CİNLƏR BARƏDƏ NƏ BİLİRİK? |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 10-01-2016, 00:12 | Şərh sayı: (0) | Baxılıb: 611
CİNLƏR BARƏDƏ NƏ BİLİRİK?
Allahın yaratdığı canlı növlərindən biridir. Mələklər və insanlar kimi şüura malikdirlər. Lakin mələklərdən fərqli olaraq, həm də iradə azadlığına və seçki ixtiyarına sahibdirlər. Belə ki, cinlərin də bir qismi mömin, bir qismi kafirdir (insanlar kimi).
«Cinn» kəlməsi ərəb dilində «gizlənmək, görünməmək» mənasını bildirən «cənnə» felindən törəyib. Ümumiyyətlə, ərəb dilində bu feildən törəmiş bir neçə söz vardır ki, bunların hamısında gizli olmaq, görünməmək xüsusiyyəti vardır. Məsələn, ərəb dilində bağçaya «cənnət» deyirlər; çünki ağacların budaqları altında görünməz olur. Zireh, sipər «cünnə» adlanır; çünki onun vasitəsilə bədəni təhlükədən gizlədirlər. Ana bətnindəki rüşeym də gözlərdən gizli olduğu və bir çox xüsusiyyətləri bilinmədiyi üçün, «cənin» adlanır. Ağlını itirmiş insana isə ona görə «məcnun» deyirlər ki, onun ağıl və şüuru sanki gizlənib yox olmuşdur.
Cinlərin mahiyyəti barədə məlumatlar məhdud və ziddiyyətlidir. Qəti məlum olan budur ki, onlar alovdan yaradılmışlar: «Can tayfasını daha öncə tüstüsüz oddan xəlq etmişdik» («Hicr», 27; burada «can» sözü «cin» kəlməsinin cəmini və ya cinlərin ulu əcdadını bildirir). Cinlər adi gözlə görünməyən bədənə malikdirlər. İstədikləri şəklə düşə bilirlər. Amma mələk və peyğəmbər şəklinə düşə bilməzlər. Əksər hallarda heyvan (xüsusilə, ilan) şəklində insanların gözünə görünürlər. Cinlər də insanlar kimi yeyib-içir, artıb-çoxalırlar. Onların bəziləri Həzrət Mühəmməd Peyğəmbərə (s) iman gətirmiş və müsəlman olmuşlar: «Onu da xatırla ki, bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə hazır olduqda (bir-birinə): «Qulaq asın!» - dedilər və (Quran oxunub) qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı ilə) qorxudanlar sifəti ilə öz qövmlərinin yanına qayıtdılar» («Əhqaf», 29). Şiə məzhəbində məsum sayılan imamların da cinlərlə görüşmələri və onların suallarına cavab vermələri barədə rəvayətlər vardır.
Cinlər də insanlar kimi öz əməllərinə cavabdehdirlər və qiyamətdə buna görə sorğu-sual olunacaq, mükafata və ya əzaba layiq görüləcəklər. Allah-təala Quranda buyurur: «Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım» («Zariyat», 56). «Artıq Rəbbinin (mələklərə dediyi): «Mən cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!» - sözü tamamilə yerinə düşdü» («Hud», 119).
Cahiliyyə dövründə ərəblər cinləri tanrının övladları sayır, onları Allaha şərik qoşurdular. Qurani-kərim bu əqidəni qətiyyətlə rədd edir və Allahın övladı olmadığını bildirir («Saffat», 138; «Ənam», 100).
Qurani-kərimin bir çox ayəsində insanlarla yanaşı, cinlərə də müraciət edilir («Ənam», 130; «Rəhman», 31, 33). Bu, İslam dininin, Quranın və Həzrət Mühəmməd Peyğəmbərin (s) cinlərə də göndərilmiş olduqlarını sübuta yetirir.
Qurani-kərimin son surəsi olan «Nas» surəsində insanlarla yanaşı, cinlərin də şərindən Allaha sığınmaq tövsiyə ediilr: «O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır; cinlərdən də olur, insanlardan da» («Nas», 5-6).
Kafir cinlərin xüsusiyyətləri isə Quranda belə təsvir edilir: «Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər» («Əraf», 179).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər