İbadətdə niyyətin rolu |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-05-2016, 18:54 | Şərh sayı: (0) | Baxılıb: 305
İbadətdə niyyətin rolu
İslam dinində əməli dəyərli edən niyyətdir. Həm şiə, həm də sünnü mənbələrində həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql olunur: «Əməllərin dəyəri niyyətdən asılıdır və hər kəs niyyətinə görə bəhrələnəcək»(«Biharul-ənvar», cild 70.). Niyyəti dilə gətirmək zəruri deyil. Niyyət hər hansı bir işi görərkən insanın əsas məqsədidir. İnsan müxtəlif niyyətlərlə işə başlaya bilər: Allahın razılığını qazanmaq, cəhənnəm əzabından qurtulmaq, behişt nemətlərinə çatmaq və s. Rəvayətdən belə görünür ki, qeyri-ilahi işə görə axirət mükafatı yoxdur. Məsələn, yol kənarına düşmüş dəmir parçasını istifadə etmək niyyəti ilə götürən şəxs üçün heç bir axirət muzdu yoxdur. Amma bu dəmir parçasını başqalarının ayağına ilişməsin deyə onu götürməklə Allahı razı salmaq istəyən insan üçün ilahi mükafat nəzərdə tutulur. Xalqın gözündə şöhrətlənmək üçün bütün var-dövlətini kasıblara paylayan milyonçu Allahdan mükafat gözləməkdə haqlı deyil. Amma Allahı razı salmaq xatirinə tabağının son çörəyini ehtiyaclı qonşusu ilə bölən şəxs əbədi behişt nemətləri ilə mükafatlandırılacaqdır. İslami əxlaq fəlsəfəsinə əsasən, Allaha görə görülməyən iş sıfıra, dünyəvi məqsədlərlə yerinə yetirilən ibadətlər isə sıfırdan da aşağı, mənfiyə bərabərdir. İslami düşüncə tərzində olmayanlar belə bir tənasübü qəbul etmirlər. Onlar iddia edirlər ki, hansı niyyətlə olursa-olsun kasıblara pul paylayan şəxs üçün axirət mükafatı vardır. Maraqlıdır, bir şəxsə prezident olmaq üçün xalqın səsi lazımdır. O, xalqa pul paylayaraq onların səsini alır və prezident olur. Demək, bu şəxs verdiyinin əvəzini alır. Bəs bu adam hansı əsasla Allahdan mükafat uma bilər. İslamda yalnız insan mənəviyyatı üçün xeyirli olan işlər məqbul hesab olunur. Axirətdə bu ruhiyyə nemətlərlə yüksəldilir. İnsanın Allahla rabitəsinin nəticəsi həmin yüksək əhval-ruhiyyədir. Həzrət Peyğəmbərin (s) buyuruğuna görə, insan Allahı zikr etməklə özü üçün behişt nemətlərini artırır. Əksinə, məsələn, bir insan yetimin malını yedikcə özü üçün cəhənnəm odunu alovlandırır: «Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənləri yedikləri onların qarınlarında oda çevriləcək və onlar alovlu cəhənnəmə girəcəklər»(«Nisa» surəsi, ayə 10.).
İbadət zamanı insanın qəlbinə qeyri-ilahi fikirlərin nüfuzu da müxtəlif olur. Məsələn, camaatın diqqətini cəlb etmək üçün namaz qılan şəxsə bir çoxları heç əhəmiyyət vermir. Amma mədrəsə, xəstəxana tikib yol çəkən adama hamı hörmətlə yanaşır. Cəmiyyətdə, adətən, namazqılana yox, xeyriyyə işi görənə maraq daha çox olur. Hər iki niyyət qeyri-ilahi olsa da əhəmiyyətli şəkildə fərqlənir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər