İbrahimi dinlərdə Məhdi (əc) intizarına bir baxış |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-12-2015, 15:07 | Şərh sayı: (0) | Baxılıb: 408
İbrahimi dinlərdə Məhdi (əc) intizarına bir baxış
“Məhdi intizarı” mövzusu səmavi dinlərdə müşahidə olunan mühüm mövzulardan biridir. “İntizar”, adətən insanın acınacaqlı mövcud vəziyyətdən narahat olaraq, yaxşı vəziyyətin yaranması ümidi ilə gözləməsinə deyilir. “Məhdi” kəlməsi də, öz növbəsində, bəzən ad kimi, bəzən isə bir hədəf və məqsədin icra edilməsi yönündə işlədilir. Səmavi dinlərdə olan “Məhdi” (yəni; "hidayət olunmuş") adətən xüsusi hədəfin icrası mənasında işlədilir. Bu mənaya ki, Allah-taala "məhdi" vəzifəsini icra edən şəxsi, insanların bilmədiyi və bacarmadığı işlərə yönəldir. Belə ki, ondan başqası həmin işi etməyə qadir deyildir. Ümumbəşəri ilahi hakimiyyət qurmaq, ədaləti tam bərpa etmək, yer üzərinə kamil şəkildə əmin-amanlıq yaratmaq kimi xüsusiyyətləri, bu qəbildən hesab etmək olar.
Əgər tarixə nəzər salsaq, görərik ki, hələ Allah-taala öz elçisini insanların arasına göndərməmişdən öncə, onlar həmin elçinin intizarında olublar. Padşahlar (fironlar və. s.) fani qüdrətlərinin hesabına özünü Tanrı adlandırırdılar. Buna görə də zəiflər məcbur idilər ki, onların hər bir zülm və ədalətsizliklərinə boyun əysinlər. Əks təqdirdə ağır cəzalara məruz qalırdılar. Beləliklə, insanlar daim, onları zülmdən qurtaracaq qeyri-adi gücün intizarında idilər. Allah-taala da, müxtəlif zamanlarda, öz xilaskarını peyğəmbərlər və imamlar ünvanında onlara pənahgah olaraq göndərmişdir. Lakin, bununla belə, insanlar zülmü kamil şəkildə məhv edən, ədaləti tam şəkildə bərpa edən, yer üzündə kamil şəkildə əmin-amanlıq yaradan son xilaskarın, Həzrət Məhdinin (əc) gəlişini gözləmiş, onun zamanında yaşamaq arzusunda olmuşlar. Qarşınızda olan bu məqalədə böyük və məşhur İbrahimi (ə) dinlərdə (yəhudilik və xristianlıqda) olan "Məhdi intizarın"dan söz açılacaq. Bunu da qeyd edək ki, burada “Məhdi” kəlməsi “nicat verici” və "xilaskar" ünvanında istifadə olunur.
Yəhudilikdə “Məhdi” intizarı
Yəhudi tayfsı hələ qədim dövrlərdə müxtəlif təzyiqlərə və zülmlərə məruz qalmışdır. Qədim tarixi və dini mənbələri araşdırdıqda, bunun əsas səbəbi, zamanının yəhudi tayfasına xas olan bir sıra mənfi xüsusiyyətlər olmuşdur. Allahın onlara verdiyi nemətlərə və ali şəxsiyyətlərə naşükürlük etmiş, peyğəmbərlərin söylədiklərinə əhəmiyyət verməmiş, onları amansızlıqla qətlə yetirmiş, kiçik bir qüdrət əldə etdikləri zaman onlara yaxşılıq edən, bu qüdrəti bəxş edənlərə qarşı amansız davranmış, vəfasızlıq göstərmiş, gücsüz tayfaları əzib-keçməklə məşğul olmuş, özlərini daim başqa millətlərdən üstün bilmiş və yer üzündə fitnə-fəsad törədərək qan tökməklə məşğul olmuşlar. Bu səbəbə də, daim güclü imperiyaları qıcıqlandırmış və əsarət altına alınmışlar. Çünki, onlara hökm edən qüvvələr, zamanındakı yəhudilərin qüdrət sahibi olduqda, yenidən baş qaldıra biləcəyindən ehtiyat etmişdir. Həmçinin, bəzən acımasız və zalım hökmdarlar da zəif yəhudi tayfalarını əzmiş, onlara zülm etmişdir. Yəhudi qövmünü yenidən islah etmək və zülmdən qurtarmaq məqsədilə Allah-taala Həzrət Musanı (ə) onlara göndərdi. Amma yəhudilər yenə də, öz vəfasızlıqlarından və mənfi xüsusiyyətlərindən əl çəkmədilər. Buna baxmayaraq, Allahın əmri ilə Həzrət Musa (ə) İsrail övladlarını Misirdə Fironun əlindən xilas etdikdən sonra, onları vədə verilmiş müqəddəs torpaqlara tərəf hərəkət etdirdi. Həzrət Musa (ə) dünyadan getdikdən sonra, Həzrət Yuşə (ə) bu işi öz öhdəsinə götürdü. O Həzrət, tezliklə İsrail qövmünü vədə verilmiş torpaqlara çatdırdı. Ardınca, Həzrət Səmuil (ə) Allahın icazəsi ilə yəhudi camaatına padşah olaraq Şaulu (Qurani-kərimin ibarətilə Talutu) təyin etdi. Bu hadisə, milad tarixindən 1030 il qabaq baş vermişdir. Həzrət Davud (ə) isə çox keçmədən (1015 il miladdan qabaq) Şaulun canişini oldu. O həzrət, öz padşahlıq dövründə Yerusəlimi fəth etdi. Bu şəhəri Davud şəhəri adlandırdı.
Həzrət Davud (ə) dünyasını dəyişdikdən sonra Həzrət Süleyman (ə) onun davamçısı oldu. O Həzrət, Yerusəlimdə Süleymanın heykəli (ibridən tərcuməsi uca bina) adında məşhur bir ibadətgah düzəltdirdi. Bu dövrlər, yəhudiliyin çiçəklənmə dövrləri idi.
Lakin sonradan yəhudilər öz əməllərinə davam edərək, müqəddəs ibadətgahın dəfələrlə viran edilməsinə və yenidən əsirlik, köləlik həyatı yaşamalarına səbəb oldular. Birinci dəfə, miladdan qabaq 587-ci ildə Babil padşahı Buxtun-nəsrin əmri ilə xarab edilidi. Bu zaman Buxtun-nəsrin əmri ilə, bir çox yəhudilər öldürüldü və qalanları isə əsir götürüldü. İkinci dəfə isə, milad tarixi ilə 70-ci ildə, Roma şahzadəsi Titusun əmri ilə bu ibadətgah məhv oldu. İbadətgahın viran olunması onlar üçün ağır bir vəziyət idi. Yəhudilər bu hadisədən sonra müxtəlif ölkə və şəhərlərə dağılaraq zorluq və çətinlik içində yaşadılar. Onları həyata bağlayan məhz elə "xilaskarın gəlişi" və "Məhdi" intizarı olmuşdur. Zaman ötdükcə İsrail övladlarının ümidləri daha çox artır və Məsihin (ə) intizarı onların ayaqda qalıb yaşamasını təmin edirdi. Onlar bu ümidlə yaşayırdılar ki, Allah-taala tərəfindən onlar üçün bir qurtarıcı gələcək və onları Həzrət Davud (ə) və Həzrət Süleymanın (ə) zamanına qaytaracaq. Çünki müqəddəs Tövratda onlara belə bir qurtarıcının gəlmə vədəsi verilmişdir. Həzrət Davud (ə) və Həzrət Süleymanın (ə) zamanında İsrail övladları üçün mükəmməl hakimiyyət bərpa olunmuşdu. Onların rifahları ali dərəcədə idi. Allah-taala öz nemətlərini onların ixtiyarında qoymuşdu. Həzrət Davud (ə) və Həzrət Süleyman (ə) elə bir padşah idilər ki, insanlar, cinlər, quşlar, vəhşilər və hətta küləyin də ixtiyarı onların əlində idi. Allah-taala başqa qövmə nisbətən İsrail övladlarına daha çox nemət və peyğəmbərlər göndərmişdir. Hətta Tövratda onların haqqında “seçilmiş qövm” deyildiyinə rast gəlmək olar. Əlbəttə, seçilmiş tayfa dedikdə, məqsəd tayfa üstünlüyü deyil, onlara verilən nemətlərin çoxluğu və göndərilən peyğəmbərlər olmuşdur. Qeyd olunduğu kimi bu nemətlərə naşükürlük edərək, Allah-taalanın bəlası ilə üzləşdilər.
Məhdi və qurtarıcı intizarında qalan yəhudilər, 2000 ilə yaxın nizamlı bir dövlət qurmaqdan boyun qaçırdılar. Onların inancına əsasən gözlənilən Məhdi gəlib belə bir dövləti qurmalı idi. Gözlənilən şəxs Maşiyəh ("müqəddəs yağla yağlanmış") adlanırdı. Xristianlıqda Məsih (Christ) kəlməsi Həzrət İsaya (ə) sonradan verilmiş bir addır. Onların nəzərincə gözlənilən Məhdi və qurtarıcı Həzrət İsa (ə) deyil. Ona görə də, Məsih kəlməsini gözlənilən şəxsə aid etmirlər.
Həzrət İsa (ə) peyğəmbərliyə seçilən vaxt, bəzi yəhudilər, ilk öncə elə güman etdilər ki, gözlənilən qurtarıcı elə həmin Məsihdir. Ancaq O, Həzrət elə bir zamanda peyğəmbərliyə seçildi ki, Həzrət Davud (ə), Həzrət Süleyman (ə) və Həzrət Musa (ə) kimi hökumət qurmaq mümkün deyildi. Bir tərəfdən Roma imperatorluğunun qüdrəti və digər tərəfdən isə yəhudilərin inancları ilə Həzrət İsanın (ə) təbliğinin uyğunlaşmaması, belə hakimiyyətin qurulmasına zəmin yaratmırdı. Çünki, Həzrət İsa (ə) bunun üçün deyil, Tövratın Buxtun-nəsrin dövründə tamamilə məhv edildiyindən sonra, Həzrət Musanın (ə) dininə artırılmış xurafatları islah etmək üçün gəlmişdi. Yəhudi alimləri Tövratı öz mənfəətlərinə görə təbliğ edir və istədikləri kimi onu təfsir edirdilər. Həsrət İsa (ə) bunun müqabilində, onları düz yola və həqiqətə dəvət edirdi. Bu isə onların mənfəətlərinə xilaf olduğuna görə, ona qarşı bədbin oldular. Yəhudilər onun gözlənilən Məhdi olmadığına hökm verib, onun peyğəmbərliyini belə təkzib etdilər. O Həzrətin bir yalançı olduğunu təbliğ edib, onu Roma imperatorunun əli ilə edam etdirmək istədilər...
Qədim Əhddə, xüsusilə Tövratda gözlənilən qurtarıcının bəzi xüsusiyyətləri qeyd olunmuşdur. Bu əlamətlərə görə də, Həzrət İsanın (ə) "gözlənilən xilaskar" olmadığı yəhudi alimlərinin diqqət mərkəzində olmuşdur. Yəhudilər daim bu xilaskarı və məhdini gözləyir, onun gəlişinə dua edirlər. Ümumiyyətlə, Qədim Əhddə nicat verən məhdini gözləmək olduqca dəyərli əməl sayılır. Bu barədə qeyd olunan bəzi müjdələrə diqqət edək:
1- "(Məhdinin) intizarında olan şəxslərin xoş halına!" (Daniel, fəsil 12, c. 1-5; 10-13.)
2- "Qurtuluş zamanını gözləyirəm..." (Əşiya, fəsil 11, c. 59.)
3- "(Məhdinin) gəlişi geciksə də, onu gözlə. Onun gəlişi dəqiqdir." (Səfniya, fəsl 3. Səh. 6-7.)
Qədim Əhddə son xilaskarın, məhdinin haqqında belə yazılır:
“Bir budaq (şəxs) Yəssanın nəslindən göyərəcək və Allah-taalanın ruhu (nəzəri) onun üzərində qərar tapacaq. Məzlum və miskinlərlə öz ədaləti ilə davranacaq. Zalımları öz ağız nəfəsi ilə öldürəcək. Dünyada ədaləti bərpa edəcək. Elə bir ədalət ki, vəhşilər əhlilərlə mehriban olacaq. Dünya Allah-taalanın mərifəti ilə dolacaq.” (Əşiya, fəsil 11, c. 1-10.)
"O, bütün tayfalara insafla hakimlik edəcək. Yer-göy şadlıq edəcək. Bütün məmləkətlər və ümmətlər ona tabe olacaq. Səhralar yaşıllaşacaq. Zülmün kökünü kəsəcək. Şəhərlər yerin bitkiləri kimi yam-yaşıl olacaq..." (Məzmur, fəsil 1, c. 20-72; fəsil. 37. c. 9-18.)
Beləliklə, yəhudilər gələcək qurtarıcını böyük bir ümidlə gözləyirdilər. Lakin, zaman keçdikcə, onlar qeyd olunan ədalətdən əlavə, bir çox milliyyətçi və həris şüarları da yaymağa başladılar. Elə bir xəyallar edirlər ki, hətta Həzrət Davud (ə) və Həzrət Süleymanın (ə) dövründə malik olmadıqlarını əldə edəcəklər. Məsihanın (Məhdinin) zamanında təbiətin bərəkəti yəhudilər üçün daha da artacaq, bulud, külək, ay, günəş və dünya ancaq yəhudilərin mənfəətinə görə tənzimlənəcək, torpaq bişmiş çörəkləri və hazır tikilmiş geyimləri üzə çıxardacaq. Yəhudi qövmünün inanclarına görə, onlar yenə də həmin qurtarıcının intizarındadırlar. Tarix boyu hər kəs, Məsih və ya qurtarıcı olmasını iddia etmiş olduqda, bəzi yəhudilər onun həqiqi qurtarıcı olduğuna inanırdılar. Yəhudilərdən Məsihlik iddiası edən Şibtay Sibbini (Türkiyədə qurulmuş Dönmə məzhəbinin banisidir) buna misal gətirmək olar. O, yəhudilərin ürfanını və inanclarını araşdırdıqdan sonra iddia etdi ki, gözlənilən Məsih elə özüdür. Onun iddiasına görə O, 1966-cı ildə qiyam edəcək. Çox keçmədən onu Osmanlı padşahı İstanbulda həbs etdi və onun müsəlman olmasını tələb etdi. Bununla da, yəhudilər yenə də qurtarıcının ümidilə yaşayırlar. Onların fikrincə həmin qurtarıcı hələ dünyaya gəlməyib. O, şəxs dünyaya gəlincə onların xəyallarını həqiqətə çevirəcək.
Xristianlıqda “Məhdi” intizarı
Xristianlar çalışırdılar ki, yəhudilərin müqəddəs kitabı olan Qədim əhddə Həzrət İsanın (ə) "xilaskar" ünvanında gəlişindən xəbər verən əlamət və xüsusiyyətləri tapsınlar. Amma onların araşdırmaları heç bir nəticə vermədiyinə görə, Qədim Əhddəki cümlələri Həzrət İsaya (ə) aid etdilər. Beləliklə, xristianlar bu nəticəyə gəlib və başqalarına da çatdırmaq istəyirdilər ki, yəhudilərin intizarında olduqları şəxs, elə Həzrət İsadır (ə).
Matta və Luka incilinin söylədiyinə görə Həzrət İsa (ə) Yerusəlimin 8 km yaxınlığında olan Beyti-ləhmdə dünyaya gəlmişdir. Qeyd etmək lazımdır ki, yəhudilərin gözlədikləri Məhdi də, elə adı gedən məkanda zühur etməli idi. Buna görə də Matta və Luka incillərinin müəllifləri çalışıblar ki, Həzrət İsanın (ə) doğum yerini elə həmin vədə verilmiş məkana aid etsinlər.
Xristianların inanclarına görə Həzrət İsanın (ə) anası Həzrət Məryəm (ə) və dülgər Yusif olmuşdur. Onlar O, həzrətin on iki yaşı olarkən Yerusəlimə getmişlər və Həzrət İsa (ə) oradaca onlardan ayrılmışdır. O, Həzrət otuz yaşında dövrünün peyğəmbəri olan Həzrət Yəhyanın (ə) əli ilə vəftiz qüslü almış və öz peyğəmbərliyini elan etmişdir. Bundan qabaq Həzrət Yəhya (ə) səmavi bir varlığın gələcəyindən xəbər vermişdir. Buna görə də hər kəs o varlığın intizarında olmuşdur. Bu məqamları xristianlar Məhz İsanın (ə) "gözlənilən məhdi" olmasına dəlil gətirmişlər. Lakin, yəhudi və xristian inancına görə, Həzrət İsanın (ə) guya çarmıxa çəkilməsi və şəhid edilməsi, onun intizarında olduqları xilaskar funksiyasını yerine yetirmediyi üçün, Məhdi olmadığından xəbər verir.
Belə olduqda, xristianlar çıxış yolunu “Həzrət Məsih xaç üzərində asılmaqla bəşərin günahlarının bağışlanmasına səbəb oldu. Eyni zamanda tezliklə sonuncu hakimlik və səltənət üçün qayıdacaq” -deməkdə gördülər. Xristianlar belə deyirlər: “Baxmayaraq ki, o vəfat etdi və torpağa basdırıldı, amma üç gündən sonra dirilərək səmaya qalxdı. Ancaq yenidən yer üzərinə dönərək öz padşahlığını quracaq. O, camaatın günahlarının qurbanı oldu. Onun başına gələn hadisələri hətta keçmiş peyğəmbərlər də söyləmişlər.” Onlar Həzrət İsanın (ə) bəşərin günahının qurbanı bilirlər. Bu onların mühüm bir şüarıdır ki, dini təbliğlərində buna çox yer verirlər. Bundan əlavə Həzrət İsanın (ə) yenidən qayıtması xristianlıqda böyük əhəmiyyət daşıyır. Yeni Əhddə (İncildə) yazılmışdır ki, o qalib olaraq qayıdacaq. Beləcə də ilkin xristian camaatı onun tezliklə qayıdacağına inanırlar.
Bir halda ki, Qədim Əhddə xəbər verilən xilaskar, yəni; "Məsih"dən məqsəd həqiqətən də, Həzrət İsa (ə) deyildir. Çünki, Məsih Qədim Əhddə iki mənada işlənib. Allahın xüsusi nəzərində qərarlaşan və insanları cəhalətdən qurtaran şəxslərə məsih deyilib. Davud(ə), Süleyman(ə), İsa (ə) bunun üçün məsih adlanıb. (Bax; Huşə, f. 3, c. 5; Məzamir, f. 5, c. 49)
Həmçinin, Qədim Əhddə xristianların xilaskarın gəlişinin bünövrəsi sayılan "ikinci qayıdış" haqqında danışılmır.
Bundan əlavə, xristianların iddia etdikləri Məsih, onların etiqadına əsasən Tanrı oğludur və Tanrıdır. (Yəhya incili, f. 1, c. 1-3.) Lakin, Qədim Əhdin bəhs etdiyi Məsih, insandır. Hətta incildə verilən xilaskar məhdi xəbərlərində belə söhbət insandan gedir, Allahın oğlundan deyil.
İncildə bəhs edilən məhdi və xilaskar haqqında məlumatların bir neçəsinə diqqət edək:
"İnsan oğlu isə bütün müqəddəs mələklərlə bərabər, izzətlə gəldikdə, o zaman əzəmətli taxtına oturacaqdır. Bütün xalqlar onun önündə toplaşacaq..." (Matta incili, f. 25. C. 31-32.)
"Siz hazır olun! Çünki insan oğlu sizin zənn etmədiyiniz saatda gələcək." (Luka incili, f. 12, c. 40.)
Gördüyünüz kimi, bəşərin xilaskarı olan bir şəxsin gəlişi, təkcə islam dinində deyil xristianlıq və yəhudilikdə də mövcuddur. Çünki, Allahın iradəsi və hökmü belədir. Yer üzünün varisi, sonunda Məhdinin (əc) rəhbərliyi ilə pak insanlar olacaqdır. İlahi ədalət öz yerini tutacaq və icra ediləcəkdir. Dinimizə əsasən, Məhdi (əc) ilə birgə Həzrət İsa (ə) zühur edəcək və ona yardım edəcəkdir. Əsl həqiqətdə, məsələnin kökünə qayıtsaq, bu dinlərdəki təhrifi kənara qoysaq, görərik ki, əslində hər kəs Məhdini (əc) gözləyir, ona ümid bağlayır.
İslamda Məhdi intizarı
İslam Peyğəmbəri (s) fani dünyaya vida etdikdən sonra, onun ümməti canişinlik mövzusunda iki dəstəyə bölündü. Bir dəstə iddia etdi ki, canişini təyin etmək camaatın öz öhdəsinə buraxılıb, o birisi dəstə isə bunun Allaha məxsus olduğunu dedilər. Birinci dəstənin nəzərinə görə, İslam Peyğəmbərindən (s) sonra İslama birinci xəlifə camaatın vasitəsilə seçildi. İkinci xəlifəni qabaqkı xəlifə öz vəsiyyəti ilə seçdi. Üçüncü xəlifəni isə altı nəfərdən ibarət olan şuranın öhdəsinə qoydu. Bu fikrə sahib olan dəstə “Əhli-sünnət” adlanır.
İkinci dəstə yuxarıda qeyd olunan seçimlə razılaşmayıb, canişinliyi Allah-Taalanın təyini və Peyğəmbərin (s) vasitəsi ilə seçilməsinə inanırlar. Bu dəstə “İmamiyyə” və ya “Şiə” adlanır.
Əhli-sünnət məzhəbində Məhdi intizarı
Qeyd etdiyimiz kimi, sünni məzhəbinin görüşünə görə, İslam Peyğəmbəri (s) dünyasını dəyişdikdən sonra, İslam ümmətinin rəhbəri camaat tərəfindən seçildi. Bundan əlavə, hər kəs hər hansı yolla (zor gücünə olsa belə) rəhbərlik məqamına çatsa, camaatın ondan itaət etməsi vacibdir. Buna görə də rəhbər zalım da olsa, itaəti vacibdir. Tarix boyunca, istər Əməvilərin zamanı olsun, istərsə də Əbbas övladlarının zamanı, bu məzhəbin davamçıları onlardan itaət etmişlər. Baxmayaraq ki, bu inanc onlarda müşahidə olunur, amma insan, fitrətən ədaləti, sülhü və haqqın sorağındadır. Bu məktəbin düzgün saydığı kitabları axtardıqda belə nəzərə gəlir ki, onlar da bir qurtarıcının intizarındadırlar. Nəinki təkcə bu məzhəb, İslam məzhəblərinin hər biri Məhdi (ə) adında birinin zühur etməsinə qətiyyətlə inanırlar. Sünni məzhəbinin alimləri də, bu zühurun baş tutacağına öz etibarlı kitablarında qeyd ediblər.
Sünni alimlərinin məşhur kitablarında Həzrət Məhdi (ə) barədə belə nəql olub:
İbn Kəsir: “ Məhdi, axır zamanda gələcək. Yer üzü zülm və fəsadla dolduğu kimi onu ədalətlə dolduracaq.”
Əhli-sünnətin nəzərində İmam Məhdinin (ə) bəzi nişanələri
Bu barədə, Əhli-sünnət tərəfindən qeyd olunan bəzi hədisləri nəql edirik:
Həzrət Məhəmməd (s) buyurub: "Adı mənim adımdan olub və Əhli-beytimdən (ə) olan kəs ərəb məmləkətinə sahib çıxmayınca dünya sona çatmaz."
Həzrət Məhəmməd (s) buyurub: “Yer üzü düşmənçilik və zülmə bürünməyincə qiyamət bərpa olmaz. Bu zaman, mənim Əhli-beytimdən (ə) bir nəfər yer üzü zülm və ədalətsizlikdən dolduğu kimi onu ədalətə bürümək üçün zühur edər.”
Həzrət Məhəmməd (s) buyurub: “Əgər dünyanın sonuna bir gün qalmış olsa belə, Allah-taala o günü o zamana qədər uzadar ki, o gündə məndən və ya mənim Əhli-beytimdən (ə) olan bir nəfəri yer üzünü zülmlə dolduğu kimi onu ədalətə qərq etmək üçün göndərər.”
Əhli-sünnətin Həzrət Məhdi (əc) haqqında olan nəzərləri
•Həzrət Məhdi (ə) elə Həzrət İsa (ə) Məryəm oğludur ki, axır zamanda zühur edəcək.
•Həzrət Məhdi (ə) Abbas ibni Əbdül-müttəlibin övladlarındandır.
•Həzrət Məhdi (ə) Həzrət Məhəmmədin (s) və Həzrət Fatimənin (ə) nəslindəndir. Həzrət İsa (ə) Həzrət Məhdinin (əc) zühuru zamanı ona kömək etmək üçün zühur edəcək. Həzrət Məhdi (əc) namaz qılarkən, H. İsa (ə) onun arxasında namaza duracaq.
•Həzrət Məhdi (əc) İmam Hüseynin (ə) nəslindən yox bəlkə İmam Həsənin (ə) nəslindəndir.
•Həzrət Məhdi (əc) hələ dünyaya gəlməyib, bəlkə axır zamanda dünya gələcək.
Şiə məzhəbində Məhdi (əc) intizarı
Şiələrin əqidəsinə görə, Allah-taala yer üzərini canişinsiz qoymayıb. İnsanların yaranmaqda hədəfi kamala çatmaqdır. O zamana kimi ki, dünya dağılmayıb, insanların hədəfinə çatmaq imkanı vardır. Ancaq insanların öz kamil olmayan düşüncələrilə hidayət yolunu tapması mümkün deyil. Buna görə də, bizi yaradan və qarşımıza hədəf qoyan Xaliqin hikməti bunu tələb edir ki, hədəfə necə çatacaq yolu da insanlara nişan versin. Sxolastika elmində “lütf qanunu” adlanan əqli dəlildə belə deyilir: “İnsanı səadət və təkamülə yetirmək məqsədilə yaradan, onun boynuna müəyyən vəzifələr qoyan Xaliqə, insanın hidayət və tərbiyəsi ilə əlaqədar qabaqcadan bir sıra müqəddəmələri hazırlamaq və o yüksək hədəfə nail olmaq üçün bəşər övladının ixtiyarına kifayət qədər vəsait vermək (hikmətinin tələbi olaraq) vacibdir. Əgər O, belə etməzsə, məqsədində nöqsana yol vermiş olar. Halbuki mütləq hikmət sahibindən heç vaxt belə bir iş gözlənilmir.”
Tarix boyunca, Allah-taalanın bəndələrini hidayət edəcək elçilər göndərilib. Deməli, Allah-taala insanlara hədəf təyin etməklə yanaşı onlara o hədəfə çatacaq yolunu da göstərmişdir.
Bəzi islam məzhəblərinin əksinə olaraq, şiələr 124 min peyğəmbərdən sonra yenə də Allah-taalanın yer üzərini İlahi xəlifəsiz qoyduğuna inanmır. Həzrət Əlinin (ə) bu barədə buyurduğu “Nəhcül-bəlağə” də belə qeyd olunmuşdur: “Yer üzü heç vaxt (dinin dayağı olan) ilahi höccətsiz qalmaz. O, aşkara çıxıb tanına, ya da qeybdə məxfi qala da bilər. Səbəbi budur ki, Allahın dəlil və aydın nişanələri aradan getməməli, həmişə yer üzündə mövcud olmalıdır.”
Onların nəzərinə görə, sonuncu peyğəmbər Həzrət Məhəmməd (s) özündən sonra 12 nəfəri öz nəslindən İslam ümmətinə xəlifə və canişin təyin etmişdir. Hətta onların adını belə öz kəlamlarında söyləmişdir. Bu dəstə, öz iddiasını isbat etmək üçün əziz Peyğəmbərdən (s) nəql olunmuş hədislərə arxalanırlar. Həmin hədislərin bir neçəsi bunlardan ibarətdir:
Onlar bəni-İsrail tayfasının (saleh) rəhbərlərinin sayı qədər, on iki nəfərdirlər.
Hamısı Qureyş tayfasındandır.
Onların hamısı bəni-Haşimdəndir.
Onların birincisi Əli (ə) və axırıncısı Məhdidir (ə).
Şiələr bu hədislərə söykənərək Həzrət Məhəmmədin (s) Əhli-beytindən (ə) olan 12 nəfərin davamçısı olmağı özlərinə vacib bilmişlər. Baxmayaraq ki, onların çoxu zahiri hakimiyyətə sahib olmamışlar. İslam Peyğəmbərindən (s) sonra ardıcıl olaraq Əməvilərin və Abbasilərin xəlifəlik dövründə, bu 12 imamların hamısı ilə işgəncə və zülmlə davranılıb. Elə ki, onların bəzilərini gənc və bəzilərini isə orta yaşda şəhid ediblər. Bu 12 imamın hakimiyyətə gəlməməsi uğrunda hər cür cinayətə əl atıblar. Kərbəla hadisəsini buna misal göstərmək olar. Bu işgəncə və cinayətlərə baxmayaraq onlar camaatı gizli və ya aşkar şəkildə düz yola hidayət etməyə çalışıblar. Onların bəziləri ciddi nəzarət altında qalıb, öz tayfası ilə əlaqə saxlaya bilməmişlər. Bu ağır vəziyyətdə, onlar öz dostlarını camaatın lazımı suallarına cavab vermək üçün vəkil təyin edirdilər.
Vəd verilmiş sonuncu İmam hicri qəməri ilinin 255-ci ilində dünyaya gəlmişdir. Onun adı İslam Peyğəmbərinin (s) adındandır (M Ə H A M M Ə D). Həzrət Əli (ə) İmamın Məhdinin (əc) adının mənası barədə belə buyurmuşdur: “Məhdinin adı Məhəmməddir ona Məhdi deyirlər. Çünki Allah-taala onu kimsənin bilmədiyi gizli işlərə tərəf yönəldir (hidayət edir).”
Dövrün xəlifəsi onun kim olduğunu bildiyi üçün onu aradan götürməyə çalışırdı. Çünki, İmam Məhdinin (əc) zühuru barədə olan hədislər çox məşhur olmuşdu. O, gəlincə zalımlarla mübarizə edib ədaləti bərpa edəcək. Bu, onların qəlbinə qorxu salmışdı. Buna görə də, o Həzrəti (ə) şəhid etmək fikrinə düşmüşdülər. Beləliklə də, İmam Məhdi (əc) həmişə gözlərdən uzaq qalmışdır.
Kiçik qeybət (gözlərdən gizli qaldığı kiçik müddət)
Həzrət Məhdi (əc) atası ilə yaşadığı 5 il boyunca, yenə də, gizli şəkildə yaşayırdı. Atası Həzrət Həsən Əsgəri (ə) dünyaya vida etdiyi zaman (260-cı il hicri qəməri tarixi ilə,) Həzrət Məhdinin (əc) kiçik qeybəti başlandı. O, daha çox gözlərdən qeybdə idi. Onun bu qeybəti 69 il uzandı ki, bu zaman O Həzrət (əc), ancaq xüsusi dörd naibi ilə görüşürdü. Onların adı bunlardan ibarətdir: Osman ibn Səid, Məhəmməd ibn Osman, Hüseyn ibn Ruh və Əli ibn Məhəmməd. İmam Məhdi (əc) kiçik qeybətində ancaq adı çəkilən xüsusi naiblərlə görüşür və şiələrə lazım olan tapşırıqları göndərirdi. Onlar da, İmamın (əc) əmrini şiələrinə çatdırır, xüms və zəkatı toplayıb Həzrətin (əc) göstərişilə sahibinə çatdırırdılar. Həqiqətdə, kiçik qeybət böyük qeybət üçün bir hazırlıq idi. Şiələrini gələcək uzun müddətli qeybətə hazırlayırdı.
Böyük qeybət (gözlərdən gizli qaldığı uzun müddət)
Nəhayət, İmamın (əc) böyük qeybəti hicri qəməri ili ilə 329-cu ildə başlandı. O həzrətin (əc) qeybəti qeyd olunan zamandan başlayaraq əsrimizə qədər davam etməkdədir. Bu zaman, şiələr özlərini başsız hiss etməyə başladılar. Öz dini və dünyəvi suallarının cavabını kimdən alsınlar? Kimə müraciət etsinlər ki, qiyamət günü Allah-taala qarşısında itaətsizlərdən hesab olmasınlar? İmamın (əc) bu növ qeybəti çox uzun müddətlidir. Artıq o Həzrət (əc) məlum kəslərlə də əlaqəsi saxlamırdı ki, davamçıları onlara müraciət etsinlər. Amma İmam (əc) insanları başsız qoymadı. Onlara müraciət yolunu da göstərdi.
İmam Məhdi (əc) şiələrini öz qeybəti dövründə kimə müraciət edib və kimə itaət etməsi barədə öz etibarlı şiələrindən olan İshaq ibn Yəquba, Məhəmməd ibn Osmanın vasitəsilə belə bir məktub yazdı.
“Amma o baş verəcək hadisə zamanı (qeybət zamanı), bizim hədislərimizi nəql edənlərə (hədislərimizdə nəzər sahiblərinə) müraciət edin. Həqiqətən də, onlar mənim sizə olan höccətim və mən də Allah-taalanın sizə olan höccətiyəm.”
İmam (əc) bu məktubla şiələrinə demək istəyirdi ki, bizim hədislərimizdə nəzər sahiblərindən etibarlı şəxslərə müraciət edin. Onlar hədislərimi yaxşı dərk edib və şəri hökmləri onlardan ələ gətirməyə qadirdilər. İmam Baqirin (ə) və İmam Sadiqin (ə) səhabələrindən bir çoxları hədis kitabları yazmışlar. Elə o zamanda da, camaat həmin hədislərə əməl edirdilər. Ancaq həmin hədislərdə gələcəkdə baş verəcək hadisələrdən məlumat yox idi. Elə buna görə də, İmam Zaman (əc) hədislərdə nəzər sahiblərinə üz tutulmasını əmr etdi. Çünki, onlar hədisdən necə şəri hökmləri əldə etmək qaydalarını bilirdilər. Beləliklə də, İmamın (əc) davamçıları (bir neçə dəstəni istisna etməklə,) onun göstərişinə əməl etməyə başladılar.
Həzrət Məhdinin (əc) zühuru
Allah-taalanın hikməti belə tələb edib ki, İmam Məhdinin (əc) zühurunun vaxtı gizli qalsın. Məsumlardan (ə) bizə çatan hədislərdə o Həzrətin (əc) qiyamının əlamətləri və onun yaşayış tərzi haqqında məlumatlar verilib. Amma heç bir hədisdə nə zaman qiyam edəcəyi haqqında bir söz deyilməyib. Əksinə, onun zamanını təyin edənləri yalançı adlandırıb.
İslam Peyğəmbəri (s) bu haqda buyurub: “Zühurun vaxtını müəyyən edən kəslər yalan deyirlər.”
Möminlərin vəzifəsi bu dövrdə ancaq intizarda qalmaqdır. Necə ki, hədisdə deyilir: “Ümmətimin ən fəzilətli əməli, zühur intizarı çəkməsidir”. Çünki, bu, bir növ Allah-taalaya, Peyğəmbərə (s) və Məsum imamlara (ə) itaət etmək deməkdir. Demək olar ki, möminlər üçün bir imtahandır. Bu yolla, həqiqi səbir edənlər və itaət edənlər məlum olur. İmam Sadiq (ə) insanların İmam Məhdinin (əc) qeybəti dövründə bu duanı oxumasını məsləhət bilib:
“Ya Allahu, Ya Rəhmanu, Ya Rəhimu, Ya Muqəllibəl qulub, səbbit qəlbi əla dinikə”
Tərcümə: Ey Allah, ey bağışlayan, ey mehriban, ey qəlbləri çevirən mənim qəlbimi öz dininə bağlı elə.
Möminlərin vəzifələrindən biri də budur ki, onlar İmam Zamanın (əc) zühuru üçün özlərini islah etsinlər. Nə qədər ki, Qurani-kərimdə, məsumlardan (ə) nəql olunan hədis və dualarda möminə aid sifətləri özümüzdə hiss etməmişik, bu, islah olmamışıq anlamına gəlir. İmamın (əc) zühur etməsi möminlərdən asılıdır. Əgər İmamın (əc) yetərincə sağlam əməlli dostu və davamçısı olmasa, o Həzərtin (əc) zühuru bir o qədər də gecikəcək. Zühurun mənası budur ki, Onu rəhbər kimi görüb, dediklərinə əməl etməliyik. Əgər İmamın (əc) qeybəti zamanı Allah-taalanın əmirlərinə əməl etmiriksə, zühur etdiyi zaman da, onun göstərişlərinə əməl etməyəcəyik. Çünki, İmamın (əc) sözü elə Allah-taalanın əmirlərini dirçəltməkdən ibarətdir. Buna görə də, bu imtahandan əgər başı uca çıxa bilsək, İmam Zamanında (ə) zühuru zamanı başı uca ola bilərik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər