Cəng mesajı: "Müharibənin yenidən alovlanması təhlükəsi yaranıb" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-04-2016, 15:20 | Şərh sayı: (0) | Baxılıb: 363
Cəng mesajı: "Müharibənin yenidən alovlanması təhlükəsi yaranıb"
Ermənistan təcavüzkar siyasətindən əl çəkmək, Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq niyyətində deyil.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
Onun sözlərinə görə, son günlər erməni silahlı qüvvələri tərəfindən cəbhə bölgəsində atəşkəs rejminin ciddi şəkildə pozulması bir daha göstərir ki, Sarkisyan rejimi münaqişənin dinc yolla həll olunmasını istəmir, danışıqlar posesinin bərpa olunmasından imtina edir: "Aprelin 2-dən 5-nə qədər bütün cəbhə boyu Azərbaycan Ordusu tərəfindən acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan silahlı birləşmələri nəyin bahasına olursa-olsun qisas almaq istəyir. Ermənistan rəhbərliyi açıq-aşkar bəyan edir ki, işğal olunmuş torpaqları qaytarmaq niyyətləri yoxdur. Artıq müharibənin yenidən alovlanması təhlükəsi yaranıb".
R.Əliyev qeyd edib ki, KİV-də yayılan məlumatlarda bildirilir ki, cəbhədəki məğlubiyyətə görə erməni ictimaiyyəti tərəfindən ciddi tənqidlərə məruz qalan prezident Serj Sarqsyan Ermənistan Müdafiə Nazirliyinin bir neçə yüksək vəzifəli şəxsini ordudan kənarlaşdırıb. Hərbi rəhbərlik 4 günlük müharibədə məğlubiyyətdə ittiham olunur. Eyni zamanda, ölkə rəhbərliyi tərəfindən Ermənistanda antihökumət mitinqləri təşkil olunur. Ermənistan rəhbərliyinin bu manipulyasiyaları göstərir ki, bu rəhbərlik hakimiyyətdən əl çəkmək, işğal olunmuş torpaqları geri qaytarmaq istəmir.
Millət vəkilinin fikrincə, atəşkəsin ermənilər tərəfindən bu günlərdə ciddi şəkildə pozulmasının bir səbəbi də beynəlxalq ictimaiyyətin diqqətini Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumundan yayındırmaq olub: "Düşmənin bu niyyəti də baş tutmadı. Dünyanın 147 xarici ölkəsini təmsil edən nümayəndələrin iştirak etdiyi Forum öz işini yüksək səviyyədə keçirdi və bu günlərdə bütün dünyanın diqqəti Bakıya yönəldi. Sual olunur: yaranmış vəziyyətdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ, Rusiya və Fransanın dövlət başçıları, BMT-nin Təhlükəsizlik Şurası nəyi gözləyir? Artıq təcavüzkarı öz adı ilə adlandırmağın və yerinə oturtmağın vaxtı çoxdan çatıb".
Ona görə də Komitə sədrinin müavini bununla bağlı xüsusən BMT-ni təcili tədbirlər görməyə çağırıb: "Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar BMT-nin dörd məlum qətnaməsinin qəbul edilməsindən 20 ildən çox vaxt keçib. Ermənistan bu qətnamələrə tüpürmək belə istəmir.
Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun açılış mərasimindəki çıxışında beynəlxalq ictimaiyyəti təcavüzkarın beynəlxalq normalara əməl olunmasına məcbur etməyə çağırdı. Təcavüzkarı beynəlxalq normalara əməl etməyə, işğal etdiyi torpaqları boşaltmağa məcbur etmək üçün həm BMT-nin, həm də yuxarıda qeyd olunan dünyanın ən nüfuzlu dövlətlərinin ixtiyarında cəzalandırma mexanizmləri mövcuddur. Niyə bu mexanizmlər işə salınmır?! Bunu heç cür başa düşmək olmur. Ermənistanı sülh prosesinə cəlb etməyin, Azərbaycanın işğal altıdakı torpaqlarının geri qaytarılmasının əsas yolu işğalçı dövlətə qarşı hazırda mövcud olan bütün siyasi, iqtisadi sanksiyaların tətbiq olunmasıdır. Münaqişənin dinc yolla həlli yalnız bu yolla mümkündür.
Azərbaycan tərəfi həmişə olduğu kimi indi də münaqişənin danışıqlar yolu ilə həll olunmasını istəyir. Hal-hazırda bütün dünya ictimaiyyəti də münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Ümid edirik ki, tezliklə danışıqlar prosesi bərpa olunacaq və münaqişənin sülh yolu ilə həll olunması üçün ciddi addımlar atılacaq".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər