Böyük və müqəddəs yola dəvət |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 25-12-2015, 00:44 | Şərh sayı: (0) | Baxılıb: 287
Böyük və müqəddəs yola dəvət
Neçə vaxt idi ki, İkrim ibn Əbu Cəhl ilə onun həyat yoldaşı Ümmü Hakim Binti Haris arasında ciddi mübahisə girirdi. Çoxdan müsəlman olmuş Ümmü Hakim onu müsəlmanlığa dəvət etsə də İkrim ibn əbu Cəhl heç vəchlə buna razı olmurdu.
Belə nəql edirlər ki, İslam ordusu Məkkəyə daxil olan zaman İkrim ibn Əbu Cəhl orada duruş gətirə bilməmiş, Yəmənə qaçıbmış. Amma, arvadı Ümmü Hakim Binti Haris istəyirdi ki, eyni yastığa baş qoyduğu həyat yoldaşının əlindən tutub, ona da Allah Rəsulunun (s) gəmisinə alıb, əbədi həyata onunla birlikdə getsin.
Ümmü Hakim Binti Haris çox düşündükdən sonra, cəsarətini toplayıb Allah Rəsulunun (s) hüzuruna çıxdı. Üzünü ona tutub:
- Ya Rəsuləllah! - deyə ona xitab etdi - Əmim oğlu İkrimə səndən qorxaraq özünü səhralara sakin etdi. Düşünür ki, onu öldürəcəksiniz. Əgər qayıdıb, müsəlmanlığı qəbul etsə, ona da aman verəsinizmi?
Bu səmimi etirafın qarşısında Peyğəmbər (s) Ümmü Hakimə dönərək:
- O da əmin-amanlıqdadır! - deyə buyurdu. Bu sözləri eşidən Ümmü Hakim nökərini də yanına alaraq üz tutdu səhralara. İkriməyə çatanda o, sahildə gəmiyə minməyə hazırlaşırdı. Onu uzaqdan görən kimi çağırdı:
- Ey əmi oğlu! Mən insanlara ən çox yaxşılıq edən və insanlar arasında ən çox başqalarına yardım etməyə çalışanın hüzurundan gəlirəm. Sənin üçün Allah Rəsulundan (s) aman dilədim və o da sənin üçün təminat verdi.
İkrimə həyat yoldaşının sözlərindən isinən kimi oldu. O, xanımının təklifini qəbul edərək geri döndü. Xanımı ilə birlikdə Məkkəyə qayıtdı.
İkrimə hələ yolda ikən əshabı ilə birlikdə oturan Allah Rəsulu (s) yanındakıları müjdələyərək deyirdi:
- Əbu Cəhlin oğlu İkrimə indi sizin yanınıza mömin və mühacir olaraq gəlir. Əsla ona atası barədə xoşagəlməz bir söz deməyin!
İkrimənin uzaqdan gəlişini görən kimi Allah Rəsulu (s) qucağını açaraq ona tərəf getdi və ona:
- Xoş gəldin ey hicrət süvarisi!- deyə iltifat etdi. Allah Rəsulunun (s) bu dərəcədə ənginliyi İkriməni son dərəcə xəcalətli etdi. O, çəkinə-çəkinə Rəsuləllahın (s) yan tərəfində üzü örpəkli oturmuş xanımı Ümmi Hakimi göstərərək:
- Ya Məhəmməd! - dedi, bu sənin mənə aman verdiyini söyləyir, doğrudurmu?!.
Peyğəmbər Rəsuləllah (s) cavab verdi:
- Doğru deyir, sən əmniyyətdəsən!
İndi növbə əsas məsələyə gəlmişdi. Elə buna görə də İkrimə:
- Ya Məhəmməd! - dedi: Sənin məni dəvət etdiyin nədir? Mən nə etməliyəm?
Məhəmməd Peyğəmbər (s) ona cavab olaraq dedi:
- Allahdan başqa ilah olmadığına və mənim də Onun Rəsulu olduğuma şəhadət etməyə, namazı düzgün qılmağa, zəkat verməyə və bunları yerinə yetirməyə dəvət edirəm.
Bu sözləri ilə Allah Rəsulu (s) onu İslamın təməl əsaslarını yerinə yetirməyə dəvət edirdi. Bu sözlər qarşısında İkrimə Peyğəmbərimizi (s) tərif edir və deyir:
- Ya Rəsuləllah! Vallah sən məni sadəcə xeyirə, gözəl işə və ən yaxşı olana dəvət edirsən. Çünki, Sən bizim ən doğru söz deyənimiz və insanlara qarşı ən xeyirxahımızsan. Mən şəhadət edirəm ki, Allahdan başqa İlah yoxdur və Məhəmməd də onun Rəsuludur!
Peyğəmbərimizin sadə və isti davranışı ən azğın və yolunu azmış bir insanı doğru yola qaytarmışdı. Elə buna görədə o gün dünyada Allah Rəsulundan (s) xoşbəxt bir insan yox idi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər