, onlara işgəncələr də verirlər. Kəlbəcərdə Zod kəndi yaxınlığındakı ərazilərdə yerləşən mədənlərdə işləyən xeyli sayda azərbaycanlı əsir yarıac, səfil vəziyyətdə çalışdırılır. Tikanlı məftillərlə əhatələnmiş ərazidə Zod qızıl yataqlarında və digər mədənlərdə işgəncələrə məruz qalaraq işlədilən azərbaycanlı əsirlərlə erməni əsgərlər vəhşi kimi davranırlar. Onlar gücü çatmayan işlərə vadar edilir, döyülür, təhqir olunurlar. Ən ağır fiziki işlərdə çalışdırılan əsir azərbaycanlılara çox ağır işgəncələr verilir. Bəzi mənbələrin məlumatlarına görə, əsir azərbaycanlılar arasında qadın və uşaqlar da var.
P.S. Bütün bunlar bu gün bütün dünyanın gözü qarşısında baş verir. Qədim Azərbaycan torpaqlarında bu gün azərbaycanlılara qarşı edilənlər erməni vəhşiliyinin, vandalizminin daha bir sübutudur. Acı təəssüflə qeyd etməyi vacib hesab edirəm ki, baş verənlər beynəlxalq təşkilatların rəsmi sənədlərində əks olunmur və haqqında ölçü götürülmür.
Mətanət Əliyeva,
xüsusi olaraq dailykarabakh saytı üçün
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər