“Qara yumor” efirdən yığışdırılır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 14:44 | Şərh sayı: (0) | Baxılıb: 290
“Qara yumor” efirdən yığışdırılır
Arif Əliyev: “Bilirsiz, bundan sonrakı mərhələdə nə olacaq?”
Ötən ilin əvvəlindən etibarən telekanallarla bağlı aparılan siyasət yeni xətt üzrə davam edir. Öncə ekranlardan sosial yüklü verilişlər yığışdırıldı. Artıq ailəiçi qayğılar, ailə dramı, ailəsini atan kişilərin hekayəsindən ibarət proqramlar qapadıldı. Ardınca milli efirə moda, əyləncə xarakterli verilişləri gətirdilər. İndi isə telekanallarda, ayrı-ayrı məmurlara ünvanlı tənqid olan yumoristik verilişlərə son qoyulub. Vaxtilə insanların sosial problemlərini, qayğılarını mövzu edən skeclər, eləcə də yumoristik proqramlar artıq “məsləhət görülmür”.
“Yeni Müsavat” xatırladır ki, vaxtilə belə proqramlar hakimiyyət tərəfindən də təqdir olunurdu. Xatırlayırsınızsa, hətta “Bakılı oğlanlar” komandasının hazırladığı səhnəciklərdə mərhum prezident Heydər Əliyevin obrazını yaradırdılar. Onun özü də komandanın üzvləri ilə görüşdə bu səhnələrə çox güldüyünü deyir, bunu təqdir edirdi. Nazirlərin, Bakı merinin, tanınmış deputatların parodiyasının hazırlandığı bu proqramlar hər zaman hakimiyyətin normal reaksiyası ilə üzləşirdi. İndi isə artıq bu mövzular tamamən tabu elan edilib. Yaxşı, səbəb nədir? Ünvanlı, hətta “qara yumor”u efirdən yığışdırmaq nəyə xidmət edir?
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirdi ki, milli telekanallara baxmadığı üçün bu tendensiyanı da müşahidə etməyib. Müsahibimiz əhalinin böyük hissəsi kimi Azərbaycan televiziyasında ancaq xəbər verilişlərini izləyənlərdəndir. Amma A.Əliyev efirdən ünvanlı, tənqidi, yumoristik verilişlərin çıxarılmasını da təsadüfi saymır: “Proses kimi yeni olsa da, bəlli bir prosesdir. Mən buna ”qara yumor" deməzdim, ünvanlı tənqid deyərdim. Ünvanlı tənqiddən çəkinmə bu prosesin mərhələlərindən biridir. İlkin mərhələdə tənqiddən kənarda müəyyən şəxslər qoyulur. Belə bir psixoloji mühit yaradılır ki, son nəticədə həmin əmri verən şəxslərdə bu dairə genişlənir. Bu qaçılmaz elementdir. Əgər prinsip olaraq bir şey bir şəxsə, bir qrupa tətbiq olunursa, sonra da zümrəyə tətbiq olunur. Bu, bir çox sahələrdə tətbiq olunur. Xüsusən də media siyasətində qaçılmaz bir məqamdır".
A.Əliyev xatırlatdı ki, keçmiş prezident Heydər Əliyev özü belə tədbirlərdə iştirak edir, orda hakimiyyətlə bağlı yer alan tənqidlərə əl çalırdı. Müsahibimizin sözlərinə görə, həmin tənqidlərin real əsası vardı: “O, sadəcə, fantastika deyildi, hər bir səhnəciyin real əsası var idi. Heydər Əliyev də yumora meylli insan idi. Amma növbəti mərhələdə bu cür tənqidlərə, informasiyalara qadağa qoyuldu. Amma bu qadağa xərçəng xəstəliyi kimi bir şeydir. Bütün hüceyrələrə qədər yayılır”.
Müsahibimiz hesab edir ki, növbəti mərhələdə, ümumiyyətlə, bütün mənfiliklər və tənqidi materiallar yığışdırılmağa başlanacaq. A.Əliyevin fikrincə, bu, jurnalistika nəzəriyyəsinin təcrübədə tətbiq olunmuş formasıdır: “Bu prosesin ”jurnalist dərimdə" getdiyini müşahidə edirəm. Hətta məndə konkret məlumatlar var ki, müəyyən KİV rəhbərlərinə tənqidi material yaymamaları ilə bağlı göstəriş də verilib".
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər