İmam Həsən Əskəri (ə)-ın şəhadəti və faydasız kələklər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-01-2016, 19:19 | Şərh sayı: (0) | Baxılıb: 342
İmam Həsən Əskəri (ə)-ın şəhadəti və faydasız kələklər
İmam Həsən Əskəri əleyhissəlamın cəmiyyət arasındakı nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid camaatın o Həzrətə olan diqqətinin artdığını zindanın təzyiq və işkəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə kələklərinə əl atıb İmamı gizlincəsinə zəhərləyir. Şiə aləminin görkəmli alimi Təbərsi yazır: "Bizim alimlərimizin əksəriyyəti yazmışlar ki ata-babası və ümumiyyətlə, bütün İmamlar şəhid olduğu kimi İmam Həsən Əskəri (əleyhissəlam) da zəhərlənmə nəticəsində şəhid olmuşdur.
Tanınmış şiə alimi Kəfəmi yazır: "Onu (İmam Əskəri əleyhissəlamı) Mötəmid zəhərləmişdir.”
Dördüncü əsr (hicri tarixi ilə) şiə alimlərindən olan Məhəmməd ibn Cərir ibn Rüstəm ət-Təbəri də qeyd edir ki İmam Həsən Əskəri (əleyhissəlam) zəhərlənmə nəticəsində şəhadətə qovuşmuşdur.
İmam Həsən Əskəri əleyhissəlamın Abbasi hökuməti tərəfindən öldürülməsinin nişanələrindən biri Mötəmidin o Həzrətin zəhərləndiyi günlərdə İmamın ölümünü adi və təbii bir ölüm kimi qələmə verməsi üçün etdiyi səylərdir.
Sünni məzhəbinin görkəmli alimlərindən biri olan ibn Səbbaq Maliki, Abbasilər sarayında işləyən Übeydullah ibn Xaqanın dilindən yazır: "... İmam Həsən Əskəri (əleyhissəlam) vəfat edərkən Abbasi xəlifəsi heyrətamiz bir halda idi. Biz onun bu halından təəccübləndik (onun xəlifə olduğundan) belə bir hala düşməsini heç fikrimizə belə gətirməzdik. İmam Həsən Əskəri (əleyhissəlam) zəhərlənərkən xəlifə hamılıqla saray alimlərindən olan beş yaxın dostunu onun evinə göndərir. Xəlifə onlara tapşırır ki İmam Əskəri əleyhissəlamın evində qalıb baş verən bütün hadisələri ona xəbər versinlər. Eyni zamanda o bir neçə nəfəri o Həzrətə xidmət etmək üçün onun evinə göndərir. Həmçinin, xəlifə Qazi ibn Bəxtiyara tapşırır ki etibar etdiyi şəxslərdən on nəfərini seçib gecə-gündüz İmam Əskəri əleyhissəlamın halına nəzarət etmək üçün onun evinə göndərsin. İki-üç gündən sonra xəlifəyə xəbər verilir ki İmam Əskəri əleyhissəlamın halı çox ağırdır və çətin ki yaxşılaşsın. Xəlifə onlara tapşırır ki o Həzrətin evinə daha da ciddi nəzarət edilsin. Onlar da xəlifənin dediyinə əsasən, İmam Həsən Əskəri (əleyhissəlam) vəfat edənə qədər o Həzrətin evinə nəzarəti daha da artırdılar. İmam Həsən Əskəri əleyhissəlamın şəhadət xəbəri Samirraya yayıldıqda, şəhərdə ah-nalə şivən səsi ucalmağa başlayır və bütün dükan-bazar bağlanır. Bəni-Haşim divan işçiləri ordu başçıları şəhər qazıları şairlər vəkil və şahidlər adi camaat hamı o Həzrətin dəfn mərasiminə getdi. Sanki həmin gün Samirrada qiyamət qopmuşdu. İmam Həsən Əskəri əleyhissəlamın cənazəsi dəfn üçün hazır olduqda xəlifə öz qardaşı İsa ibn Mütəvəkkili o Həzrətin meyyit namazını qılmağa göndərir. Cənazə, namaz qılmaq üçün yerə qoyulduqda, İsa irəli gedib o Həzrətin üzündən kəfəni kənara çəkir və onu Ələvilərə Abbasilərə qazılara yazıçı və şahidlərə göstərərək deyir: "Bu İmam Həsən Əskəri əleyhissəlamdır. O təbii ölüm nəticəsində vəfat etmişdir. Xəlifənin filan-filan xadimləri də buna şahiddir.” Sonra cənazənin üzünü örtüb ona namaz qılır və dəfn edilməsini əmr edir...”
Əlbəttə, qeyd etmək lazımdır ki xəlifənin qardaşının İmam Həsən Əskəri əleyhissəlamın cənazəsinə meyyit namazı qılması simvolik bir məna kəsb edirdi və hökumət İmamın şəhadətinin səs-küyünün qarşısını almaq üçün bu addımı atırdı. Əslində isə şiə alimlərinin dediyinə görə İmam Məhdi (əleyhissəlam) özü o Həzrətin cənazəsinə xüsusi meyyit namazı qılmışdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər