Bakı marketlərində yumurta qadağası |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 21:24 | Şərh sayı: (0) | Baxılıb: 314
Bakı marketlərində yumurta qadağası
Son günlər Bakıdakı bəzi mağaza və iri marketlərdə yumurta qıtlığı müşahidə edilməkdədir. Eyni zamanda bu məhsulun qiymətində də artım müşahidə edilir. Dövlət Statistika Komitəsi Azərbaycanda yumurta istehsalında azalma olduğunu təsdiqləyib.
“Yeni Müsavat”a şikayət edənlər bildirib ki, iri və məhəllə marketlərində alıcıya yumurta məhdud sayda satılır. Daha dəqiq desək, hər müştəriyə cəmi 10 ədəd yumurtanın satıldığı yeni qaydalardandır. Buna səbəb kimi marketdəki yumurta qıtlığı göstərilir. Hətta şikayətçilər məsələnin tragikomik tərəfini də belə izah etdilər: “Əgər evə çox yumurta lazımdırsa, bir dəfə ər bazarlıq edəndə 10 ədəd alır, bir dəfə də arvad. Beləcə, 20 ədəd yumurtamız olur”.
Problemi öncə məhəllə marketləri ilə dəqiqləşdirmək istədik. Metronun “20 Yanvar” stansiyası həndəvərində yerləşən “Elxan” marketdən bizə bildirdilər ki, müştərilərə belə qadağa zavod yumurtası ilə bağlı qoyulub. Buna səbəb də firmaların onlara az yumurta gətirməsi və bunu əhalinin tələbatına uyğun şəkildə bölə bilməmələridir. Marketin satıcısı Rahim Əliyev dedi ki, “firmadan soruşuruq ki, niyə az yumurta gətirmisiz, deyirlər, anbarda da azdır. Amma biz bilirik ki, ölkədə qəsdən yumurta qıtlığı yaradırlar. Sonra qiymətləri kəskin qaldıracaqlar. Anbar yumurta ilə doludur. Gedirik iri marketlərə ki, yarım qutu - onun içində 180 ədəd yumurta olur - yumurta alaq, icazə vermirlər. Deyirlər, siz gedib bunun üstünə pul qoyub satacaqsız. Bəs müştəri bizdən yumurta istəyəndə nə cavab verək, nə deyək?”
“Rahat” marketlər şəbəkəsi marketinq şöbəsinin müdiri Kənan Şükürov dedi ki, onlarda yumurta satışı ilə bağlı say məhdudiyyəti yoxdur. Mövsümə bağlı olaraq kənd yumurtasının sayında nisbətən azalma müşahidə olunur. Amma onları da bir qutuda 10 ədəd olmaqla satırlar: “Amma bəzi işbazlar fürsətdən istifadə edib, yarım qutu, bir qutu yumurta almaq istəyirlər. Bir qutunun içində 360 ədəd yumurta olur. Bu qədər yumurtanı niyə aldığını soruşursan, deyir, ev üçün. Məlumdur ki, yalan deyir. Bazarda süni qiymət artımı yaratmaq üçün belə edirlər. Buna görə də onların qarşısı alınır. Amma sıradan müştərilərə yumurta sayı ilə bağlı hər hansı məhdudiyyət yoxdur”.
“Makro market”in müdir müavini Samir Həsənli də bu qadağanı inkar etdi. “Yumurtadan bol nə var” deyən müsahibimizin sözlərinə görə, heç kim onlara qutu ilə yumurta almaqla bağlı müraciət etməyib. Amma müsahibimiz bildirdi ki, zavod yumurtasının qiyməti qısa müddət öncəyə qədər 13 qəpiyə qalxsa da, hazırda 12 qəpik dəyərindədir. Kənd yumurtasının qiyməti isə firmasından asılı olaraq dəyişir. 1 qutusu (içində 10 ədəd olur) 1.55-1.60 AZN məbləğindədir.
“Bizim” marketin administratoru Gülnar Əhmədova onlarda yumurtanın ədədlə yox, qutu ilə satıldığını bildirdi. Administratorun sözlərinə görə, onlarda yumurta qıtlığı yoxdur. Zavod yumurtası yox, ancaq kənd yumurtası satdıqlarını deyən market təmsilçisi qiymətlərin də (içərisində 10 ədəd olan bir qutunun) 1.40-1.83 AZN arasında dəyişdiyini vurğuladı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər