Təbiətin məhvinə yönələn ekoloji terror |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-12-2015, 10:37 | Şərh sayı: (0) | Baxılıb: 1106
Təbiətin məhvinə yönələn ekoloji terror
Yerin ilk yaradılış və geoloji inkişafı tarixində təbiətdə və onun ekoloji sistemlərində çatışmazlığı olmayan fövqəl bir tarazlıq mövcud olmuşdur. İnsan və eləcə də bütün canlılar təbiətlə daimi təmasda olduqları üçün bir-birinə qarşılıqlı təsir göstərirlər. Əsrlər boyu bu təsir təbiətin ekoloji tarazlığını pozmamış və insan həyatı üçün təhlükə yaratmamışdır. Lakin ətraf mühitə amansız müdaxilələr təsirsiz ötüşmür. Hazırda ətraf mühitə antropogen təsirlər elə geniş miqyas almışdır ki, hələ XX əsrin əvvəllərində belə heç kimin düşünə bilməyəcəyi qlobal xarakterli problemlər ortaya çıxmışdır.
Ətraf mühit dedikdə, insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu, ekoloji tarazlıq dedikdə isə ekoloji sistemin vəziyyəti, yaxud da biotik birliklərin (canlı orqanizmlərin birliklərinin) davamlılığı, özününizamlama qabiliyyəti, qaydaların pozulmasına müqaviməti, tarazlığın pozulmasına qədər mövcud olan ilkin vəziyyətin bərpa edilməsi başa düşülür.
Ekoloji tarazlığın pozulması nəinki insan, eləcə də bütün canlıların həyatı üçün böyük təhlükədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sözləri ilə desək, "Ekologiyanın qorunması xalqımızın sağlamlığının, milli genofondumuzun qorunması deməkdir".
Təbiət və təbii sərvətlərə mənfi münasibət XX əsrdə daha da artaraq ən yüksək həddə çatmışdır və bunun nəticəsində ətraf mühitin biotik (canlı) və abiotik (cansız) amilləri güclü antropogen təsirə məruz qalmış, bir çox bitki və heyvan növləri (biotlar) məhv olmuş və ya kökü kəsilmiş, bəziləri isə məhv olmaq ərəfəsində olduğundan "Qırmızı kitab"lara düşmüşdür. Bu proses yenə də davam edir. Əgər əvvəllər hər 100 ildə yalnız bir növ biot məhv olurdusa, hazırda 1 saat ərzində Yer kürəsində 50 növ məhv olur.
XX əsrin sonunda planetimizin təbii quru ekosisteminin 63 faizi dağılıb, meşələrin üçdə iki hissəsi qırılıb, 200 milyon hektardan çox əkin sahəsi kənd təsərrüfatı üçün tamamilə yararsız hala düşüb. Oksigen ehtiyatı 10 milyard ton azalıb, su ekosistemləri, xüsusilə dəniz planktonları məhv olub. Bunun əsas səbəbi isə biosferin, atmosferin, hidrosferin, litosferin texnogen çirklənməsinin çox sürətlə artması, təbii resurslardan səmərəli istifadə olunmaması, dünya əhalisinin sayının və tələbatının artması, urbanizasiya, demoqrafik partlayışlar, kimyəvi preparatlar və maddələr istehsal edən fabrik, zavod və emal müəssisələrinin atmosfer havasını, torpaqları və suyu çirkləndirməsi, ekoloji terrorun çox güclənməsi və ekoloji təhlükəsizliyin təmin olunmamasıdır. XXI əsrin başlanğıcında dünyada bir gün ərzində səhralaşma və şorlaşma nəticəsində 44 min hektar torpaq sahəsi öz münbitliyini və təsərrüfat əhəmiyyətini itirir, 28 min hektar, son məlumatlara görə isə 50 min hektar, yəni salınan meşə sahələrindən 10 dəfə çox dünyanın ən qiymətli təbii sistemlərindən biri sayılan tropik meşə sahəsi məhv olur.
Dünyada istehsalın intensiv inkişafı və yüksək mənfəət əldə etmək arzusu ekoloji tarazlığı pozan əsas amillərdəndir. BMT-nin rəsmi məlumatına görə, ətraf mühitin çirklənməsinin 50 faizi ABŞ-ın payına düşür. İri dövlətlər az inkişaf etmiş ölkələrdə sənaye sahələrini yaratmaqla təbiətə qarşı zor işlədir, onların milli-təbii sərvətlərini məhv edirlər. İnkişaf etməkdə olan ölkələr isə hər vəchlə yüksək məhsuldarlıqlı torpaqlarını zavodların, yaşayış massivlərinin və avtomagistralların tikintisinə qurban verirlər.
Hər il dünya okeanına 50 min ton pestisid, 10 milyon ton neft axıdılır. Yer üzərindəki çayların 30 faizi çirkləndirilmişdir və bunun nəticəsidir ki, dünya əhalisinin 40 faizi içməli su sarıdan əziyyət çəkir, 2 milyard əhalinin çirklənmiş sudan istifadə etməsi ucbatından inkişaf etmiş ölkələrdə xəstəliklərin 80 faizi bu problemlə bağlıdır.
Meşələr biosferin bir hissəsini təşkil etməklə onun inkişafı və mühafizəsində mühüm rol oynayır. Bu bir aksiomdur ki, yaşıl bitkilər olmasaydı, həyat da mövcud olmazdı. Meşələr, əslində, rütubət toplayıcısı rolunu oynayır, düzənliklərə suyun paylanmasını tənzimləyir və onu nisbətən tarazlaşdırır. Bununla yanaşı, meşələr dağlıq rayonlarda torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır, bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntəqələrini və abidələri təbii amillərin zərərli təsirindən qoruyur. Eyni zamanda, meşələr fitosit xüsusiyyətinə malikdir və zərərli mikroorqanizmləri məhv edir. Bütün bunlarla yanaşı, meşələrin təbiətdə ən böyük rolu bir hektar meşənin il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen hasil etməsidir. Belə ki, 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur və bu, 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.
Meşələrin qırılması biosferin davamlılığının və atmosferdə oksigenin azalmasına, quraqlığın, torpaq eroziyasının, deflyasiyasının və sürüşmələrin əmələ gəlməsinə, səhralaşmanın sürətlənməsinə, su daşqınlarına, güclü selə, qasırğalara, torpağın və suyun eroziyasına, iqlimin və relyefin kəskin dəyişilməsinə və s. səbəb olur.
Bütün bunlara rəğmən, son 30 ildə planetin ciyəri funksiyasını yerinə yetirən meşələrin 30 faizi qırılmış və hər dəqiqə meşə sahələri 1 hektaradək azalmaya məruz qalmaqdadır. Son 200 ildə isə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır.
BMT-nin hesabat məlumatlarına görə, hər il dünyada 25 milyon hektar meşə sahəsi qırılıb məhv edilir ki, bu da Fransa dövlətinin ərazisinin yarısı qədərdir.
Ən son məlumatlara görə, ABŞ-ın məşhur Yel Universitetinin alimləri Tomas Krouterin rəhbərliyi altında keçən tədqiqatlara əsasən, sputnik çəkilişlərinin göstəriciləri Yer kürəsində 3,04 trilyon ağacın mövcud olduğunu sübut edib. Ağacların çoxu boreal meşələrindədir. Krouterin sözlərinə görə, onun müəyyən etdiyi rəqəmi pis və ya yaxşı göstərici kimi qəbul etmək doğru olmazdı. O qeyd edir ki, hər il insanlar 15 milyarda yaxın ağac kəsirlər. Müasir texnologiyalarla hesablama göstərir ki, insan sivilizasiyasına qədər Yerdə 5,6 trilyon ağac olmuşdur.
Canlı aləmi Günəşin dağıdıcı ultrabənövşəyi şüalarından qoruyan ozon təbəqəsinin qalınlığının azalması, qütblərdə isə tez-tez deşilməsi son zamanlar dəhşətli və təhlükəli ekoloji fəlakətlərin ən əsasıdır.
Qlobal istiləşmə və istilik effekti XX əsrdə texniki tərəqqinin atmosferdə yaratdığı ən faciəli, dəhşətli hadisə kimi dəyərləndirilir. XX əsrdə Yer planetində havanın orta temperaturu 0,6 dərəcə artmışdır. Planetimizdə baş verən təbii fəlakətlərin sayı sürətlə artmaqdadır.
Hazırda dünyanın bütün ölkələrində superurbanizasiya, ərzaq, içməli su problemi, demoqrafik partlayış və s. qlobal problemlər başlayıb. Ekologiyanın dəyişməsi yeyinti məhsullarını yararsız hala salıb, insan və heyvanlar arasında infeksion və invazion xəstəliklər çoxalıb, indiyədək elmə məlum olmayan, uzunmüddətli müalicə tələb edən dəhşətli və faciəli yeni xəstəliklər (QİÇS, quş qripi, atipik pnevmoniya, sarı qızdırma, dəli dana-inək quduzluğu, hepatitlər və s.), uşaqlar arasında müşahidə olunan genetik xəstəliklər (talessemiya, hemofiliya, anemiyalar, teratogen xəstəliklər, immun çatışmazlıqları), o cümlədən ekoloji mühitin təsirindən yaranan bəzi xəstəliklər (şəkərli diabet və mineral çatışmazlığı, uşaqların vaxtından əvvəl və ölü doğulması və s.) müşahidə edilir və bütün bunlar ağır itkilərə yol açır.
Son dövrlər dövlətlərin geniş vüsət alan hərbi təcavüzkarlıq siyasəti də ətraf mühitə böyük ziyanlar vurur. Belə ki, ABŞ-ın Vyetnamda apardığı müharibə nəticəsində ölkə ərazisinin 12 faizi məhv edilmiş, İraq müharibəsi həm insanlara, həm də ekoloji tarazlığa sağalmaz yaralar vurmuş, hal-hazırda Şərqdə baş verən münaqişələr nəticəsində ətraf mühitə vurulmuş zərərlər isə qiymətləndirilməsi mümkün olmayan həddə gəlib çatmışdır.
Bəşəriyyət tarixində qara səhifə kimi həkk olunan ən dəhşətli hadisələrdən biri də inanılmaz vəhşilik, qəddarlıq və dağıdıcılıqla xarakterizə olunan və heç vaxt unudulmayacaq erməni vandalizmidir.
Uzunmüddətli və düşünülmüş məkrli siyasətin nəticəsi olaraq ermənilər Azərbaycan Respublikası ərazilərinin 20 faizini işğal etmiş, cəmiyyətə və təbiətə ciddi zərərlər vurmuş və xarici havadarlarının köməyi ilə işğal etdikləri ərazilərdə vandalizm törətməkdə davam edirlər. Belə ki, ermənilər işğal olunmuş ərazilərdəki tarixi abidələri, mədəniyyət ocaqlarını və qəbiristanlıqları dağıtmış, oradakı qiymətli əşyaları, məzarların mərmər başdaşlarını, bütün tikinti materiallarını qarət və talan etmişlər. Bütün bunlara rəğmən cəzasız qalan düşmən işğal etdiyi ərazilərdəki təbii sərvətlərimizi talan edir, qiymətli fauna və floranı məhv edir, ərazilərimizi vəhşicəsinə yandıraraq Azərbaycanın təbiətinə, təbii sərvətlərinə və ekoloji durumuna böyük zərbə vurur. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində ekoloji duruma və təbii sərvətlərə ermənilər tərəfindən vurulan və analoqu olmayan zərbələr ekoloji terror və vandalizmdir.
Ermənistanın işğalı altında olan ərazilərdə vahid ekosistemə edilən təcavüz və beynəlxalq qurumların bu prosesə biganəliyi bölgədə böyük fəlakətə səbəb olmuşdur. Hazırda ətraf mühitin mühafizəsinin müxtəlif aspektlərinə dair 500-ə qədər beynəlxalq saziş mövcud olduğu halda, Ermənistan tərəfi başqa sahələrdə olduğu kimi, bu sahədə də heç bir sazişin müddəalarına məhəl qoymur.
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan Respublikası ərazilərində ehtiyatları təsdiq olunmuş və geniş mineral xammal bazasını təşkil edən 163 faydalı qazıntı yataqları, həmçinin 247 352 hektar meşə sahələri, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji-paleontoloji obyekt ağır və misli görünməmiş talanla üz-üzə qalmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişi və Nazirlər Kabinetinin sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ətraf mühit və təbii sərvətlərə dəymiş zərərləri aşağıdakı sahələri əhatə etməklə hesablamaqdadır:
- təbii sərvətlərin talanı və məhv edilməsi (faydalı qazıntıların talanı və mineral xammalı bazamıza ağır təcavüz, biomüxtəlifliyin məhvi, torpaqların sıradan çıxarılması və istifadədən məhrum olunması, çaylara, göllərə, su anbarlarına, bulaqlara, hidrometeoroloji obyektlərə antropogen təsirlər) nəticəsində dəymiş iqtisadi zərərlər;
- mövcud təbii sərvətlərdən (faydalı qazıntılardan, su anbarlarından və s.) istifadədən məhrumiyyətlər hesabına alınmamış gəlirlər və ya itirilmiş faydalar üzrə iqtisadi zərərlər;
- suların çirkləndirilməsi hesabına, ərazilərin yandırılması nəticəsində, təbii sərvətlərdən düzgün istifadə olunmaması və Metsamor AES ucbatından ətraf mühitin çirkləndirilməsi üzrə ekoloji zərərlər.
Acınacaqlı haldır ki, BMT-nin Baş katibi Pan Gi Munun Ümumdünya Qaçqınlar Günü münasibətilə dünya ölkələrinə etdiyi müraciətdə vurğulanır ki, 2014-cü ilin sonuna olan rəqəmlərə əsasən, dünyada rekord sayda - 59,5 milyon insan münaqişə və ya zorakılıq səbəbindən öz doğma yurdlarından didərgin düşmüşdür. Müraciətdə həmçinin bildirilir ki, hər gün 42,5 min nəfər insan qaçqın və yaxud məcburi köçkünə çevrilir ki, bu göstərici də son dörd il ərzində 4 dəfə artmışdır.
İnsan təbiətin tərkib hissəsidir. Odur ki, ətraf mühitin mühafizəsində əsas məqsəd insanın bioloji və sosial varlıq kimi qorunmasıdır. Bu istiqamətdə atılan addımların bariz nümunəsi olaraq 1972-ci ildə qəbul olunmuş BMT-nin Ətraf mühit haqqında Stokholm Bəyannaməsində insanın əlverişli həyat şəraitində yaşaması hüququ öz əksini tapmışdır. Eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsində göstərilir ki, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var. Həmçinin Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında" 8 iyun 1999-cu il tarixli qanunu ilə təbii tarazlığın və ekoloji sistemlərin dağıdılması və pozulması, Yerin ozon qatının və iqliminin arzuolunmaz dəyişilmələri, bitkilərin və heyvanların genetik fondlarının məhv edilməsi, insanın sağlamlığı və təbii mühit üçün digər mənfi nəticələrə səbəb olan fəaliyyətin həyata keçirilməsi qadağan edilmişdir.
Bəşəriyyətin taleyi qlobal problemlərin həllindən asılıdır. Təbiətlə cəmiyyət arasında tarazlığın pozulması nəinki bütün canlılar, hətta insanın özü üçün də təhlükəyə çevrilmişdir. Unutmamalıyıq ki, nəzarətsizlik və məsuliyyətsizlik Yer üzündə həyatın məhvini tezləşdirir. Buna görə də insanlar ekoloji tarazlığın qanunauyğunluqlarına əməl etməli və gələcək nəsilləri də bu istiqamətdə tərbiyələndirməlidirlər. Əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edən mərhum akademik, dünya şöhrətli alim Həsən Əliyevin "Həyəcan təbili" əsəri (Bakı, 1976, 1982) təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır. Onun dediyi kimi: "Təbiəti duymaq, dinləmək, lazım gələndə bütün hisslərini səfərbər edib onun keşiyində durmağı bacarmaq psixologiyasını böyüyən nəslə aşılamaq ən yaxşı təbiət dərsidir".
"Azərbaycan" qəzeti
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər