İmam Əli (ə) obrazı poeziyamızda |
Müəllif: Admin | Bölmə: Poeziya, Slide | Vaxt: 25-12-2015, 00:45 | Şərh sayı: (0) | Baxılıb: 3747
İmam Əli (ə) obrazı poeziyamızda
Allah eşqi, Peyğəmbər hikməti, iman qüdrətini təcəssüm etdirən əsərlər daim yaşayacaqdır. Tarixdə Həzrət Əli (ə) aşiqləri pərəstişkarı olan şəxsiyyətlər çox olmuşdur. Onlar arasında yüksək nüfuza malik olan elə şəxsiyyətlər də var ki, İmam Əlinin (ə) şöhrəti qarşısında diz çökərək özlərini o böyük insanın nökəri, qulu adlandırmışlar. Bunlardan ən öncülü xalqımızın görkəmli oğlu, alim, filosof, coğrafiyaşünas, tarixçi, şair Abbasqulu Ağa Bakıxanovdur. O, İslama, Peyğəmbərə, onun Əhli-Beytinə gözəl qəsidələr, məzmunlu ithaflar həsr etmişdir:
Belə bir rəmz də var: Kərbəla büt qırmaq üçün,
Mustafa çiyni Əli payına minbər oldu.
O adam ki, bu vilayətdə verib həqqə rəvac,
Ürəyi sidq ilə tək Allaha müncər oldu.
Şeir parçasında göstərilir ki, Məkkənin fəthi zaman Peyğəmbərimiz. Həzrət Əlini (ə) çağırdı ki, Ya Əli, çıx çiynimə və bütləri qır - şair burada Peyğəmbərin çiynini minbərə bənzədir.
Abdulla Şaiq də dinə, Peyğəmbərə həsr edilmiş gözəl şeirlər yaratmışdır. Şair qəsidələrinin birində Allahın bütün insanlardan əvvəl Əli (ə)-ın nurunu xəlq etdiyini bildirir. Bütöv aləmin, mövcudatın yaradılmasında da Əli (ə)-nin nuru-pakinin səbəb olduğunu önə çəkir:
Nə mey var idi, nə saqi, nə ismi sağəri-həqq,
O bəzm ara çağıran, ləfzi saqiya sən idin.
XIX əsr görkəmli Azərbaycan şairimiz, əsrarəngiz sənət nümunələri yadigar qoyub gedən Dərbəndi də iman Əlini şövqlə vəsf etmişdir. O, bildirir ki, Qurana hər kim diqqətlə nəzər salsa, burada İmam Əliyə aid çoxlu işarələr olduğunu görər: «Ey Əli, sənin açıq-aşkar 360 ayə gəlmişdir»:
Şənündə üç yüz altmış ayati-beyyinat,
Vəstün deyər məmaliki çün Həl-Əta Əli.
Görkəmli Şərq şairlərindən Şəms Təbrizi, Şeyx Bəhaiddin, Səfi Əlilahi, İsmayıl bəy Nakam, Şah Xətai, Şah Abbası və başqalarının şeirlərində də İmam Əlinin dürlü-dürlü vəsfinə rast gəlirik. İmam Əli mətanəti, Əli şücaəti, Əli dəyanəti, Kərbəla müsibəti, İmam faciəsi Əhli-Beytin əziyyəti bir çox şairlərimizin müraciət etdiyi mövzulardandır. Cənubi Azərbaycan şairlərindən Dilsuz Təbrizi bu cəhətdən xüsusilə fərqlənir. Dilsuz mövcud hakimiyyətdən çəkdiyi iztirabları Əlinin faciəsi ilə bacarıqla əlaqələndirə bilmişdir. Zəmanənin qəddarlığından cana gələn şair özünü Əlinin qulu adlandırır və dərd əlindən İslama pənah aparır. Şair özümün çəkdiyi zülmü Nuhun tufanında peyğəmbərin çəkdiyi əziyyətə bənzədir. Acizanə şikayətlənərək, «Əli nicatını» ümidlə gözləyir. Xızrın dadına yetişən, Nuhun gəmisini xilas edən «Şahi-Mərdanı» köməyə çağırır, onun ətəyindən tutur.
Əli şəhadətinə həsr olunmuş çox saylı şeir nümunələrində - mərsiyyələrdə o, əziz İmam, Peyğəmbər vəsisi, ədalət hökmdarı, mehriban ata, gözəl ailə başçısı, kamil şəxsiyyət kimi vəsf edilmişdir. Kədərin dərinliyi, dərdin zirvəsi, matəmin yüksəkliyi göstərilməklə, belə bir fövqəlbəşərin qədrini bilməyən cahil ünsürlər lənətlənir. Əlbəttə Allaha etiqadı olanlar Əliyə biganə qala bilməzlər. Çünki Əli Allahın bəyəndiyi və seçdiyi şəxsiyyətdir. Ona görə də İmam Əli faciəsi ümumbəşəri faciə, mübarək tariximizin Həzrət Əli ilə bağlı şanlı dövrü isə İslamın ən parlaq dövrü idi. Allaha etiqadi olanlar Əliyə biganə qala bilərmi? Allahın bəyənib seçdiyi bu şəxsiyyət dinin sütunu, elmin qapısı, ədalət və səxavət rəmzidir. O, xilqətin pənahı, insanlığın ümidgahıdır. Şairlərimiz bu gün də Əlini mədh edir, sabah da mədh edəcəklər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər