Çevrə dostu |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-12-2015, 08:49 | Şərh sayı: (0) | Baxılıb: 535
Çevrə dostu
Sən də mənimlə razılaşarsan ki, “vorovskoy mir”in bəzi qanunları adama ləzzət eləyir. Bu qaranlıq dünyada baş verən saysız-hesabsız macəralar Azərbaycan oxucusunun da diqqət mərkəzində olub həmişə. Özünün kriminal yazılarıyla məşhurlaşan Qənimət Əlisaoğlundan tutmuş Çingiz Abdullayevə qədər yazıçılarımızın yazdıqları buna əyani sübutdur.
Oğru qanunlarının harada və necə yarandığını deyə bilmərəm, amma deyilənə görə, ilk dəfə bakılı avtoritet Ağakərim tərəfindən 7 maddədən ibarət normativ sənəd şəklində hazırlanıb, sonra isə keçmiş ittifaqda yayılıb. Bu qanunların arasında haqsız elementlərin mövcudluğunu da inkar etmirəm. Ən azı sənli-mənli bütün müsəlmanlara bəllidir ki, bəşər övladı üçün ən ideal qanunlar toplusunun müəllifi Allah-taalanın özüdür. İnsanlar da özləri üçün qanunlar yazırlar. Bu qanunlar Allahın qanunları ilə bəzən uyğun gəlir, bəzən yox. Bəzən də insan Allahın özü üçün qanunlar yazır...
Həmçinin iddia etmirəm ki, qeyd edəcəyim qanunlar yeraltı dünyasının bütün çevrələrinə hakimdir. Ola bilsin ki, uyğun çevrələr bu qanunların yalnız bəzisinə əməl etsinlər. Ola bilsin Briqada və Qurdlar vadisi kimi filmlərdən başqa heç bir yerdə onun real nümunələrini tapmaq mümkün olmasın. Hər halda, məqsədim oğru dünyasına bəraət qazandırmaq yox, orada olan bəzi qanunların, Allahın müsəlmanlara vacib buyurduğu qanunları xatırlatdığını önə çəkməkdir.
Oğru qanunları
Məlum olduğu kimi, oğru dünyasında “kruq”lar, yəni çevrələr mövcuddur. Bu çevrələrin üzvləri vahid məqsədlə hərəkət edir və vahid rəhbərə tabe olurlar. Burada birlik məsələsi olduqca mühüm amildir. Çevrə dostları arasında nəinki çəkişmə olmamalı, hətta bir-birinə sıx bağlı olub, biri digərinin yolunda canından keçməyi də bacarmalıdır. Onlardan kimsə çətinliyə düşsə, yaxud “srok” alsa, digərləri onu qurtarmaq üçün əllərindən gələni etməlidirlər. Əslində, türmədə olan “yaxşı oğlan”ların hamisina “qrev” getməlidir; hansı çevrədən olursa olsun. Bundan əlavə, lazımi işlərçün “obşak”a da vaxtaşırı qrevlər olunmalıdır.
Oğru dünyasında “böyük qardaş”a itaət göstərmək əsas şərtlərdəndir. Bu qaranlıq dünyanın ağır sınaqlarından alnıaçıq cıxmış avtoritetin bir sözü iki edilməməlidir. Əslində çevrənin müvəffəqiyyət sirri də məhz bundadır.
Çevrə üzvləri arasında qorxaqlıq böyük qəbahətlərdəndir. Çevrəni aldatmaq da çox pis nəticələnə bilər. Söz verdinsə, nə olur-olsun əməl etməlisən. Çevrənin sirrini açmaq olmaz, xəyanət isə bağışlanılmaz səhv hesab olunur. “Oğru qanunları”nı kobud surətdə pozmaq və çevrəyə qarşı çıxmaq qələmin qırılması ilə nəticələnir.
Çevrə uşağı səxavətli olmalıdır, pul xərcləmək lazımdırsa, bir an da gecikmək olmaz. Çevrə uşaqları adətən kasıb və orta səviyyəli ailələrdən olduqlarından, gücsüzün tərəfində olub, sosial ədalətsizliyə qarşı çıxırlar. Buna görə, oğru dünyasını daimi müxalifət də adlandırmaq olar. Bu dünya bəzən hakimiyyətə qarşı paralel siyasət yürüdüb, güc strukturlarının həll edə bilmədiyi məsələləri asanlıqla çözür.
Allahın qanunları
Diqqət etsək görərik ki, Allah-taala da müsəlmanları vahid çevrə kimi görür. Dinimizə görə, müsəlmanlar bir ailə üzvləri kimidirlər, vahid İslam ailəsini təşkil edirlər. Qurani-Kərimdə belə oxuyuruq: “Həqiqətən bu, sizin ümmətinizdir, vahid ümmət”(1). Bəzi hədislərdə göstərilən "vilayət" də eyni mənanı ifadə edir: vilayət sahibi olmaq – dini çevrəyə qoşulmaq deməkdir.
Deməli, müsəlmanların vahid çevrəsi var, qeyri-müsəlmanlar bu çevrəyə daxil deyillər. İslam dinini qəbul etdinsə, müsəlman oldunsa, bu çevrəyə qoşulmuş olursan. Ancaq elə bilmə ki, bununla hər şey bitir, yox, bu çevrənin də ciddi qanunları var. Bu çevrə bir çox məziyyətlərlə yanaşı, səninçün bəzi məhdudiyyətlər də yaradacaq. Bu çevrəyə girdinsə çıxışın, çıxdınsa təkrar girişin asan olmayacaq.
Qeyd etmək lazımdır ki, bu gün bir milyard yarımlıq İslam dünyasını vahid çevrə kimi yalnız İslam Konfransı Təşkilatında təsəvvür etmək mümkündür. Ona görə də, çevrədaxili çevrələrin varlığı reallıq kimi qəbul olunmalıdır. Vahid çevrəmiz indi coğrafi cəhətdən 57 kiçik çevrəyə, məzhəbi bölgülər baxımından isə, Allah bilir, nə qədər çevrələrə bölünür. Heç kəs öz kiçik çevrəsindən imtina etmək fikrində deyilsə, onda həm kiçik çevrələrimizin, həm də vahid İslam çevrəmizin dirçəlişi uğrunda çalışmamız lazımdır.
Allah-taala həm bugünkü avtoritetlərdən, həm də dünənki qoçulardan çox-çox öncə bütün müsəlmanları birliyə çağırmış və aralarındakı ixtilafları kənara qoymağı əmr etmişdir. Qurani-Kərimdə bu barədə buyurulur: “Hamılıqla Allah ipindən yapışın və ayrılmayın”(2).
Dinimizə görə, müsəlman müsəlmanın arxa-dayağıdır, onu tək qoymaz, onun problemini öz problemi bilər. Müsəlman çevrəsinin uşağı digər çevrə dostlarından xəbərsiz olmamalı, onların çətinlikdə olduğunu bilərkən isə biganəlik göstərməməlidir. Bu çevrənin banisi olan həzrət Məhəmməd (s), köməyini müsəlmanlardan əsirgəyənləri, həmçinin müsəlmanların problemlərinə laqeyd halda yaşayanları qeyri-müsəlman adlandıraraq, çevrədən ixrac etmişdir(3).
Müsəlman çevrəsində də itaəti vacib buyurulan öndərlər var. Onların hər bir sözü qeyd-şərtsiz qəbul olunmalıdır. Bu rəhbərlərin birincisi Məhəmməd peyğəmbərin (s) özü, sonra isə onun həqiqi canişinləri olan 12 imamdır. Qurani-Kərimdə belə oxuyuruq: “Allaha, (Məhəmməd) peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə (12 imama) itaət edin”(4).
Müsəlman çevrəsində rəhbərin özəl yeri var. Çevrənin hər bir sahədə inkişafı onun təşkilatçılığına bağlıdır. Təbii ki, bunun üçün güclü maliyyə dəstəyi lazımdır. Məhz buna görədir ki, hər bir müsəlman özünün birillik xərcindən artıq qalan qazancının xümsünü, yəni iyirmi faizini rəhbərə verir. Burada toplanan vəsait “beytül-mal” adlanır. Rəhbər bununla öz zəruri ehtiyaclarından əlavə, ümumi işlər üçün büdcə ayırır, çevrənin iqtisadi dayaqlarını möhkəmləndirir.
Müsəlman çevrəsində heç kim yoxsulluqdan əziyyət çəkməməlidir. Müsəlmanlar istər zəkat, istərsə də müstəhəb hədiyyələrlə çevrənin ehtiyaclı kimsələrinə yardım göstərməyə borcludurlar. Bu, Allahın əmridir.
Müsəlman sədaqətli və qorxmaz olmalı, verdiyi sözə və bağladığı müqavilələrə əməl etməlidir(5). Çevrə sirrini heç kimə açmamalı, heç zaman çevrəyə qarşı çıxmamalı, ona xəyanət etməməlidir. Bu çevrədən ayrılıb ona qarşı fəaliyyət göstərən, yaxud çevrənin rəhbərlərinə qarşı təhqiramiz ifadələr işlədən xəyanətkarın qələmi qırılır burada. Bu çevrəyə qoşulan insan ədalətsizliyə qarşı çıxmırsa, məzlumun, yoxsulun səsinə səs vermirsə, onun məsələsi yuxarı dairələrdə müzakirə oluna bilər. Bu hərəkətin xəyanət üzündən olduğu isbatlanarsa, həmin adama “münafiq” statusu verilir.
Real durum
İndi isə gəl, bu qədər “dostoynı” qanunları olan çevrəmizə nəzər salaq. Bir milyard yarımlıq humanitar qüvvəmiz, irili-xırdalı 57 ölkəmiz var, böyük Orta Doğu bizim, dünyanın demək olar ki, bütün enerji mənbələri əlimizdə, düşdüyümüz vəziyyətsə göz qabağında. 60 ildən artıqdır Fələstin, 20 ildən artıqdır Qarabağ problemi həllolunmaz qalır. İraq, Əfqanıstan, Pakistan və digər ərazilərimizdə baş verən cinayətlər göz önündə. Müsəlmanlar bu vəziyyətdən çıxmaq üçün indiyədək hansı addımları atıblar? Bu gün İsrail və Ermənistanın müsəlmanlarla müharibə vəziyyətində olması heç kimə sirr deyil. Elə isə, bu ölkələrin hər ikisi ilə əlaqələrini kəsən neşə müsəlman ölkəsi göstərə bilərsən? Bacarıqsız İKT-nin bu sahədəki funksiyası nədən ibarətdir? Biri özünə Azərbaycan vətəndaşı, o birisi İraq vətəndaşı, başqa birisi Misir, daha birisi isə Malayziya vətəndaşı deyə öz işində. Coğrafi bölgülər bizi yetərincə aldatmadımı? Biz bir çevrənin adamları deyilikmi? Ulu peyğəmbərimiz “Müsəlman müsəlmanın qardaşıdır”(6) – deyə buyurmayıbmı?
Bu haqda danışarkən, yəhudi çevrəsinə qibtə etməmək olmur. Dünyanın ən iri iqtisadi bazalarına, qlobal firmalara, ən nüfuzlu informasiya resurslarına malikdir bu çevrə. Bu çevrə bu gün də dünya siyasətini tənzimləyir. Bütün dünyanın sionist yəhudiləri öz gəlirlərinin müəyyən qismini məhz İsrailin inkişafı üçün xərcləyirlər, dünyanın hər hansı bir yerində fəaliyyət göstərən yəhudi iş adamlarına “krışalıq” edirlər...
Kiçik çevrələrimizdən olan “fətullahçılar”ın bu sahədəki fəaliyyəti də təqdirəlayiq hesab oluna bilər. Bu çevrə son 20-30 ildə bir çox ölkələrdə, xüsusən də türkdilli xalqlar arasında böyük addımlara imza atıb. Maliyyə dəstəyi olmadan yetərli fəaliyyətin mümkünsüz olduğunu başa düşən Fətullah Gülən öncə bu problemi həll etdi. O, böyük hərəkat başlamaq üçün zəkatın (demək olar ki, əhli-sünnə çevrəsində xüms yoxdur) kifayət etmədiyini önə çəkdi və bu da öz növbəsində lazımi sonucla nəticələndi: hər bir fətullahçı öz gəlirinin 10 faizini ümumi işlər üçün mərkəzə göndərməli oldu. Yığılan vəsaitin təsirlərinin isə şərhə bir o qədər də ehtiyacı yoxdur. Bu gün dünyanın bir çox yerlərində geniş kommersiya fəaliyyətləri var onların. Dini, ictimai və siyasi fəaliyyətlər də öz yerində. Təkcə bunu qeyd etmək bəsdir ki, Türkiyədə İslamyönümlü AKparti məhz Fətullah Gülən camaatının dəstəyilə hakimiyyət başına keçdi. Bu gün Azərbaycanda ən uğurlu orta təhsil müəssisəsi hesab olunan türk liseyləri, “Araz” hazırlıq kursları, Qafqaz Universiteti, Xəzər televiziya kanalı, BURC FM radio kanalı, “Zaman-Azərbaycan” qəzeti, minlərlə yeniyetmə və gəncin də qoşulduğu nurçu dərsxanaları, “Nil” mağazalar şəbəkəsi və digər müəssisələr məhz bu çevrəyə məxsusdur. Bu çevrə tatarlar arasında da irimiqyaslı planlara start vermişdi, lakin tez bir zamanda Rusiya təhlükəsizlik orqanlarının müdaxiləsilə sözügedən ölkədən ixrac olundu.
Bax belə, çevrə dostum, bizdə də imkanlı şəxslər var, amma onlar xarici ölkələrdə adalar, qəsəbələr alırlar, atalarının qəbrini düzəltdirmək üçün Avropadan qiymətli daşlar sifariş edirlər, doğum günlərini qeyd edərkən Amerikadan müğənnilər gətizdirirlər. Lakin Afrikada çevrəmizin körpələri ac yatırlar, istedadlı uşaqlarımızın təhsil almaq imkanı yoxdur, müalicə olunmaq üçün cüzi vəsaiti əldə edə bilməyən balalarımız həyatla vidalaşmalı olurlar. Həccə hazırlaşan qardaşımızın ac qonşusundan, yeni villasına daşınan hacımızınsa evsiz qohumundan xəbəri yox. Çevrəmizin cavanları evlənmək üçün kredit axtararkən, bəzi imkanlılarımız sələm verməkdə...
Onsuz da imkanlılar bu yazını oxumayacaqlar, amma heç olmasa ürəyimizi boşaldırıq, çevrə dostum. Razılaş ki, çevrəmizin üzvləri ümumi fonda ayda bircə manat yardım etsəydilər, Peyğəmbərimizin doğum gününün tədbirində ballıqoz paylamaq üçün xarici ölkə səfirliklərinə müraciət edib qrant istəməzdik. Mübaliğə etmirəm, bu yardımı bir az da artırsaq, ildə bir nəfəri Oksford, birini Harvard, birini də Sorbon universitetinə təhsil üçün göndərə bilərik...
Bu yazını uzatmaq da olardı, amma hələlik bu qədərlə kifayətlənirəm. Allah Özü bizə yardımçı olsun! Yenə də yaşasın öz çevrəmiz!(7)
Qeydlər:
1. Ənbiya/92; Muminun/52.
2. Ali-İmran/103.
3. Kuleyni. Əl-Kafi. Səkkiz cilddə. Tehran. Darul-kutubil-elmiyyə, 1986, c. 2, səh. 163-164.
4. Nisa/59.
5. Maidə/1.
6. Buxari. Səhih-Buxari. Səkkiz cilddə. Beyrut. Darul-fikr, 1981, c. 3, səh. 98, c. 8, səh. 58-59; Müslim Neyşaburi. Səhih-Müslim. Səkkiz cilddə. Beyrut. Darul-fikr, c. 8, səh. 11, 18.
7. İstifadə olunmuş bəzi məlumatların əldə edilməsində göstərdiyi köməyə görə dəyərli qardaşım fəlsəfə doktoru Elşən Mustafaoğluna minnətdarlığımı bildiririəm.
Vüsal Hüseynzadə
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər