Yalanların ən böyüyü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-11-2015, 01:40 | Şərh sayı: (0) | Baxılıb: 369
Yalanların ən böyüyü
Əsrlər boyu İslam alimləri bir məsələ barəsində hökm çıxararkən əvvəl Qurana, sonra isə Muhəmməd peyğəmbərin hədislərinə üz tutublar. Beləcə, Qurani-Kərimlə bərabər səhih hədislər də İslam şəriətində mötəbər qaynaq hesab olunmuş, bu səbəbdən də sırf bu elm sahəsi ilə məşğul olan görkəmli hədis alimləri ortaya çıxmışdır. Bu cür alimlər müxtəlif hədisləri cildlər halında toplayaraq bu hədislərin itib-batmamasına və günümüzə qədər gəlim çatmasına nail olmuşlardır. Lakin biz bu gün hədis elmindən yox, əksinə, hədis elminin ən böyük problemlərindən biri - uydurma hədislər haqqında danışacağıq.
Həqiqətən İslamın doğuşundan günümüzə qədər İslam aləmində ən böyük çaxnaşmalar yaratmış problem - uydurma hədis problemidir. Belə bir problemin ortaya çıxmasının ən böyük səbəbi, İslamın ilk dövrlərində Quranın bir kitab halında toplanmasına rəğmən, hədislərin kitab halına salınmaması, uzun müddət yalnız insanların hafizəsində, şifahi şəkildə qorunmuş olmasıdır. Bu da, İslamın düşmənləri tərəfindən istənilən sözün hədis kimi uydurulmasına şərait yaratmışdır. Hələ o zamanlar Əbdulkərim ibn Əbi-l Əvca saxta hədis uydurmaqda ittiham edilərək edam olunarkən "dininizdə halalı haram, haramı halal göstərən min hədis uydurmuşam" demişdi.
Ümumiyyətlə, uydurma hədis nədir və onu səhih hədisdən necə ayırd etmək olar? Bu suala cavab vermək üçün gəlin əvvəlcə hədisin nə olduğuna qısaca toxunaq. Qısaca tərif versək, Hz. Peyğəmbərin mübarək sözləri, işləri və görüb mane olmadığı şeylər hədis adlanır. Hədis praktiki olaraq Muhəmməd peyğəmbərin həyat tərzidir və yerinə görə ya Qurani-Kərimin gətirdiyi hökmləri dəstəkləyir, ya onları şərh edir, ya da Quranın ümumiyyətlə toxunmadığı mövzularda hökmlər qoyur. Hədis iki hissədən ibarət olur: Hədisi rəvayət edəndən Rəsulullaha qədər olan ravilər zəncirini göstərən sənəd və rəvayətin hədis hissəsi olan mətn. Hədis uydurularkən də bu iki hissədən birində saxtakarlığa yol verirlər.
Bir görüşə görə hələ Peyğəmbərin dövründə, başqa bir görüşə görə isə Xəlifə Osmanın qətlindən sonra ortaya çıxmış hədis uydurma fəaliyyətlərinin müxtəlif səbəbləri olmuşdur. Bəziləri hansısa bir qrupun görüşünü müdafiə etmək üçün, bəziləri şəxsi mənfəət əldə etmək üçün, bəziləri isə İslama olan düşmənçilikləri səbəbilə saxta hədis uydurmağa başlamışlardır. Lakin uydurma hədislərin yaranmasına yol açan bir səbəb də var və çöx təəssüflə də olsa bildirməliyik ki, bu, İslama xidmət etmək arzusudur. Bəli, İslama xidmət etmək arzusu. Ürək ağrısı ilə bildirməliyik ki, hətta günümüzdə də bu cür arzuyla bir çox din xadimləri saxta hədislər söyləməkdə, bununla sanki İslama "humanistlik" gətirməkdədirlər. Belə bir yolla uydurulmuş hədislərə misal olaraq, "Bir saat elm oxumaq altmış illik ibadətdən daha xeyirlidir" kəlməsini göstərmək olar. Belə uydurmaları ortaya atanlar yəqin ki, Hz. Peyğəmbərin "Özündən uydurduğu bir sözü hədis olaraq söyləyən şəxs cəhənnəmdə əzab görəcəkdir" deyə buyurduğunu eşitməmiş, eşitsə də qulaqardına vurmağı üstün tutmuşdur.
Böyük hədis alimi Muhəmməd Xadimi öz kitabında qeyd edir ki, hədisi səhih və ya şübhəli olduğunu bilmədən söyləmək, hədis səhih olsa belə günahdır. Bu cür şəxsin hədis söyləməsi caiz deyildir. Hədis kitablarından hədis nəql etmək üçün hədis alimlərindən icazə (diplom) almalıdır.
Lakin günümüzdə istər yas mərasimlərində, istərsə də mətbuatda bəzi üzdəniraq din xadimləri iddialarını sübuta yetirmək üçün hədis söylərkən nəinki hədis alimlərindən icazə almaq, heç hədisin hansı mötəbər kitabda keçdiyini, kim tərəfindən rəvayət olunduğunu zikr etməyi də lazım bilmir. İslamı düzgün başa düşməyə mane olan bu cür uydurma hədislərin dinin təhrif edilməsi, məzhəblərarası iğtişaşlara yol açma, insanları dindən soyutma kimi çox ciddi zərərləri vardır.
Yazının bu yerində belə uydurma hədislərə bir neçə misal vermək yerinə düşərdi. Belə uydurma hədisin biri, hətta bəzi kitablara belə yol tapmağı bacarmış bu cəfəngiyyatdır: "Yaşıl rəngə və gözəl qadına baxmaq görmə qabiliyyətini artırır". Bu absurd kəliməni yəqin ki, təhlil etməyə ehtiyac da yoxdur. Başqa belə bir cəfəngiyyat kitablara yol tapa bilməsə də, xüsusilə içkiyə aludə olmuş insanlar arasında çox məşhurdur. İçki içən bir çox insanlar öz günah əməllərinə haqq qazandırmaq üçün belə bir əhvalat nəql edirlər: "Bir gün Peyğəmbər oturub içki içən bir neçə insanın yanından keçərkən onların mehriban şəkildə yeyib-içdiklərini görüb ''halalınız olsun'' deyir. Daha sonra oradan qayıdarkən həmin insanların içkinin təsirindən mübahisə edərək dalaşdığını görmüş, məhz bu səbəbdən də ''haram olsun'' demişdir".
Gördüyünüz kimi, bu cür içki aludəsi olmuş insanlar öz günah əməllərinə haqq qazandırmaq üçün Peyğəmbərə böhtan atmaqdan belə çəkinmirlər. Bu cür insanlar bilməlidirlər ki, peyğəmbər adına yalan uydurmaq ən böyük günahlardandır. Çünki, yalan onsuz da günahdır, onda da ola peyğəmbər adına ola. Peyğəmbərin "Kim mənə nisbət edərək yalan uydursa, cəhənnəmdəki yerinə hazırlaşsın" mənasındakı hədisi bunu bir daha təsdiq edir.
Sonda bir daha üzümüzü bütün din xadimlərinə tutub bu məsələdə ehtiyatlı olmalarını, hədis rəvayət edərkən sənədini və götürüldüyü qaynağı qeyd etmələrini xahiş edirik. Gündəlik həyatımızda rast gəldiyimiz hədislərin uydurma olub-olmadığını isə müxtəlif meyarlardan təhlil edərək ortaya qoymaq olar. Belə ki, hədis deyə ortaya atılmış sözün qrammatik cəhətdən yanlış olması, o sözün uydurma olduğunun ilk və ən bariz nümunəsidir. Çünki, Hz. Peyğəmbər ərəblərin ən gözəl danışanı olmuşdur. Bundan başqa, Quran və səhih sünnəylə təzad təşkil etməsi, ağıl, hiss, müşahidə və tarixi faktlarla uyuşmaması bu cür uydurma hədislərin əsas əlamətləridir və onların tanınmasında bu cür meyarlardan istifadə etmək olar.
Nəticə olaraq, bu cür xoşagəlməz hədis uydurma fəaliyyətinin içində biz müsəlmanlar üçün qürurverici bir incəliyə diqqətinizi çəkmək istəyirik. Hər kəsə məlumdur ki, istənilən halda yalnız qiymətli şeylərin saxtası düzəldilir. Buradan da belə aydın olur ki, kim tərəfindən uydurulmasından asılı olmayaraq, saxtasının düzəldilməsi hədisin hətta İslam düşmənləri arasında da nə qədər qiymətli olduğunu göstərir. Bizə düşən isə yalnız ustalıqla hərəkət edib saxtanı oricinaldan ayırd etmək qalır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər