"15 min terrorçu Rusiya və Azərbaycan üçün təhlükədir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-10-2015, 12:37 | Şərh sayı: (0) | Baxılıb: 342
"15 min terrorçu Rusiya və Azərbaycan üçün təhlükədir"
Milli.Az suriyalı jurnalist-yazar Hüsnü Məhəllinin APA-ya müsahibəsini təqdim edir.
- Prosesləri çox yaxından izləyirsiniz. Son durumdan başlayaqmı?
- Məncə, Putin və ya Rusiya uzun müddətdən bəri gəlinən bu nöqtəni təhlil edirdi. Çünki dünya tarixində belə bir örnək yoxdur: indiyə qədər təxminən 100 ölkə 1 ölkəyə hücum etməyib. 100 ölkəni niyə deyirəm? Bilirsən ki, İstanbulda və başqa yerlərdə toplanan "Suriyanın dostları" qrupu vardı, orada 100 ölkə iştirak edib deyirdi ki, Suriyanı məhv edəcəyik. 4,5 ildən bəri Suriyada dövlətə qarşı savaşan qruplara dəstək verdilər. "Əsəd 1 həftədən sonra gedər, 1 aydan sonra gedər" - dedilər, amma Əsəd getmədi, müqavimət göstərdi. "Əsəd müqavimət göstərdi" - demək səhvdir, müqaviməti göstərən Suriya ordusu, mülki müdafiə hissələridir. Onlar deyirdilər ki, Əsəd ələvidir, Suriya xalqının isə böyük çoxluğu sünnidir, onu devirər. Ordunun 90%-nin sünni olduğunu nəzərə alaraq bunu deyirdilər. Bu sözlər çökdü. İkincisi isə, deyirdilər ki, Əsəd diktatordur, xalq onu sevmir, Allah bəlasını versin, xalq onu devirəcək. Bu gözləntilər də çökdü. Üçüncüsü, Əsədin və Suriya xalqının belə bir gerçəkliyi ortaya çıxdı: Suriya tarixi bir mərkəzdir. Bu həqiqəti Suriyanı dağıtmaq istəyən heç kim görmədi. Suriyanın 3-4 min illik yazılı tarixi var, bütün yazılı mədəniyyətlər Suriyadan çıxıb. Bütün dinlərin mərkəzi də Suriyadır. Pavel xristianlığı Dəməşqdən yayıb, Məhəmmədin peyğəmbər olacağı hələ 12 yaşında ikən Dəməşqdə məlum olub. İsanın əhrəmicə danışan kəndi hələ də Dəməşqin 40 kilometrliyində durur. Bu mədəniyyətlərin olduğu bir torpağın Səudiyyə Ərəbistanı kimi, Qətər kimi Körfəzin zəmanədən geridə qalmış ölkələrinə məğlub olacağını hesablayanların ağlı çatmır. Putin 4,5 il gözlədi. Qərb və ərəblərlə münasibətlərində onlara daim xəbərdarlıqlar etdi. Ən iyrənc örnəyi verim: Səudiyyə Ərəbistan kəşfiyyatının şefi Bəndər bin-Sultan 2014-cü ildə Soçidə Putinə 30 milyard dollar aparıb, "Bu pulu al, Əsəddən vaz keç" - səviyyəsinə düşdüyünü xatırlasaq, Putinin nə qədər səbirli olduğu ortaya çıxır.
"Rusiya üçün fərq etməyəcək: radikalını, mülayimini təmizləyənə qədər orada qalacaq. Suriyadakı terroru risk yaratmayacaq səviyyəyə endirmədən Rusiya oradan çıxmayacaq".
- Xarici işlər naziri də təxminən 2 ay qabaq "birbaşa investisiyalar" adı altında Moskvaya 50 milyard dollar təklif etmişdi.
- Kəşfiyyat şefi birbaşa pul təklif edib, xarici işlər nazirininki bir az fərqlidir. O nazirin də başı çatmır. Rusiya səbirlə gözləyərkən, təbii ki, Əsədə silah-sursat verdi, müdafiəsini dəstəklədi. Ancaq Suriya xalqının və ordusunun da müəyyən dərəcəyə qədər müqavimət gücü var. 100 ölkəylə savaşırsan, 50 min əsgərin ölüb, 50 min könüllü savaşçın həlak olub, ölkənin gücü azalıb. Suriya dövlətinin çökməyə yaxınlaşdığı vaxtda Rusiya köməyə getdi. Orada Şimali Qafqazdan savaşan 15 min terrorçu var, düşün ki, sabah onlar Rusiyaya qayıtdılar. Rusiya bunu düşündü, Azərbaycanın da düşündüyünə inanıram. Bu, Rusiya və Qafqaz üçün təhlükədir. Suriyadakı terrorçu qruplar təmizlənmədən Rusiyanın oradan çıxacağına inanmıram. Rusiya üçün fərq etməyəcək: radikalını, mülayimini təmizləyənə qədər orada qalacaq. Suriyadakı terroru risk yaratmayacaq səviyyəyə endirmədən Rusiya oradan çıxmayacaq. Çünki Rusiyanın göndərdiyi silahlara baxanda ən müasir təyyarələrin, helikopterlərin, tankların, raketlərin və raketdən müdafiə sistemlərinin olduğunu görəcəksiniz. Lazkiyədə qurulan müdafiə sisteminə baxanda bu hazırlığın uzun müddətdən bəri aparıldığı məlum olur. Rusiya oraya gələrkən hər cür riski nəzərə alıb, hətta üçüncü dünya müharibəsinə qədər. Ona görə də Suriyadakı terrorun kökünü kəsməyənə qədər ölkədən çıxmayacaq.
- Rusiyanın 4,5 il səbr edəndən sonra Suriyaya hərbi müdaxilə etməsinin arxasında hansı hərbi və iqtisadi hədəfləri var? Rusiya ilk dəfə Orta Şərqin bir ölkəsinə bu qədər geniş miqyasda müdaxilə edir.
- İqtisadi yox, hərbi var. Hələ ki iqtisadi hədəf yoxdur. Bu, ola bilər: düşün ki, bir müddətdən sonra Suriyada savaş başa çatdı, ölkədə zəngin təbii qaz və neft yataqları var. Həm quruda, həm də suda. Dənizdəki daha önəmlidir, çünki həm Livana, həm Kiprə, həm də İsrailə sərhəd bölgədir. Qaz axtarışı və çıxarılması sahəsində "Qazprom"un orada söz sahibi olması Qərbin bütün layihələrini batırar. Bilirsən ki, Rusiyanın Avropadakı qaz monopoliyasını qırmaq üçün amansız mübarizə var. Amma bu gün üçün Rusiyanın Suriyada iqtisadi maraqları ilk planda deyil. Problem həll ediləndən sonra Rusiyanın orada böyük iqtisadi qazancı olacaq. Eyni zamanda ölkənin dağıdılmış bölgələrini Rusiya yenidən ayağa qaldıracaq.
- İran həm "İslam Dövləti" terrorunun öz sərhədlərinə yaxınlaşmasına imkan vermədi, həm də Suriyanı qeydsiz-şərtsiz müdafiə etdi...
- İran bunu etmək məcburiyyətindədir. Çünki Rusiyanın olduğu kimi, İranın da Suriyaya vəfa borcu var. 1958-ci ildən etibarən Suriyanın əvvəlcə SSRİ, sonra isə Rusiya ilə yaxın münasibəti olub. Suriya Misir kimi vəfasızlıq etmədi, bütün şərtlərdə ruslarla dostluq münasibəti yaratdı. Səhv etmirəmsə, Putinin sözüdür ki, Suriya kiminlə savaşır? Qafqazdan getmiş başdanxarab çeçen və ya başqa terrorçularla. Ona görə də biz ona dəstək verməliyik. 1980-88-illərdəki İran-İraq savaşında ərəb dünyası Səddamı dəstəklədi, təkcə Hafiz Əsəd İranı dəstəklədi. Hafiz Əsəd İranı dəstəkləməsəydi, orada fars-ərəb və eyni zamanda şiə-sünni savaşı olacaqdı. Ancaq Əsədin bir ələvi ərəb kimi İranı dəstəkləməsi savaşda tarazlığın yaranmasına səbəb oldu. Bəzi ərəb liderləri də Əsədin tərəfini tutdular. İran o dəstəyin sayəsində 8 il müqavimət göstərə bildi. Xomeyninin belə bir sözü olduğunu deyirlər: İran var olduğu müddətcə Suriyaya sahib çıxacaq. Xamneyinin də o cür sözü var. İran Suriyaya birbaşa əsgər və silah göndərmədi, buna dair iddialar qətiyyən doğru deyil. Ancaq İran "Hizbullah" üzərindən Suriyaya silah-sursat göndərib dedi ki, gedin, Suriya ordusunun sıralarında savaşın. Əsəd kimi "Hizbullah" da sələfi terrorçuların düşmənidir. Çünki onları da doğramaqla təhdid edirlər. İran "Hizbullah" üzərindən Əsədə sahib çıxdı və bundan heç vaxt vaz keçməz.
- 30 dekabr 2006-da - Səddam Hüseyn edam edildiyi gün bizə verdiyiniz açıqlamada: "Orta Şərqdə sünni-şiə savaşı çıxarmaq üçün Səddamı edam etdilər", - demişdiniz. Rusiyanın Suriyaya verdiyi açıq hərbi dəstək Orta Şərqdə "Müsəlman qardaşlar" cizgisinə vurulmuş yeni bir zərbə sayıla bilərmi?
- O cizgi zərbə almış deyil, o cizgi tamamilə çökdü. Çökməsinin əsas səbəbi Suriyanın göstərdiyi müqavimətdir. Suriya müqavimət göstərdiyinə görə Misirdə ordu çevriliş etdi. Birinci və ya ikinci ilində - 2013-cü ilin iyununa qədər Əsəd getmiş olsaydı, Sisi Misirdə çevriliş edə bilməzdi. Bunu biz çox yaxşı bilirik. Orta Şərqdə Suriya ilə Misir biri o birini tamamlayan strateji məfhumlardır. Birini alsan, o biri olmaz. Fironlardan qalma bir həqiqətdir. Məmlüklər, Abbasilər zamanında da bu cür olub. Suriya müqavimət göstərincə, Misirin intellektual dairələri və milliyyətçi ordusu dedilər ki, "Müsəlman qardaşlar" iqtidarı Misiri məhv edəcək. Suriya müqavimət göstərib Misirdə çevriliş olunca "siyasi islam" nəzəriyyəsi də çökdü. Daha sonra Tunisdə demokratik yolla məğlub oldular. Livanda "Hizbullah"ı vətəndaş müharibəsinə çəkmək istədilər, ancaq oyuna gəlmədilər. "Hizbullah"ı idarə edənlər çox ağıllı adamlardır.
- Dəməşqin yerləşdiyi coğrafiyanın özəlliklərinə toxundunuz. Türkiyənin Qurtuluş savaşında Mustafa Kamal paşa Anadolu ilə Şam coğrafiyasının gücünü birləşdirərək "düvəli-müəzzəm"ə qarşı qələbə qazana bilmişdi. 2000-2010-cu illər arasında Ankara ilə Dəməşq arasındakı münasibətlər daima yaxşılaşarkən 2011-ci ilin martından başlayaraq münasibətlərin bu qədər pisləşməsinə hansı faktorlar səbəb oldu?
- Bunun iki səbəbi var. Birincisi, xarici səbəb. Bəzən biz deyirik ki, indiki iqtidar bir layihədir, hökumət bu layihənin içindədir. Biz bunu bilmirik, başqalarının beyninin içinə girib orada nə olduğunu öyrənə bilmərik. Proseslərin bir layihə olub-olmadığını deyə bilməsəm də, ortaya xeyli sübutun çıxdığını deyə bilərəm. Orta Şərqdəki "Müsəlman qardaşlar"ın liderlərinin, şeyxlərinin, imamlarının beyinləri boşdur. Mən onların liderlərini, təşkilatlarını yaxşı tanıyıram. Müəyyən yerə qədər onların beyni işləyir, ancaq "Allah, peyğəmbər" söhbətləri hər şeyin önünə keçən kimi, onlar səfehləməyə başlayırlar. Predmetlərə bağlı həqiqətlər var. Seyid Kutub 1950-ci illərdə yaşayıb, o vaxtları yazıb. 1950-ci illərlə 2015-ci ilin predmetə bağlı şərtləri eynidirmi? Deyil. İşin içinə din faktoru girəndə bunlar xəyal qurmağa başlayırlar və din çərçivəsində qaldıqlarına görə, bir çox şeyi görməyib, xəyallarla yaşayırlar. ABŞ bu bölgəni sənə verərmi? Səudiyyə Ərəbistanında vəhhabi məzhəbinin yaradılmasının məqsədi Osmanlıdan xilas olmaqdır. "Ərəblər Osmanlını arxadan vurdu" - sözünün arxasında İordaniyanın keçmiş kralı var. Tarix boyunca Səudiyyə Ərəbistanı, Qətər və İordaniya Türkiyəni aldadıblar. Yenə aldadacaqlar, hamı görəcək. Bunları deyəndə bizə əsəbiləşirlər.
- Bir müddət əvvəl Bəşər Əsədin: "Bizim başımıza gətirilən işlərin keçmiş sovet ölkələrinin bəzilərində təkrarlanma ehtimalı var", - deyə bir açıqlaması olmuşdu. Sizcə, Əsəd nəyə işarə edirdi?
- Bu hadisələrin baş verməsindən əvvəl Səudiyyə Ərəbistanının indiki xarici işlər nazirinin bir açıqlaması olmuşdu: "Biz 40 ildə müsəlman ölkələrinə və oradakı təşkilatlara 120 milyard dollar vermişik". İndi düşün: bu adamlar 40 ildə Azərbaycanda hansısa dərnəyə, Qazaxıstandakı hansısa vəqfə, Şimali Qafqazdakı hansısa təşkilata pullar veriblər. Niyə? Çünki oraları sələfiləşdirmək, vəhhabiləşdirmək istəyirlər. İslamı həqiqi məzmunundan ayırıb səfehcə, manyakca vəhhabi məzhəbini yaymağa çalışırlar. Çeçen savaşını yadına sal, mən o vaxt oralara çox getdim. Birinci savaşdan sonra belə Moskva ilə münasibətlər yaxşı idi. Hətta 5 il içində çeçenlərə müstəqillik verəcəklərinə dair razılığa gəlmişdilər. Xəttab adlı bir adam Səudiyyə Ərəbistanından gəlib Məshədovu aldatdı və aləm bir-birinə qarışdı. Mən o vaxt oradaydım. İndi çeçen deyə bir şey qalıbmı? Sən məzhəb olaraq islamın olduğu hər yerə əlini uzadırsan. "Taliban"ı onlar qurdu, "Əl-Kaidə"ni onlar qurdu, İŞİD-i onlar qurdu. Suriyada dövlətə qarşı vuruşan nə qədər terrorçu varsa, hamısının arxasında Səudiyyə Ərəbistanının pulu var. Onlar islam düşmənidir. Məkkəyə get, Kəbədən başqa o şəhərdə müqəddəs heç nə yoxdur. Peyğəmbərin və nəslinin nə evi, nə dükanı, heç nə yoxdur, sıfır. Fotolarda Kəbəni nə hala gətirdiklərini görürsən. Bu adamlar din düşmənidirlər. Məkkədə islam tarixiylə bağlı heç bir nişanə yoxdur. Bunlar ruhi xəstələrdir. Sən bu adamların arxasınca "cihad yolu"ndan gedəcəksən. Hansı adamların arxasından? Bu satılmış, ruhi cəhətdən xəstə, qadın düşkünü adamların arxasınca necə getmək olar? 90 illik cümhuriyyət tarixi olan, müasirləşərək Orta Şərqdən müqayisə edilməz dərəcədə qabağa gedən Türkiyənin bu adamları dəstəkləyənlərlə isti münasibət içində olması təəssüf doğurur.
- Jurnalistika karyeranızda Azərbaycanın ayrı bir yeri olduğunu bilirəm. Çapa hazırladığınız xatirələr kitabınızda Azərbaycana səhifələr ayırdığınızdan xəbərdaram...
- Kitabımı yazıb qurtardım, indi redaktə edilir. Mən Qarabağ savaşının ən qızğın vaxtında oraya getmiş yeganə jurnalistəm. Həm Azərbaycan, həm də Ermənistan tərəfindən getdim. Hətta Laçın dəhlizindən Şuşaya gedərkən çox hüznlü durumlar yaşadım. Şuşanın necə itirildiyini mən anlaya bilməmişəm. Dağın başında bir yer, oraya getmək üçün tək yol var, oranı bağlasan, heç kim girə bilməz. Mən əmin olmadığım şeyi demərəm və yazmaram. Oradan Xankəndiyə endim. O vaxt erməni dəstələrinin başında Koçaryan dururdu. Mən daima Xankəndi deməyə öyrəşmişəm. Bir gün mənə əsəbləşdi ki, bura Xankəndi yox, Stepanakertdir. Oradan Gəncəyə getdim. Rəhmətlik Elçibəylə fövqəladə dərəcədə səmimi dostluğumuz vardı, fövqəladə dərəcədə yaxşı bir insan idi. Mən onu devrilməzdən əvvəl də, sonra da görmüşdüm, hətta daha sonra Kələki kəndinə də getmişdim. Elçibəyə dedim ki, cənab prezident, xalq səni sevir, amma deyirlər ki, bir az yumşaq adamdır. Romantik, yumşaq. Dedi ki, yaxşı, prezidentin necə olması lazımdır, anlamadım ki? Dedim ki, vallah, hörmətli prezident, bir az üzlü olması lazımdır, bir az qarmaqarışıq işlər də qura bilməlidir. (Gülür - M. Ə.) Cavab verdi ki, onda mən prezident ola bilmərəm. Bildirdim ki, sənin ola bilməyəcəyin bəllidir. (Gülür - M. Ə.) Bu cür zarafatlarımız olmuşdu. Rəhmətlik Heydər Əliyevlə 3 dəfə görüşmüşdüm. Onunla bağlı da çox gözəl xatirələrim var. Bir səfərimdə mərhum Heydər Əliyevə dedim ki, "Çıraqlı" yatağına getmək istəyirəm. Dedi ki, Neft Şirkətinə get, Natiq sənə kömək edəcək, ancaq ondan əvvəl mənim oğlumun yanına get. Neft Şirkətinin binası çox gözəl idi. İlham Əliyev mənə dedi ki, bizdən istəyin nədir? "Çıraqlı"ya getmək istədiyimi dedim, məni Natiq Əliyevin yanına göndərdi. Natiq Əliyev mənə böyük xəritənin üstündə geniş brifinq verdi. Çox əfəndi bir adam idi. Növbəti gün saat 9-da helikopterlə "Çıraqlı"ya getdim. Mərhum Heydər Əliyevlə bağlı çox gözəl xatirələrim var. Mən Xankəndidə olanda ermənilər hücum edib Ağdamın bir hissəsini işğal etdilər. Azərbaycanlı gəncləri əsir almışdılar. Koçaryana dedim ki, onlarla danışmaq istəyirəm. Mənim operatorum bosniyalıdır, illərdən bəri onunla işləyirəm. Uşaqlara salam verən kimi, ağlamağa başladılar. Necə ağlayırdılar? Həyatımda o cür şey görməmişəm. Onlar ağlayan kimi, mənim bosniyalı operatorum da ağladı. Mənim də boğazım düyünləndi. Hamımız ağlayırdıq, baxdım ki, yanımdakı erməni zabiti də ağlayır. Dedi ki, bizim düşdüyümüz vəziyyətə bax, sovet vaxtında biz ən yaxın iki xalq idik, Moskvada tələbə olarkən ruslarla savaşanda birgə savaşardıq, indi düşdüyümüz vəziyyətə bax... (Gözləri dolur - M. Ə.) O günlərdə gördüyüm bir mənzərə mənə o qədər pis təsir edib ki, ömrümün axırına qədər unutmayacağam. (Danışır, ancaq mən yazmağı lazım bilmirəm - M. Ə.) Abi, bizim bu coğrafiya iyrənc coğrafiyadır. Azərbaycana çox getdim, oranı çox sevirəm. Bu dəfə səninlə gedərik. APA vasitəsilə hamıya salam və sevgilərimi göndərirəm.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər