İmam Əli (ə) və vəhdət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-04-2017, 17:16 | Şərh sayı: (0) | Baxılıb: 250
İmam Əli (ə) və vəhdət
İlk üç xəlifənin hakimiyyəti dövründə Əli (ə) öz hikmətli məsləhətləri ilə onlara yardım etdi. Hər üç xəlifə ən xırda şəriət məsələlərini belə, Əlinin (ə) iştirakı olmadan həll etmir və bununla da ona olan ehtiramlarını göstərirdilər. Həzrət Əli (ə) istər sıravi müsəlmanların təqdim etdiyi məişət problemlərini, istərsə də, İslam ümməti üçün taleyüklü məsələləri həll etməkdə heç vaxt öz köməyini xəlifələrdən əsirgəmirdi. Tarix kitablarında yazıldığı kimi Ömər ibn Xəttab dəfələrlə çətin məsələləri Əlinin (ə) göstərdiyi yolla həll etdikdən sonra demişdi: “Əgər Əli olmasaydı, Ömər həlak olardı”. Həmçinin xəlifə Ömər tapşırmışdı ki, Əli (ə) məsciddə olduğu zaman heç kim bir məsələ barədə özbaşına fətva verməsin. Ömərin dilindən rəvayət edilən: “İlahi, mənə elə bir gün göstərmə ki, qarşıma çətin məsələ çıxsın və Əbül-Həsən (yəni Əli) yanımda olmasın” duası onun Həzrət Əli (ə) dühası qarşısında valehliyini ifadə edir (Hakim Nişaburi. Əl-Müstədrək ələs-Səhiheyn, I, 629-630).
Bütün tarixçilər təsdiq edirlər ki, hicri-qəməri təqvimin tətbiqi, hərbi yürüşə göndərilən qoşunların say və tərkibinin təyini kimi mühüm məsələlərdə Ömər ibn Xəttab məhz Əlinin (ə) məsləhətlərinə əməl etmiş və uğur qazanmışdı.
Üçüncü xəlifə Osman ibn Affanın xilafətinin son günlərində İmam Əlinin (ə) göstərdiyi fəaliyyət ümmətin bütövlüyünün qorunmasına ən böyük xidmətlərdən biri oldu. Məhz həmin ağır günlərdə İmam Əli (ə) xilafətdən narazı qüvvələrlə Osmanın arasında barışıq yaratmağa var gücü ilə çalışırdı. O, gah xəlifənin evini mühasirəyə alan qüvvələrlə danışıq aparır, gah da xəlifə ilə görüşərək onu güzəştə çağırırdı. Lakin məlum səbəblərdən vəziyyət artıq onun nəzarətindən çıxmışdı. Bəzi mənbələrdə məlumat verilir ki, hətta Əli (ə) ən əziz adamlarını – oğulları Həsənlə Hüseyni (ə) Osmanın evinin müdafiəsinə göndərmişdi. O, ümid edirdi ki, bu iki Peyğəmbər nəvəsinin ehtiramı camaatın xəlifəyə qarşı radikal addımlar atmasına mane olar. Əlinin sadiq nökəri Qənbər də Həsən və Hüseynlə (ə) birlıkdə Osmanın evinin qapısında keşik çəkirdi. Hətta camaatın hücumu zamanı Həzrət Həsən (ə) yaralanmış, Qənbərin başı daşla yarılmışdı. Təbəri, Məsudi və digər tarixçilər bu hadisələri təfsilatı ilə öz kitablarında təsvir etmişlər. Obyektivlik naminə qeyd edirik ki, şiə mənbələrində Əlinin (ə) öz oğullarını və Qənbəri Osmanın müdafiəsinə göndərməsi faktı öz təsdiqini tapmır. Şiə rəvayətlərinə görə Osmanın qətli ərəfəsində Əli (ə) ailəsi ilə birlikdə, ümumiyyətlə, Mədinədə deyildi (bax: Əllamə Əmini. Əl-Ğədir, IX, 243-244). Tarixi mənbələrdə bu da qeyd edilib ki, Osmanın evini mühasirəyə alan qüvvələr suyun qarşısını kəsərək xəlifəni və onun müdafiəçilərini susuz qoymaqla təslim etmək istəyirdilər. Bu zaman Osmanın xahişinə cavab olaraq Əli (ə) Bəni-Haşimdən olan bir neçə igidin vasitəsilə xəlifənin evinə su ilə dolu üç tuluq göndərməyə nail oldu (Cəfər Sübhani. Füruğe-vəlayət, s. 361).
Çox təəssüf ki, narazı kütlələri sakitləşdirməyə və Osmanın qətlinə hər vasitə ilə mane olmasına baxmayaraq, sonralar bəzi siyasi oyunlar ucbatından Əli (ə) Osmanın qatillərinin himayəarı kimi tanıtdırıldı və bu yalan ittiham Əliyə (ə) qarşı aparılan müharibələrin əsas səbəbinə çevrildi. İmam Əli (ə) var gücü ilə bu iftiraları özündən uzaqlaşdırmağa çalışırdı. İbn Əsakirin qələmə aldığı irihəcmli “Dəməşq tarixi”ndə İmam Əlinin (ə) belə söylədiyi rəvayət olunur: “Onu mən öldürmədim, öldürməyi əmr etmədim, qətlində şərik olmadım və qətlindən razı qalmadım” (İbn Əsakir. Tarix Dəməşq, 39-cu cild, səh. 454 və s. mənbələr).
İmam Əli (ə) beş illik xilafət dövründə də firqələrə parçalanan, siyasi qruplaşmalara qoşulub bir-birinə qarşı silah çəkən müsəlmanları birləşdirməyə çalışdı. Onun apardığı döyüşlər İslam ümmətinin vəhdətinin qorunmasına və buna təhlükə törədən qüvvələrin zərərsizləşdirilməsinə yönəlmişdi.
Həzrət Əli (ə) öz xütbələrinin birində buyurmuşdu: “Allahın dinində siz hamınız qardaşsınız. Yalnız batinlərin natəmizliyi və düşüncələrin pisliyi sizin aranıza ayrılıq salıb” (Nəhcül-bəlağə, 112-ci xütbə). Bu kəlamdan görünür ki, birlik və mehribanlığın bərqərar olmasına maneçilik törədən əsas amil mənəvi çirkinlik və yersiz təəssübkeşlikdir. İmam Əlinin (ə) Malik Əştərə xitabən buyurduğu: “İnsanlar ya sənin din qardaşın, ya da yaradılış etibarilə xilqət qardaşındır” – kəlamı da sonsuz humanizmdən xəbər verir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər