Övladlarımızın qızıl borcunu kim ödəyəcək? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 22:53 | Şərh sayı: (0) | Baxılıb: 428
Övladlarımızın qızıl borcunu kim ödəyəcək?
Azərbaycanın ən zəngin faydalı qazıntı yataqları işğal olunmuş ərazilərdə qalmışdır. Məlum olduğu kimi, işğal olunmuş ərazilərdə ölkənin iqtisadi potensialı üçün əhəmiyyətli olan 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl yataqı yerləşir.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal altındakı Ağdərə rayonun Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmanə yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton sink var. Dəmirli mis yatağının sənaye ehtiyatalrı 100 milyon ton təşkil edir. Həmin ərazilərdə, həmçinin Canyataq-Gülyataq qızıl yatağı mövcud olub.
Ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda yerləşən Söyüdlü (Zod) qızıl yatağının ehtiyatları 112,5 ton, Ağduzdağ və Tuthun yatağlarının qızıl ehtiyatı isə 13 tondan yuxarı təşkil edir.
Hal-hazırda bu yataqlardan işğalçı ermənilər sərbəst şəkildə mənfəət mənbəyi kimi istifadə edirlər.
İşğal olunmuş Zəngilan rayonu ərazisində sübut olunmuş sənaye ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis olan Vedjneli qızıl yatağı da işğalçıların əlində qalıb.
Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində sənədləşdirilmiş təsdiq olunmuş sənaye ehtiyatları ilə zəngin 3 qızıl yatağı var. Bunlar Zəngilan rayonundakı Vedjneli, Ağdərə rayonunda Qızılbulaq və Kəlbəcər rayonundaki Zod yataqlarıdır.
Azərbaycanın zəngin qızıl ehtiyatlarının qeyri-qanuni istismarı
Ölkəmizdəki qızıl yataqlarının işlənməsi ilə məşğul olan "R.V.Investment Group Services, LL USA" şirkətinin müqavilə əsasında payına düşən bəzi qızıl yataqları Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, son illər Dağlıq Qarabağda işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi məqsədilə 30-dan çox şirkət yaradılıb.
Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının (Drambon) kəşfiyyat və istismar məqsədi ilə 2002-ci il avqust ayında ermənilərin "Valeks qrup" ("VALLEX Group ")" şirkəti tərəfindən "Base Metals" adlı şirkət yaradılıb. Bu illər ərzində işğal olunmuş Dağlıq Qarabağda ən uğurlu müəssisə, ən böyük istehsalçısı və vergi ödəyicisi olan Drmbon dağ-mədən zavodu 13 ay ərzində inşa edilmişdir.
İlkin mərhələdə ildə 150 min ton filiz emal edilməsi nəzərdə tutulsa da, 2009-2011-ci illərdə şirkət ildə 400 min ton filiz emal edib. Bu yatağın hasilatı ilə vəhşicəsinə davranış ona gətirib çıxardı ki, qısa müddətdə (10 il) filiz hasilatının həcmi ayda 30 min tondan 10,6 min tona qədər azalıb.
Müvafiq olaraq, bütün digər iqtisadi göstəricilərdə də azalma müşahidə olunub. "Base Metals" şirkətinin baş direktoru Artur Mkrtumyanın sözlərinə əsasən, Drambonda kəşf olunmuş 3,2 milyon ton filizdən bu gün hasilat ücün cəmi 0,4 milyon ton qalır ki, o da yeraltı yatağın aşağı horizontlarında yerləşir. Üstəlik, yalnız filiz istehsalının həcmi deyil, hətta onun tərkibndəki mis 30 faiz, qızıl isə 2- 3 dəfə azalıb.
Digər tərəfdən, bütün bunlar "Base Metals" şirkətinin qondarma "DQR" in dövlət büdcəsinə vergi ayırmalarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Drambon dağ-mədən zavodunun fəaliyyətini dayandırmamaq və iş yerlərini saxlamaq üçün şirkət düz 8 il mineral sənaye xarakterli təzahürləri axtarıb. Düz 8 il hərtərəfli kəşfiyyat aparıb, yer kanalları çəkib, quyu qazılıb, Dağlıq Qarabağ ərazisində və Azərbaycanın ətraf rayonlarında geniş geofiziki və geokimyəvi tədqiqatlar aparılıb. Nəticədə, qısa müddətdə kəşfiyyat səmərəliliyinin artırılması üçün qazma texnologiyası parkının tamamilə abadlaşdırılması qərarı qəbul edilib. Əgər köhnədən qalan sovet raybaları 60-70% əsas təşkil edirdisə, şirkət tərəfindən yeni alınan və eyni dərinlikdə süxurların bütün nümunələrini, demək olar ki, tam və dəqiq şəkildə əks etdirən 4 ədəd İsveç istehsalı olan qazma avadanlığı orta hesabla avadanlığın 95% -ni təşkil edir.
Nəticədə, 2011-ci ilin dekabrında yalnız bir quyuda (bu gün artıq Ağdərə rayonundakı Kaşen iri qızıl yatağı kimi müəyyən edilib), sənaye əhəmiyyətli filiz aşkar edilmişdir .
2012-ci il noyabr ayının sonunda bu yataqda açıq mədənçilik işləri başlandı və artıq 2013-cü il mayın 1-də Kaşen yatağında filiz istehsalına başlandı. Müntəzəm olaraq bu yataqdan gündə 2 min ton həcmində filiz Drambon dağ-mədən zavoduna aparılırdı. Kaşen yataqından filizin emalını nəzərə alaraq Drambon dağ-mədən zavodunda aparılan yenidənqurma işləri nəticəsində zavodun istehsal gücü iki dəfə - 350 min tondan 700 min tona qədər çatdırılmışdır. Hazırda Drambon dağ-mədən zavodu ildə 600 min ton kaşen filizi və 100 min ton drmbon filizi emal edə bilir.
Ağdərə yatağında mədən və sənaye fəaliyyətinin təşkili haqqında saziş "Valeks qrup" şirkəti və separatçı hökumət tərəfindən 2012-ci ilin mart ayında imzalanıb. Bu sazişin şərtlərinə görə, "Valeks qrup" şirkəti istehsalatın yaradılmasına 80 milyon dollar sərmayə qoymaq niyyətindədir. Növbəti on il ərzində 17 milyon ton filiz emalı planlaşdırılır.
"Base Metals" şitkətinin eksperimental məlumatlarına görə, Ağdərədə yerləşən yataqlar Kəlbəcərdə olan mədən yataqları kimi mis və qızılla zəngin deyil, lakin buradakı mis-molibden ehtiyatları irimiqyaslı istehsalatın qurulmasına imkan verir. Əgər Drambon dağ-mədən zavodu ildə 350 milyon ton filiz istehsal edirsə, Ağdərə ərazisində tikiləcək zavod hər il təxminən 1 milyon 600 min ton filiz emal edəcək. "Base Metals"-ın məlumatına görə, Kaşen sahəsində 41 milyon ton həcmində filiz ehtiyatları var. Şirkətin son məlumatlara görə, sübut olunmuş filiz ehtiyatları 56 milyon ton həcmində qiymətləndirilir və onlar artıq əhatəyə alınıb. Artur Mkrtumyanın sözlərinə görə, kəşfiyyat davam edir və nikbin proqnozlara görə, növbəti 2-3 il ərzində bu ehtiyatlar iki dəfə artacaq.
Hazırda Ağdərədə tutumu ildə 1,75 milyon tondan 3,5 milyon ton filiz istehsal edən mədən emal zavodunun tikintisi aparılır. Bu isə, öz növbəsində, artıq 100 milyon dollar dəyərində 14-15 min ton səviyyəsində illik mis istehsalı deməkdir. Bu da Drambon dağ-mədən zavodunda ən yüksək məhsul istehsal edilən illərdəkinə nisbətən 2-2,5 dəfə çoxdur. Bundan başqa, nəzərə alınmalıdır ki, drambon filizinin bir tonunun istehsal dəyəri kaşen filizindən zəngindir, odur ki, qeyd olunan göstəricilərə Ağdərə yatağında olan filizin kəskin hasilatı və emalı nəticəsində nail olunacaq.
Layihənin dəyəri 136 milyon dollar həcmində qiymətləndirilir. Bu məbləğdən 65 milyon dollar artıq sərmayə qoyulub .
Kaşen yatağının (Ağdərə) istismarina "DQR"də yüksək ümidlər bağlayır, o sosial-iqtisadi inkişaf və xüsusilə məşğulluq problemi həll eden ən vacib amillərdən biri kimi nəzərdə tutulub.
Belə ki, 2013-cu il mayın 1-dən "Base Metals" şirkətinin iqtisadi göstəriciləri yenidən yüksəldi. Belə ki, 2013-cu ilin iyununda 3 milyon dollar dəyərində məhsul istehsal edilib. İyulda isə 55 min ton kaşen filizi emal edilib. Beləliklə, ayda 60 min ton sabit emal həcmi gözlənilir ki, bu da Drambon dağ-mədən zavodunun maksimum imkanlarına bərabərdir.
Bu iki yatağın arasındakı əsaslı fərq yalnız ondan ibarətdir ki, onların ölçüsü istisna olmaqla, Kəlbəcər yatağında qapalı yeraltı qazıntılar aparılır, Ağdərədə isə istehsal açıq yolla həyata keçirilir ki, bu da istehsal xərclərini xeyli azaldır.
Heyvalıda yerləşən Drambon dağ-mədən zavodu ağır sənaye yeniliklərinə aid edilir və Dağlıq Qarabağda xarici investisiya əsasında olan ən uğurlu müəssisələrdən biri hesab olunur. Və yuxarıda qeyd edildiyi kimi "Base Metals" şirkəti isə Dağlıq Qarabağın ən böyük vergi ödəyicisidir və "DQR" hökumət gəlirlərinin böyük bir hissəsini təmin edir.
İstehsal edilən konsentrat Alaverdi zənginləşdirici metallurgiya zavoduna göndərilir və orada metallurgiya emalına məruz qaldıqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılir. Zavodda 1200 nəfər işçi çalışır. Şirkət 4 növbə, gundə 24 saat fəaliyyət göstərir. Yataqda kənddəki ailələrin demək olar ki, bütün nümayəndələri çalışır və yüksək əməkhaqqı alırlar.
"Base Metals" şirkətində isə 1400 işçi çalışır, onlardan 300 nəfəri Ağdərədə filiz istehsalı ilə məşğuldurlar. Zavodun tikintisi başlayan kimi daha 500-700 işçi əlavə olunacaq . Belə ki, "Base Metals" şirkəti paralel olaraq kəşfiyyat işləri həyata keçirir və tanınmamış "DQR" ərazisində 20-dən artıq qızıl yatağı tədqiq etmişdir. Qeyd etmək lazımdır ki, son illərdə dağ-mədən sənayesi iqtisadiyyatı stimullaşdıran əsas sahəyə çevrilmişdir və "DQR"-in ÜDM-in əhəmiyyətli bir payını təşkil edir. Hazırda dağ-mədən sənayesi Dağlıq Qarabağ iqtisadiyyatının sürətlə inkişaf edən sahələrindən biridir və sənaye istehsalının 30 faizini, dövlət büdcəsinin gəlirlərinin 11 faizdən çoxunu təmin edir. 2012-ci ildə onun payına ölkənin sənaye ixracatının 70 faizi düşüb. Eyni zamanda, Dağlıq Qarabağda qızıl mədənlərindən əldə olunan mənfəətin əsas hissəsi şəxsi ciblərə axır və yaşayiş səviyyəsi çox aşağı olaraq qalır.
Dağlıq Qarabağ ərazisində mineral yataqlarının axtarışı davam edir. "DQR"-in "baş naziri" Ara Arutyunyanın sözlərinə görə, mövcud mədən ehtiyatlarının tam ciddi istifadəsi ölkənin dinamik inkişafını təmin edəcək və səmərəli şəklində sosial, iqtisadi və digər məsələləri həll edəcək.
Son illərdə Dağlıq Qarabağın dağ-mədən sənayesinə həm dövlət büdcəsindən, həm də özəl sektor tərəfindən kapital qoyuluşunun həcmi əhəmiyyətli dərəcədə artmışdır. Digər erməni şirkəti - "Armenian copper program" (onun sahibləri Lixtenşteynin "VALLEX FM Estabilhment" şirkəti və İsveçrənin "Elecom" şirkətidir) 2009-cu ildə Ağcabədi rayonunun Qızılbulaq yatağından 40 min ton konsentrat hasil edib və 9,5 ton qara mis əldə edib.
2014-cü ilin birinci rübündə erməni metallurgiya şirkəti "Armenian copper program" (ACP) xam mis istehsalını ötən ilə nisbətən 6,8% artıraraq 1,778 tona qaldırmışdır. Bu artım "Base Metals" şirkətinin müəssisələrində mis konsentratının hasilatının artması nəticəsində əldə olunub. Bütün məhsullar bütövlüklə Avropaya ixrac edilir.
1997-ci ildə Kəlbəcər rayonunda sahiblik edən Ermənistan Sənaye və Ticarət Nazirliyi Söyüdlü (Zod) yatağının istismari üçün Kanadanın "First Dynasty Mines" (FDM) şirkəti ilə müqavilə imzalayıb. Yalnız 2003-2004-cü illərdə burada 4,5 ton təmiz qızıl istehsal edilib.
Ümumiyyətlə, FDM şirkətinin payına işğal olunmuş ərazilərin müxtəlif yerlərindən 16 ton təmiz qızıl düşüb. Söyüdlü yatağı Azərbaycan-Ermənistan sərhədində 73%-i ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonu ərazisində yerləşir və yatağın Azərbaycan hissəsindəki ehtiyatı 112 tondan çox qızıl təşkil edir. Kəlbəcər rayonunun işğal olunmamışdan qabaq bu yataqdan 27 tondan artıq qızıl istehsal edilib. Baxmayaraq ki, bu yatağın istismarı 1992-ci ildə dayandırılıb, 1996-cı ildə ABŞ ekspertləri burada yenidən kəşfiyyat işlərinə başlayıblar. Nəticədə, yataqda 40 tondan çox qızıl ehtiyatının olduğu aşkar edilmişdir.
Azərbaycan Eologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, FDM şirkəti Ermənistanın qızıl mədənləri sektoruna 12 milyon dollarlıq sərmayə qoyub. Bundan əlavə, Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində qızıl mədənləri sektorunda yeni investisiyalar baxımından Beynəlxalq Maliyyə Korporasiyası və digər xarici banklarla danışıqlar aparır. Kanadanın FDM şirkəti 2007-ci ilə qədər ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağın qızıl mədən sahəsində 22,1 milyon dollar dəyərində sərmayə yatırıb. Ermənistanda və Azərbaycanın işğal olunmuş torpaqları geoloji kəşfiyyat işlərinin aparılmasına bu şirkət tərəfindən toplam 4 milyon dollar dəyərində investisiyalar ayrılıb. 1997-ci ilin sentyabr ayinda Ermənistanın Sənaye və Ticarət Nazirliyi və FDM şirkəti arasında 63,3 milyon dollar həcmində filiz-mədən işləri haqqında saziş imzalayıb. FDM aktivləri Marcus Randolfun başçılıq etdiyi "Sterility Gold LTD" şirkətinə məxsusdur.
1998-ci ildə FDM şirkəti Ermənistan hökumətinə məxsus "Ararat Gold Recovery Company" (AGRC) şirkətinin investisiyaların 50%-ni alaraq şirkətin tam sahibi olub. AGRC Söyüdlü yatağının yenidən istismarına başlayıb. Bu yatağın qızıl ehtiyatları 12 milyon unsiya (370 ton) dəyərində qiymətləndirilir. 2010-cu və 2011-ci illərdə erməni şirkəti tərəfindən Söyüdlü qızıl yatağından ildə təxminən 700 kq qızıl hasil edilib.
2007-ci ildə AGRC-in səhmlərini "Geopromaynig" beynəlxalq şirkəti əldə etmişdir və Ermənistanda GPM Gold adlı yeni şirkət fəaliyyət gostərməyə başlayıb. Qarşıdakı illərdə Ermənistan iqtisadiyyatında GPM Gold şirkətinin ümumi investisiyaları 100 milyon dollar olacaq. Şirkətin baş direktoru Vladimir Kozlov deyib: "Bu məbləğin 50% borc vəsaitləridir, qalan mənfəətə isə GPM-ə məxsus kapital yaradılır". Kozlov bildirib ki, vəsait Ararat qızıl zavodun təkmilləşdirilməsi və Söyüdlü yatağında avadanlıqların alınmasına yönəldilir.
GPM şirkət artıq Kəlbəcər rayonunda kiçik bir zavod inşa etmişdir. Azərbaycan "R.V. Investment" qızıl şirkəti erməni şirkətə bildirib ki, yataqların istismarı barədə Azərbaycan hökuməti ilə müqavilə imzalayıb və orada keçirilən hər hansı bir əməliyyat beynəlxalq məsuliyyət ilə nəticələnə bilər. Buna baxmayaraq, Azərbaycanın Kəlbəcər və Zəngilan rayonları ərazisində olan zəngin qızıl yataqları bütün beynəlxalq hüquq normalarına məhəl qoyaraq ermənilər tərəfindən idarə edilir.
Ellada Xankişiyeva,
xüsusi olaraq dailykarabakh.com saytı üçün
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər