Allah qorxusu ilə qəlbi məstlikdən qurtarmağın zəruriliyi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-05-2016, 12:04 | Şərh sayı: (0) | Baxılıb: 527
Allah qorxusu ilə qəlbi məstlikdən qurtarmağın zəruriliyi
Biz mənəvi və ruhani həyat haqqında danışdıq. Amma qəlb heyvani hisslərin duyulması səbəbindən diri sayılır. Əksinə, heyvani hisslərdən məhrum qəlbi ölü adlandırırlar. Əlbəttə ki, insan təbiətinin tələb etdikləri məqbuldur. İstər dünyəvi, istər üxrəvi (axirətə aid) baxımdan təbii istək qəbul olunur. Şadlıq və ləzzət öz-özlüyündə pislənilmir. Xüsusi ilə bu istək Allah tərəfindən məqbuldursa və imam Mehdinin (əc.) razılığı ilə qarşılanırsa axirət səadətinə aparır. Amma peyğəmbər məktəbində tərbiyə alanlardan savayı hər bir insanın şadlığı dünyəvidir və dünya üçündür. Belələri dünya həyatını əsas götürdüklərindən dünya ehtiyacları ödəndikdə sevinir, bu ehtiyaclar təmin olunmadıqda qəmlənirlər. Əlbəttə ki, belə bir hal xoşagəlməzdir. Allah-taala buyurur: "Allah (məst halda) şadlananları sevmir.”("Qəsəs”, 76) Ayədəki "fərih” sözü "şadlanan” kimi tərcümə olunmuşdur. Əslində "fərih” dedikdə ifrat dünyəvi ləzzətlərdən sevinən kəs nəzərdə tutulur. Şübhəsiz, bu sayağı şadlıq məqbul deyil. Bu qəbil şadlıqlar uşaq sayağı və düşüncəsiz şadlıqlardır. "Fərih” sözü əslində "sərxoş” kimi tərcümə olunmalıdır.
Peyğəmbər məktəbində tərbiyə almayanlar bəzən bu sayağı məstliyə düçar olur, şadlıqdan əl-ayaqlarını itirirlər. Onlar öz dərisinə sığmır, ilahi vəzifələri yaddan çıxarırlar. Qəflət və xəbərsizlik onların qəlbini qaraldır. Nəticədə ibadət və minacata şövqdən məhrum edilirlər. Bu qəbil insanlar adətən hər məclisi qəh-qəhə və zarafatla keçirir, hətta ayaqlarını yerə döyüb rəqs edirlər. Bəziləri bu növ sərxoşluğu qəlbin diriliyi kimi tanıtdırır. Kim bu halda deyilsə, onların nəzərincə, qəlbi ölmüşdür. Şübhəsiz, bu sayağı şadlıqlar qəbul deyil. İnsan özündə yaranan bu halla mübarizə aparmalıdır. Belə yalançı şadlıqları öldürmək zəruridir. Cahilanə şadlıqla mübarizə halını qəlbin ölülüyü kimi təqdim etmək düzgün deyil. İnsan qəlbində pərişanlıq zəmini yaratmalıdır. Öz danışıq və rəftarı barədə düşünməklə səhvlərinə görə ağlamalı, Allahın diqqəti üçün zəmin yaratmalıdır. Bu səbəbdən də Allah-taala həzrət Musaya buyurur: "Qəlbini Allah-qorxusu ilə öldür.”
İnsanı Allahın əzəməti haqqında düşünməyə vadar edən qəlbdəki xof halıdır. Əksinə, şeytani məstlik və qürur insanın diqqətini Allahdan yayındırır, onun öz məbudunu dərk etmək gücünü əlindən alır. Bu xəstəliklə mübarizə üçün azğın nəfsə nəzarət etmək zəruridir. Bu nəzarət insanda təvazö halı yaratmalı, çirkin əməlləri üzə çıxarmalıdır. Nəticədə, qəlbdə Allahdan xof halı yaranır və düzgün düşüncədən, hikmətli öyüd-nəsihətlərdən bəhrələnmək üçün yol açılır. Qurani-kərimdə oxuyuruq: "Sənin qorxutmağın yalnız o kəs üçündür ki, haqq kitaba tabe ola, qəlbində Rəhman Allahdan qorxa.”("Yasin”, 11)
Peyğəmbərlərin mühüm vəzifəsi olan xəbərdarlıq yalnız Allahdan qorxanlara təsir edir. Nə qədər ki, qəlbdə xof halı yaranmayıb, insan qürur və məstlikdən uzaqlaşmayıb, fərd öz eyblərindən xəbər tutmayıb, öyüd-nəsihətlər onun qəlbinə təsir edəsi deyil. Belə bir insan dünya əyləncələrini, vaxtını eyş-işrət məclisində keçirməyi, əyləncəli səhnələrə tamaşa etməyi qiyamət və cəhənnəm əzabını yada salan moizə-nəsihətdən üstün tutasıdır. Belə bir şəxs hətta təsadüfən moizə-nəsihət məclisinə düşdükdə deyilənlər ona təsir göstərəsi deyil.
Beləcə, qəlbin qəsavətdən (daşlıqdan) təmizlənməsi, Allahdan qorxu halının yaranması heyvani həyat cazibələrinin ölümünə, ilahi həyatın dirçəlişinə səbəb olur. İlahi və mənəvi həyat sayəsində insan Allah qarşısında öz kiçikliyini hiss etməyə başlayır, öz Rəbbi ilə ünsiyyətə qatılır. Belə ki, o Allahdan xəbərsizlik nişanəsi olan dünya görüntülərinə bağlılıqdan xilas olur. O dərk edir ki, Allaha yaxın məqama çatmaq, axirət aləmində Onun razılığını qazanmaq üçün yaradılmışdır. Belə bir insan cəvahiratı dəyərsiz şüşədən təmizləyən şəxsə bənzəyir. Onun qarşısına cəvahir adı ilə adi şüşə qoyulduqda aldadıldığını hiss edən kimi təqdim olunanlardan imtina edib həqiqi cəvahir axtarışına çıxır.
Mənəvi və üxrəvi ləzzətlərin, Allahla ünsiyyətin həqiqi dəyərini bilən kəs anlayır ki, dünya ləzzətləri fənadır və onlara görə axirət ləzzətlərini əldən vermək ağılsızlıqdır. Allahla ünsiyyət ləzzətini dadan kəs qiymətli libas kimi dünya bəzəklərinə etina göstərmir. Onun nəzərində bu sayaq bağlılıqlar uşaqlıqdır. Uşağı sevindirən şeylərdən məhrumluq belə bir şəxsi qəmləndirmir. İnsan dünyaya etinasızlıq, dünya təzahürlərinə biganə olduqda rahatlıqla dünyadan əl çəkir və ixtiyarında olanları əlini sıxmadan başqalarına verir.
Allah dostlarının sadə yaşayışı və şöhrətdən qaçması
Allah-taala həzrət Musaya tövsiyə edir ki, təzə yox, köhnə libas geyinsin. Bəli, mömin bir tərəfdən zahiri dəyərlərə uymamalı, digər bir tərəfdən bilməlidir ki, sadə libas ondakı təvazö halını gücləndirəsidir. Adətən, insanlar təzə və qiymətli libas geyənlərə qibtə ilə baxır. Təzə və qiymətli libas geyinən şəxs başqalarının ona olan diqqətinin artdığını görüb daha artıq bəzənməyə çalışır. Bu halda onun qəlbindəki Allah qorxusu zəifləyir. Sadə və köhnə libasa isə heç vaxt əhəmiyyət verən olmur. İnsan bu qəbil libaslarda başqalarının diqqətini cəlb etmir, zahirinə görə sevinmir. Onun üçün ilahi və mənəvi gözəlliklər cəvahir gözəlliyindən çox dəyərlidir. Bu qəbil insanlar üçün gözəl libas kimi dünya cazibələri əhəmiyyətsizdir. Onlar çalışırlar ki, xalqın diqqətini cəlb etməmək üçün təzə libaslar geyməsinlər. Onlar əmindirlər ki, təkamül fikrində olanlar üçün xalq diqqəti böyük bəladır.
Şöhrət, ad-san, xalqın ehtiramı insanın Allaha diqqətini əskildir. Allahla ünsiyyətdə olan insan nəinki xalqın diqqətindən ləzzət almır, əksinə bu diqqət onu narahat edir. Çünki bu diqqət onun Allaha diqqəti üçün maneədir. Məsələn, ona verilən salam, ona göstərilən ehtiram bir anlıq da olsa, onu öz məhbubuna diqqətdən ayırır. Demək, insanların diqqət və ehtiramı nəinki faydasızdır, hətta mənəvi məsələlərə diqqəti yayındırır. Allah-taala öz məhbubu Musaya köhnə libas geyinməyi tövsiyə edir. Onun nəzərinə çatdırır ki, xalq arasında tanınmaqdan çəkinsin, səma əhli ilə tanışlığa çalışsın. Onun yalnız mələklər, Allah övliyaları ilə tanışlığı faydalıdır. Bu sayaq tanışlıqlar təkamül yolu üçün faydalıdır.
Bu qəbil əxlaqi göstərişlər bizi ifrat və təfritə sövq etməməlidir. Şöhrətdən çəkinmək, barmaqla göstərilməmək müsbət əxlaqi keyfiyyətdir. Belə bir münasibətin həm ictimai, həm də əxlaqi təsirləri var. Ruhani və mənəvi yüksəliş sorağında olan insan şan-şöhrətdən çəkinsə diqqətini məbuda daha yaxşı yönəldə bilər. Amma bu əxlaqi tövsiyədən sui-istifadə etmək olmaz. Xalqın nəzəri mühüm deyildir deyə, cəmiyyətdən kənara çəkilmək düzgün deyil. İnsan guşənişin olmamalıdır. Cəmiyyətdən kənara çəkilən insan öz ictimai vəzifələrinə əməl edə bilməz. Xalqa xidmət, ehtiyaclılara yardım, haqqın təbliği, təhsil bizim mühüm vəzifələrimizdəndir. İnsan yalnız ictimai həyatda bu dəyərlərə sahib ola bilir. Əgər alim tanınmasa və özünü təqdim etməsə, insanlar elm və dini vəzifələrlə tanış olmaq üçün ona üz tutmazlar. Nəticədə alimin elmi səmərəsiz olar. Demək, bir çox vəzifələrin, o cümlədən ibadətlərin ictimai yönümü var. Cəmiyyətə qatılmadan bu vəzifələri yerinə yetirmək mümkün deyil. Cəmiyyətdən uzaqlaşmaq istəyən kəs yaxşılığa çağırış və pislikdən çəkindirmə kimi mühüm dini vəzifələrini yerinə yetirə bilmir. O başqalarına xidmətdən, təlim-tərbiyədən məhrum olur.
Məqsədimiz budur ki, şan-şöhrət insanın zati istəyinə çevrilməməlidir. İnsan həyatını ictimai mövqe və xalqın diqqətini cəlb etməyə sərf etməməlidir. Şöhrət və ictimai mövqe vəzifələrin icrası üçün vasitə olmalıdır. İnsan tutduğu məqam və qazandığı sevgidən dini və ictimai vəzifələrinin icrasında istifadə etməlidir. Bəyənilməyən budur ki, şan-şöhrət və ictimai məqam insanın əsas həyat amalına çevrilsin. Bütün bunlar Allaha yaxınlıq üçün vasitə seçildikdə məzəmmət olunmur. Bəzən vəzifələrin icrası üçün məqam və sevgi qazanmaq zərurətə çevrilir. Əgər var-dövlətdən xalqa yardım və Allahın razılığı üçün istifadə olunarsa, bu yaxşıdır. Pis budur ki, var-dövlət toplamaq insanın əsas məqsədi olsun. Bu halda dünyapərəstlik insanın ruhiyyəsinə hopur. Bu ruhiyyə onu çirkin yollara əl atmağa da vadar edir. Yalnız var-dövlət toplamaq fikrində olan insan qanun tanımır. Bir çox din alimlərinin şöhrət və sevgidən çəkinməməsinə pis baxmamalıyıq. Onlar yazdıqları kitabların üzərinə öz adlarını qeyd edir, tez-tez cəmiyyətdə görünürlər. Əgər onların bu münasibəti dinin yayılmasına kömək edirsə onları məzəmmət etməməliyik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər