QURAN VƏ LÜĞƏTDƏ “İMAM” SÖZÜ |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 13-01-2016, 00:16 | Şərh sayı: (0) | Baxılıb: 1133
QURAN VƏ LÜĞƏTDƏ “İMAM” SÖZÜ
Lüğət alimlərinin qeydlərinə əsasən, “imam” sözü feldən əmələ gələn mücərrəd isimdir və insanın diqqət mərkəzində saxladığı, ardınca düşərək tələb etdiyi hər bir şeyə aid edilir. Bu söz müxtəlif yerlərdə ayrı-ayrı mənaları ifadə edir; bəzən “imamcümə”, ”imam-camaat”, “hidayət imamı”, bəzən də “zəlalət imamı” kimi müəyyən mənalara aid edilir. (“Ət-təhqiq”, “əmm” kökü.) “İmam” sözü, əslində “niyyət etmək” mənasını daşıyan “əmm” sözündən götürülmüşdür.
“Məqayisul-lüğət” kitabında yazılır: “İmam – əsl və mərcə mənalarını bildirir, iqtida olunan və hər bir işdə qabaqcıl şəxsə “imam” deyilir. “İmam” sözü “ön” mənasında da işlədilir.”
“Lisanul-ərəb” kitabında “imam” sözünün bir çox mənaları qeyd edilir. O cümlədən, qabaqcıl, müəllim, evin bünövrəsini qurmaq üçün istifadə olunan ip (vəsait), yol, hər bir şeyin ön hissəsi və s.
Lakin belə nəzərə çarpır ki, bəzi lüğət alimlərinin yazdıqları kimi, bütün bu mənaların batinində müəyyən məqsədlə niyyət etmək mənası var. Hətta ərəb dilində anaya “ümm” deyilməsinin səbəbi hər bir şeyin əsas və kökünün “ümm” adlanmasıdır. Həm də o, insanın məqsəd və diqqət mərkəzindədir. Həmçinin iqtida olunan şəxs mənasında imam o kəslərə deyilir ki, camaat xüsusi meyil və məqsədlə onlara üz tutur.
Qurani-Kərimdə “imam” sözü və onun cəm forması olan “əimmə” sözü, düz, on iki dəfə – yeddi dəfə tək, beş dəfə isə cəm halda işlədilir. Qurani-Kərimin ayələrindən birində bu söz “lövhi-məhfuz” mənasında işlədilir:
كُلَّ شَيْءٍ اَحْصَيْنَاهُ فِى إِمامٍ مُبِينٍ
“Hər bir şeyi aşkar imamda – (lövhi-məhfuzda) sayıb-hesabladıq!” (“Yasin” surəsi, ayə 12.)
Başqa bir ayədə bu söz yol mənasında işlədilir:
وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ
“Hər ikisi (Lut və Şüeyb qövmlərinin yaşadıqları şəhərlər Şama doğru gedən sizlərin) açıq-aşkar yolunuz üzərindədir!” (“Hicr” surəsi, ayə 78.)
Çünki insan məqsədə nail olmaq üçün yola əhəmiyyət verir.
Quranın başqa iki ayəsində bu sözlə yəhudi qövmünə örnək və qabaqcıl şəriət olan Tövrata işarə edilir və buyurulur:
وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إِمَامًا وَرَحْمَةً
“Bundan qabaq Musanın kitabı onlara rəhbər və rəhmət idi.” (“Əhqaf” surəsi, ayə 12 və “Hud” surəsi, ayə 17.)
İmam sözü beş ayədə ilahi və saleh rəhbərlərə aid edilir. O cümlədən:
قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا
“Allah İbrahimə buyurdu: Mən səni insanlara imam təyin etdim!” (“Bəqərə” surəsi, ayə 124.)
Başqa bir ayədə bir qrup peyğəmbərlər haqda buyurulur:
وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا
“Biz onları öz əmrimizlə (camaatı ) doğru yola yönəldən imamlar və qabaqcıllar təyin etdik!” (“Ənbiya” surəsi, ayə 73.)
Ümumi mənada bu məfhum “Furqan” surəsinin 74-cü, “Qəsəs” surəsinin 5-ci və “Səcdə” surəsinin 24-cü ayələrində də müşahidə olunur.
Başqa bir ayədə işlədilən imam sözündə isə küfr və zəlalət rəhbərləri nəzərdə tutulur. Ayədə buyurulur:
فَقَاتِلُواْ أَئِمَّةَ الْكُفْرِ
“Belə isə, küfr rəhbərləri ilə döyüşün!” (“Tövbə” surəsi, ayə 12.)
Digər bir ayədə geniş mənada həm hidayət, həm də zəlalət rəhbərlərinə işarə olunur və buyurulur:
يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ
“O gün (qiyamətdə) hər tayfanı öz rəhbərləri ilə birgə çağıracağıq!” (“İsra” surəsi, ayə 71.)
Bir sözlə, Qurani-Kərimdə “imam” sözü (lövhi-məhfuz, yol, qabaqcıl, rəhbər – hidayət və zəlalət rəhbərləri və s. kimi) müxtəlif mənalarda on iki dəfə işlənmişdir. (“Peyami-Quran”, 7-ci cild, “Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, səh.17-19.)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər