Quranda qəlb |
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 23-12-2014, 02:41 | Şərh sayı: (0) | Baxılıb: 1112
Quranda qəlb
"Qəlb” kəlməsi Quranda və hədislərdə çox işlənmişdir və yüksək əhəmiyyətə malikdir. Lakin qəlb dedikdə, məqsədin insanın döş qəfəsinin sol tərəfində yerləşən ət olub özünün müntəzəm döyüntüləri ilə qanı bədənin hər bir yerinə göndərib heyvani həyatı davam etdirən üzv olması təsəvvür olunmamalıdır. Çünki Qurani-Kərimdə qəlbə aid edilən şeylərin zahiri qəlblə əlaqəsi yoxdur. Məsələn, aşağıdakı ayələrə nəzər salaq:
1.Dərk etmək və əql qüvvəsini işlətmək. "Nə üçün yer üzündə seyr etmirlər ki, bununla təəqqül edəcəkləri (düşünüb dərk edəcəkləri) qəlbə malik olsunlar?!”[Həcc surəsi,ayə-46]
2.Düşünməmək, dərk etməmək əqli işə salmamaq. "Onların qəlbləri vardır, lakin onunla düşünmürlər, gözləri vardır, lakin onunla görmürlər.”[Əraf surəsi,ayə-179]
"Onların qəlblərinə möhür vurulmuşdur və başa düşməzlər.”[Tövbə surəsi,ayə-78]
3.İman. "Allah bu insanların qəlbində imanı möhkəmləndirmiş və Öz tərəfindən olan ruhla onları qüvvətləndirmişdir.”[Mücadilə surəsi,ayə-22]
4.Küfr etmək və iman gətirməmək. "Axirətə iman gətirməyənlər qəlbləri ilə (haqqı) inkar edir və təkəbbürlük göstərirlər.”[Nəhl surəsi,ayə-22]
"Onlar (kafirlər) elə kəslərdir ki, onların qəlblərinə, qulaqlarına və gözlərinə möhür vurulmuşdur və onlar qafillərdir.”[Nəhl -surəsi,ayə28]
5.Nifaq (münafiqlik). "Münafiqlər bundan qorxurlar ki, Allah tərəfindən bir surə nazil olsun və onların qəlblərində olanlardan xəbər versin.”[Tövbə surəsi,ayə-64]
6.Hidayət. "Hər kəs Allaha iman gətirsə qəlbini hidayət edər. Allah hər bir şeydən agahdır.”[Təğabun surəsi,ayə-11]
Başqa bir ayədə buyurulur: "Həqiqətən bunda (keçmiş ümmətlərin həlak olmasında) qəlbləri olan, yaxud, həqiqətlərə qulaq asıb şahid olanlar üçün böyük nəsihət və ibrətlər vardır.”[Qaf surəsi,ayə-38]
7.Qəflət. "...Həvayi-nəfsə tabe olub, ona itaət etmə.”[Kəhf -surəsi,ayə28]
8.Aramlıq və xatircəmlik. Quranda buyurulur: "Agah olun (və bilin) ki, qəlblər yalnız Allahı yad etməklə aramlıq tapar.”[Rəd -surəsi,ayə28]
Yenə buyurulur: "Məhz O (Allah) möminlərin qəlblərinə aramlıq nazil etdi ki, imanları artsın.”[Taha -surəsi,ayə24]
9.İztirab və tərəddüd. "Səndən yalnız Allaha və qiyamət gününə iman gətirməyən və qəlblərində şəkk-şübhə olanlar (cihaddan qaçmaq üçün) icazə istəyirlər. Onlar həmişə şəkk və tərəddüddədirlər.”[Tövbə surəsi,ayə-45]
10.Mehribanlıq və rəhmət. "İsaya tabe olanların qəlblərində mehribanlıq və rəhmət qərar verdik.”[Hədid surəsi,ayə-27]
Yenə buyurulur: "Özünün köməyi və möminlərin vasitəsi ilə səni gücləndirən və onların qəlblərinə ülfət salan Allahdır.”[Ənam surəsi,ayə-63]
11.Kobud rəftar və daşürəklilik. "Əgər daşürəkli və kobud qəlbli olsaydın, camaat sənin ətrafından dağılışardı.”[Ali-İmran surəsi,ayə-159]
Bir sözlə, Quranda qəlb son dərəcə böyük məziyyətlərdən bəhrələnir və nəfsani işlərin əksəriyyəti ona aid edilir. O cümlədən iman, küfr, nifaq, təəqqül (əql işlətmə), dərk etmə, haqqın qəbul edilməsi, yaxud edilməməsi, hidayət və ya zəlalət, xəta və ya qəsd, paklıq və ya aludəlik, mehribanlıq və daşürəklilik, ülfət, zikr, qəflət, qorxu, qeyz, şəkk, tərəddüd, rəhm, qəsavət, həsrət, aramlıq, təkəbbür, həsəd, üsyankarlıq, sapmaq və bu qəbildən olan çoxlu işlər qəlbə aid edilir. Halbuki, zahiri ürək bu kimi işlərin mənşəyi ola bilməz. Bu kimi xasiyyətlər insani ruhdan və nəfsdən qaynaqlanır.
Deməli, qəlb dedikdə insanın insaniyyətini müəyyən edən mələkuti və mücərrəd gövhər nəzərdə tutulur.
Quranda qəlbin məqamı o qədər yüksəkdir ki, vəhydən, yəni insanla Allah arasında rabitə vasitəsindən söhbət açıldıqda qəlbin adı çəkilir. Allah-təala Quranda Peyğəmbəri-Əkrəmə (s.ə.v.v) xitab edərək belə buyurur: "Ruhul-Əmin (Cəbrəil) Quranı sənin qəlbinə nazil etdi ki, insanları (itaətsizlik edəcəkləri təqdirdə ilahi əzabdan) qorxudanlardan olasan.”[Şüəra surəsi,ayə-194]
Başqa ayədə buyurulur: "Hər kəs Cəbrəillə düşmənçilik etsə (Allahla düşmən olmuşdur, çünki) Cəbrəil yalnız Allahın izni ilə Quranı sənin qəlbinə nazil etmişdir.”[Bəqərə surəsi,ayə-94]
Qəlbin məqamı o qədər yüksəkdir ki, insan onun vasitəsilə vəhy mələyini görüb, onun sözlərini eşidə bilər: "Allah Öz bəndəsinə (Həzrəti Muhəmmədə) vəhy etdi və Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı.”[Nəcm surəsi,ayə-11]
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər